Qanunsuz tikililərlə mübarizə gücləndirilir

Ev tikdirmək, mənzil şəraitini yaxşılaşdırmaq və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lazımi obyekt inşa etdirmək hər bir vətəndaşın müstəsna hüququdur. Amma bir şərtlə. Bütün bu işləri görmək üçün hər şeydən öncə gərək mövcud qanunların və tikinti normalarının tələbləri pozulmasın, ən başlıcası isə həmin evlər və ya obyektlər qanunla qadağan olunmuş ərazilərdə inşa olunmasın.
Amma əfsuslar olsun ki, son illər paytaxt Bakıda və ətraf ərazilərdə həmçinin Abşeron yarımadasında eləcə də ölkənin bir çox rayonlarında bu sahədə ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, son zamanlar yüksək gərginlikli elektrik xətlərinin, magistral neft, qaz və su kəmərlərinin, dövlət əhəmiyyətli, tranzit avtomobil və dəmir yollarının mühafizə zolaqlarında çoxsaylı yaşayış evləri və ictimai-iaşə obyektləri inşa olunmuşdur. Hətta iş o yerə gətirib ki, bəzən vətəndaş və ya səlahiyyət həddini aşan vəzifəli şəxs həmin obyektlərin yüksək gərginlikli elektrik xətlərinin, yaxud da magistral neft, qaz və su borularının üstündə inşa edilməsinin fərqinə belə varmaq istəmirlər. Bu da son nəticədə dövlətin enerji təhlükəsizliyinə, kommunal sektora, elə həmin ərazidə ev-eşik quran vətəndaşın, onun ailə üzvlərinin həyatına təhdid və təhlükədir. Təsadüfi deyil ki, mayın 7-də keçirilmiş müşavirədə Prezident İlham Əliyev bununla bağlı narahatlığını ifadə edərək demişdir: "...Yerli icra orqanları harada gəldi, kimə gəldi torpaq sahələri ayırırlar və vətəndaşlar orada evlər tikirlər. O evlər orada yaşayanlar üçün təhlükə mənbəyidir. Çünki yüksək gərginlikli xətlərin altında tikilmiş evlər insanların sağlamlığına çox böyük ziyandır. Eyni zamanda, operativ təmir-tikinti işlərinin aparılması üçün bizə problem yaradır... Qanunsuz sərəncamları verən şəxslər müəyyən edilməlidir, onlara qarşı tədbirlər görülməlidir. Baxmayaraq ki, indi onlar vəzifədədir, yoxsa vəzifədən uzaqlaşdırılıblar və mənə tezliklə məlumat verilməlidir".
Doğrudan da, ölkə üçün çox ciddi problemə və əlavə yükə çevrilmiş sözügedən məsələnin ictimai və sosial mahiyyəti getdikcə böyük aktuallıq kəsb etməyə başlamışdır. Hər şeydən əvvəl, qanunsuz tikililər ayrı-ayrı təsərrüfat subyektlərində baş verən qəza hallarının aradan qaldırılmasına və ya kommunikasiya xətlərinin dəyişdirilməsinə, həmçinin lazımi təmir-bərpa işlərinin aparılmasına ciddi əngəl törədir. Məlum olduğu kimi cari ilin fevral ayında güclü küləyin və çovğunun təsirindən qırılıb yerə tökülmüş elektrik naqillərinin, yıxılmış dirəklərin bərpası, qəza hallarının aradan qaldırılması zamanı "Azərenerji" ASC-nin ağır texnikası və əməkdaşları əraziyə daxil olmaqda, lazımi təmir-bərpa işlərinin aparılmasında çox ciddi çətinliklərlə və maneələrlə üzləşdilər. Bununla da bir daha sübut olundu ki, qanunsuz tikililər qəza hallarının aradan qaldırılmasına, təmir və yenidənqurma işlərinin aparılmasına imkan vermir. Məhz buna görə də hökumət tərəfindən yüksək gərginlikli elektrik xətlərinin, neft, qaz və su kəmərlərinin mühafizə zolaqlarında, eləcə də avtomobil və dəmir yollarının yaxınlığında yerləşən qanunsuz tikililərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün komissiya yaradılmışdır. Ötən müddətdə aidiyyətı qurumların və yerli icra hakimiyyətlərinin nümayəndələri tərəfindən qadağan olunmuş ərazilərdə inşa olunmuş fərdi yaşayış evləri və ictimai-iaşə obyektlərinin siyahısı dəqiqləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən aldığımız məlumata görə, şirkət Bakı şəhərində və Abşeron yarımadasındakı mədən ərazilərində, magistral neft və qaz, habelə rayondaxili qaz kəmərlərinin üzərində inşa olunmuş qeyri-qanuni tikililərlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Belə ki, ən kiçik ehtiyatsızlıq və xətalar belə qeyd olunan ərazilərdə istər ictimai asayişin, istərsə də istehsalat proseslərinin pozulmasına, sənayenin neft məhsulları və əhalinin təbii qazla təhlükəsiz təminatında fasilələrə, ixrac neft öhdəliklərinin yerinə yetirilməsində çətinliklərə, qəzaların vaxtında aradan qaldırılmamasına və s. gətirib çıxara bilər. Aparılmış araşdırmalara görə, hazırda paytaxtda, eləcə də ətraf kənd və qəsəbələrdə qaz kəmərləri üzərində və mühafizə zolaqlarında ümumilikdə 3 mindən artıq tikili var. Binəqədi rayonunda və bəzi digər yerlərdə hətta yaşayış evlərinin divarları belə qaz kəmərlərinin üzərindədir. Bakı şəhərinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr çərçivəsində bəzi kəmərlərin evlərdən uzaqlaşdırılması həyata keçirilsə də, hazırda bu faktlarla bağlı yenidən dəqiqləşdirmələr aparılır.
"Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli Qanununun və bu sazişin tərkib hissəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli qərarına əsasən dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahələrinin zəbt edilməsi, qanunsuz özgəninkiləşdirilməsi və qüvvədə olan qərarların yerli bələdiyyə və icra orqanları, bəzi hallarda da mərkəzi icra hakimiyyəti orqanları tərəfindən pozulması haqqında ARDNŞ tərəfindən aidiyyətı təşkilatlara kifayət qədər müraciətlər edilib. Belə ki, qeyri qanuni yolla gəlir əldə edənlərə "hüquqi baza" yaradan bəzi bələdiyyələr ARDNŞ-in balansında olan torpaq sahələrinin satılmasını reallaşdırıblar. Bələdiyyələrin bəzi hallarda bir neçə mərkəzi icra hakimiyyəti orqanlarının dəstəyi ilə verdikləri qanunsuz sərəncamlara əsasən, həmin torpaqlarda fərdi evlər tikilib. Bu isə ARDNŞ-ə və podratçı tərəflərə həmin ərazilərdə neft-qaz əməliyyatlarının aparılmasını, yeni quyuların qazılmasını, infrastrukturun istismara yararlı vəziyyətdə saxlanmasını, həmçinin onlara xidmət edilməsini çətinləşdirir. Bu da öz növbəsində istehsalatın iflic vəziyyətə düşməsinə səbəb olur.
Hazırda qeyd edilən saziş sahəsində 12 milyon ton çıxarıla bilən neft ehtiyatı olduğu halda, bu ehtiyatların 5 milyon tonu zəbt olunmuş mədən sahələrində qeyri-qanuni aparılmış tikililərin altındadır. Bu da həmin ərazilərdə hasilata imkan vermir. Bununla bağlı əməliyyat şirkəti podratçı tərəflərin hüquqlarını təmin etmək üçün dəfələrlə məhkəmə iddiaları qaldırıb. Ad çəkilən saziş çərçivəsində ARDNŞ-in daimi istifadəsində olan torpaqlar kateqoriyasına aid olan ərazidən 21 hektardan artıq torpaq sahəsi Binəqədi rayonu Biləcəri bələdiyyəsi tərəfindən qeyri-qanuni olaraq vətəndaşlara satılıb. Həmin ərazilərdə qanunsuz evlər tikilib və tikilməkdə davam edir. Təəssüflə qeyd etmək lazım gəlir ki, başqa əməliyyat şirkətlərinin və birgə müəssisələrin fəaliyyət göstərdiyi saziş sahələrində də analoji vəziyyətə rast gəlinir. Bu isə Milli Məclisdə ratifikasiya olunmuş və qanun statusunu almış hasilatın pay bölgüsü sazişlərinin tam gücü ilə fəaliyyət göstərməsinə maneçilik törədən əsas səbəblərdən biri kimi istər Azərbaycan dövlətini həmin sazişdə təmsil edən ARDNŞ-i, istərsə də xarici tərəfdaşları qane edə bilməz.
Bu günə qədər ARDNŞ mədən torpaqları və magistral neft və qaz kəmərlərinin mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərlə bağlı məhkəmələrə mindən artıq iddia ərizəsi ilə müraciət edib. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə də dəfələrlə müraciət edilib. Müxtəlif ərazilər üzrə komissiyalar yaradılmasına, ARDNŞ-in Təhlükəsizlik İdarəsi və müvafiq yerli icra hakimiyyəti strukturları tərəfindən nəzarətin gücləndirilməsinə və məqsədyönlü işlərin aparılmasına baxmayaraq, qanunsuz zəbt olunmuş mədən torpaqlarında, habelə strateji əhəmiyyətli neft-qaz obyektlərinin mühafizə zolaqlarında "gecəqondu"ların tikintisi prosesləri bu gün də davam etdirilir.
Son illərdə Azərbaycan dövlətinin ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi kompleks tədbirlər nəticəsində əldə edilən uğurlar göz önündədir. Uğurlu neft strategiyası Azərbaycanı dünyada tanıtmaqla yanaşı, neftdən əldə olunan gəlirlər respublika daxilində sosial rifah halının yüksəlməsinə yönəldilir. Bütün bunlara baxmayaraq, göstərilən hallar ümumi işə kölgə salır.
Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 30 avqust 2007-ci il tarixli fərmanına əsasən neft və qaz kəmərlərinin keçdiyi sahələrdə, həmçinin mədən ərazilərində yaşayış evlərinin və digər obyektlərin tikintisi qadağan olunmuşdur. Çünki bu, ilk növbədə, həmin ərazilərdə yaşayan insanların təhlükəsizliyi və sağlamlığı baxımından olduqca vacibdir. Digər tərəfdən isə qadağan olunmuş ərazilərdə inşa edilmiş evlər dövlət əhəmiyyətli kommunikasiya xətlərinin təmir və bərpasında, infrastrukturun təkmilləşdirilməsində, eləcə də yolların genişləndirilməsində ciddi çətinliklərə səbəb olur. Məhz buna görə də ölkə Prezidenti İlham Əliyev qanunsuz tikililərə kompleks şəkildə yanaşılması, belə tikililərin yığışdırılması və insanlara lazımi səviyyədə kompensasiya ödənilməsi ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlarını vermişdir.{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında