Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn tamhüquqlu üzvü kimi regionda və dünyada gedən proseslərin fəal iştirakçısına çevrilmişdir. Müstəqiliyimizin ilk illərində ölkədə yaranmış anarxiya, xaos və özbaşınalıq Azərbaycanı parçalanmaq həddinə çatdırmışdı. Xalqın təkidli tələbindən sonra ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanda həyat tədricən öz axarına düşdü. Davamlı ictimai-siyasi sabitlik təmin edildi, beynəlxalq təşkilatlarla əlaqələr yaradıldı və Azərbaycan dünya birliyinə inteqrasiya yoluna qədəm qoydu. Bundan sonra qəbul olunan qanunlar Avropa və dünya standarlarına uyğunlaşdırıldı.
1995-ci ilin noyabrında ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası demokratik dövlətlərin təcrübəsinə uyğun şəkildə hazırlanıb ümumxalq səsverməsi ilə qəbul olundu. Dünyanın tanınmış beynəlxalq təşkilatları və nüfuzlu hüquq ekspertləri Azərbaycan Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə demokratik dövlət və açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yarandığını bildirdilər. Konstitusiyanın qəbulu ilə Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı.
Müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlar davam etdirildi. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarət idi. Bu istiqamətdə atılan mühüm addımlardan biri dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. Həmin qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. "Dövlət qulluğu haqında" Qanunda dövlət qulluğunun əsas vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi, dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir. Qanunun 27-ci maddəsi vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsipilə bağlıdır. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır. Bu maddə ilə Azərbaycanda dövlət qulluğuna qəbulda diskriminasiyanın hər hansı bir formada üzə çıxmasının qətiyyətlə qarşısı alınmışdır.
Hər bir dövlət qulluqçusu ilk növbədə dövlətin aynasıdır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində qeyd edilir ki, dövlət qulluqçusu maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maaş isə yalnız dövlət büdcəsi vəsaitindən ödənilə bilər. Eyni zamanda, qanunda vurğulanır ki, inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularının qarşısına çox çətin, lakin şərəfli vəzifə qoyulduğunu diqqətə çatdıraraq demişdir: "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir."
Dövlət qulluqçusunun öz işinə münasibəti ölkə vətəndaşlarının dövlət idaretmə orqanlarına münasibətini formalaşdıran əsas amildir. Buna görə də, dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə gənc nəslə örnək olmaq dövlət qulluqçusuna nə qədər şərəf gətirirsə, onu mənəvi cəhətdən nə qədər zənginləşdirirsə, bir o qədər də, üzərinə məsuliyyət qoyur.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu yeni ictimai münasibətlər sahəsini tənzimlədiyindən qanunun tətbiqi zamanı bir sıra problemlər meydana çıxmışdır. Bu problemlərin əksəriyyəti dövlət qulluğu sahəsinə məsul olan müvafiq icra orqanının mövcud olmamağından irəli gəlirdi. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.
Komissiyanın əsas məqsədləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu məqsədlərin həyata keçirilməsi ilə əlaqədar komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır, bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirir. Komissiya eləcə də, dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü 28.1-ci və 28.2-ci maddələrinə müvafiq olaraq mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirir, ondan səmərəli istifadə olunmasını təmin edir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə komissiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirir.
Ümumiyyətlə, dövlət qulluğunun meydana gəlməsinə, onun yaranma tarixinə nəzər salsaq məlum olar ki, Qərbdə dövlət qulluğu və dövlət idarəçilik ənənələrinin inkişafı Roma imperiyası ilə, Şərqdə isə Çinlə bağlıdır. Dövlət qulluğunun təkamül prosesi müəyyən tarixi mərhələlər keçərək müasir forma halını almışdır. Dövlət qulluğunun yaranma tarixi Çindən başlayır. Dövlət qulluqçusu vəzifəsinə seçim tarixdə ilk dəfə olaraq məhz bu ölkədə Han sülaləsi dövründə (e.ə. 206 - 220) olmuşdur. Bu hadisə Şərqdə dövlət qulluğunun əsasını qoymuşdur. Qərbdə isə dövlət qulluqçularının qabiliyyətinə görə seçilməsi yalnız feodal quruluşunun dağılması və milli dövlətlərin yaranması dövrünə təsadüf etmişdir. XVII əsrdə Prussiyada ilk dəfə müsabiqəyə əsaslanan dövlət qulluğuna seçim sistemindən istifadə edilmişdir. Məhz bu, Fransada XIX əsrin əvvəllərində Napoleonun islahatlarının əsasını təşkil etmişdir. İngilisdilli ölkələrdə isə dövlət qulluğuna qəbulla bağlı qaydalar xeyli sonra yaranmışdır. Eramızdan əvvəl başlayaraq, müasir vaxta qədər olan dövr ərzində dövlət qulluğunun məqsədləri, vəzifələri, funksiyaları, prinsipləri yaradılmış və daha da inkişaf etmişdir. Dövlət qulluğunun təkamül prosesi müəyyən tarixi mərhələlər keçərək müasir forma halını almışdır. Dövlət qulluğunun prinsipləri ayrı-ayrı dünya ölkələrində müxtəlif dövrlərdə fərqli olmuşdur.
Qeyd etdiyimiz kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət qulluğunun yardılması istiqamətində qətiyyətli addımlar atıldı və bu sahədə beynəlxalq standartlara cavab verən qanun qəbul olundu. Ümummilli liderin 1969-cu ildə dövlətin ali rəhbərliyinə gəlişi ilə kadr siyasətində həyata keçirdiyi tədbirlərin milli dövlətçilik baxımından olduqca önəmli olması bu gün də özünü büruzə verir. Dünya şöhrətli tədqiqatçılar da bunu xüsusi olaraq qeyd ediblər. Məsələn, tanınmış Amerika tədqiqatçısı Tadeuş Sveatoxovski "Russkoe pravleniye, modernizatorskiye elitı i stanovleniye natsionalnoy identiçnosti v Azerbaydjane" əsərində yazır: "Ziyalı təbəqəsinin ruslaşdırılması prosesinin inkişaf etməsinə baxmayaraq, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 1969-cu ildə milli nomenklaturanın birləşməsi baş verir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi kimi Heydər Əliyev yüksək idarəetmə postlarına etnik azərbaycanlıları çəkməklə, yenidən milliləşdirmə siyasətinə qayıtdı".
Hər hansı bir dövlət xadiminin iki ictimai-siyasi quruluşda hər hansı bir dövlətə rəhbərlik etməsi tarixdə nadir hadisə kimi qiymətləndirilir. Müdrik şəxsiyyət Heydər Əliyev o siyasi və dövlət xadimlərindəndir ki, iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmişdir. Ulu öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə dövlət qulluğu sahəsində apardığı siyasət "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun da qəbul olunması ilə nəticələndi.
Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır. Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti-dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaq, ictimai institutlara maksimal dərəcədə idarəetmə funksiyalarını ötürməkdir. Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə olduğu kimi, ölkəmizin müstəqilliyi dövründə də ümummilli lider Heydər Əliyev milli kadrların yetişdirilməsinə xüsusi önəm vermiş, gənc nəslin dövlət orqanlarında daha çox təmsil olunması istiqamətində böyük işlər görmüşdür.
Ümummilli liderin dövlət qulluğu sahəsində qurduğu siyasət bu gün də uğurla davam etdirilir, dövlət qulluqçularına və onların xidmətinə yüksək qiymət verilir. Bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli "Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında" sərəncamı xüsusi olaraq qeyd edilməlidir. Bu gün hər bir dövlət qulluqçusu öz işində ümummilli liderin həyat və fəaliyyətini örnək kimi qəbul edir və şərəfli "dövlət qulluqçusu" adını qürurla daşıyır.
Ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində gördüyü işlər ulu öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən məntiqli şəkildə davam etdirilir. Dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində "Dövlət qulluğu haqqında" Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Eyni zamanda, bu sahədə yeni qanunların işlənib hazırlanmasına və qəbuluna tələbat yarandığından ölkənin milli qanunverici orqanı tərəfindən 31 may 2007-ci il tarixində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanun qəbul edilmişdir. Qanunun ikinci fəslinə uyğun olaraq, dövlət qulluqçusu səlahiyyətlərini yerinə yetirən zaman vicdanlı, məsuliyyətli olmalı, insanların hüququna, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalıdır.
Son dövrlər beynəlxalq hüquq normalarına uyğunlaşdırılmış qanunların qəbul edilməsi ölkəmizin nüfuzunu daha da artırmış, onu dünyanın inkişaf etmiş demokratik ölkələri səviyyəsinə yüksəltmişdir.
{nl}
Əyyub KƏRİMLİ, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rəhbər kadrların ixtisasının artırılması fakültəsinin əməkdaşı
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.