Şriftin ölçüsü:
22.06.2012 02:12 | Oxunma sayı: 1051
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında "Dəmyə bölgələrdə yeni taxıl sortlarının sınağı və toxumçuluğunun təşkili"nə həsr edilmiş zona müşavirəsi keçirmişdir.
11 rayonun bitki mühafizə mərkəzləri, dövlət toxum müfəttişliyinin rayon şöbələri rəislərinin, özəl toxumçuluq təsərrüfatları rəhbərlərinin, "Aqrolizinq" ASC rayon filiallarının müdirlərinin iştirak etdikləri müşavirədə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev "Rayonlaşmış sortların toxumçuluğunun təşkili", Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai "Abiotik stresslərə davamlı yeni buğda sortlarının yaradılması" məsələləri barədə geniş məlumat vermiş, tarla əkinlərinə baxış keçirilmişdir.
Müşavirədə Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, cari ilin məhsulu üçün bölgə təcrübə stansiyasında 220 hektarda taxıl əkilmişdir. Bundan 205 hektarı toxumçuluq, 15 hektarı isə təcrübə sahəsidir. Bu mövsümdə 350 ton toxumluq məhsul gözlənilir.
Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevin qeyri-neft sektorunun, onun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan, bu sahədə qarşıda duran prioritet məsələlərdən danışmışdır. Bugünkü tədbirin məqsədlərindən bəhs edən nazir dəmyə bölgələrdə torpaqdan səmərəli istifadəni təşkil etməklə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının ən ümdə vəzifələrdən olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bunun üçün taxılçılıqda biotik və abiotik faktorlara davamlı yeni sortların yaradılması, onların toxumçuluğunun təşkili və yayılması istiqamətlərində ardıcıl iş aparılmalıdır. Habelə taxıl istehsalı üçün məlum olan ən səmərəli becərmə aqrotexnikasından, gübrələmə sistemlərindən və bitki mühafizəsi tədbirlərindən istifadə olunmalıdır. Bu məsələlərlə əlaqədar hələ çox işlər, xüsusilə maarifləndirmə işləri aparılmalıdır.
Ötən il respublikamızda 950,2 min hektar taxıl sahəsindən orta məhsuldarlığın 25,2 sentner təşkil etdiyini deyən nazir bildirmişdir ki, bununla kifayətlənmək olmaz. Halbuki taxılçılıq üçün lazım olan 50-dək aqrotexniki tədbirin ən zəruri 17-18-i yerinə yetirilərsə məhsuldarlıq 35 sentnerdən yüksək olar. Bu, təkcə taxılçılıqla məşğul olan mütəxəssislərin deyil, həm də hər bir torpaq mülkiyyətçisinin ümdə vəzifəsidir.
Nazir demişdir ki, respublika üzrə məhsuldarlığın hələlik orta hesabla 35 sentnerə çatdırılması ölkəmizin bu məhsula olan tələbatını tam ödəməyə imkan verərdi. Nəzərə alsaq ki, bu gün Biləsuvarda, eləcə də bir sıra digər bölgələrdə bəzi fermerlər hər hektardan orta hesabla 52-53 sentner məhsul əldə edirlər, bu, hamını düşündürməlidir. Məlumdur ki, bu sahədə dövlət hər cür lazımı köməklik göstərir, lakin çoxları hələ taxılçılığa primitiv, qayğısız münasibət nümayiş etdirirlər.
Müşavirdə yeni, məhsuldar taxıl sortları və onların perspektivləri barədə də ətraflı məlumat verilmişdir. Artıq ikinci ildir ki, geniş istifadə edilən, bu gün respublikamızda əkin sahəsinin 15 min hektara çatdırıldığı "Qobustan" buğda sortunun quraqlığa və xəstəliklərə davamlı olmaqla yüksək keyfiyyətlərindən bəhs edilmişdir.
Müşavirədə mühüm strateji məhsul olan taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan səmərəli istifadə edilməsinin, bu zaman növbəli əkin sisteminin üstünlüklərindən də geniş söhbət açılmışdır. Bildirilmişdir ki, orta və dağlıq bölgələrdə noxud, xaşa, dağlıq ərazilərdə isə vələmir və qarabaşaq bu baxımdan çox faydalıdır.
İştirakçılar təcrübə stansiyasında yeni salınmış qarabaşaq sahəsinə baxmışlar. Bu gün bazarlarda qarabaşağa yüksək tələbat olduğunu diqqətə çatdıran mütəxəssislər onun istehsalının artırılması perspektivlərindən bəhs etmişlər. Eyni zamanda göstərilmişdir ki, bu bitkinin daha yaxşı tozlanması üçün arıçılıq təsərrüfatı ilə birlikdə inkişafı daha məqsədəuyğundur.
Müşavirə iştirakçıları, həmçinin Qobustanda özəl toxumçuluq təsərrüfatında da olmuşlar.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.