Şriftin ölçüsü:
18.06.2012 00:03 | Oxunma sayı: 495
Xəbər verdiyimiz kimi, Əfqanıstan İslam Respublikası İnzibati İslahatlar və Dövlət Qulluğu üzrə Komissiyasının nümayəndə heyəti Azərbaycan Respublikasında aparılmış dövlət idarəetmə islahatları təcrübəsi ilə tanış olmaq və bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün ölkəmizdə səfərdə olmuşdur. Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Əfqanıstan nümayənədəliyinin bu ölkə hökuməti ilə birgə həyata keçirdiyi "Milli institusional quruculuq" layihəsi çərçivəsində təşkil olunmuş bu tədbir dost ölkədən gəlmiş qonaqlar üçün təəssürat baxımından zəngin və faydalı olmuşdur.
Qrup Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının fəaliyyəti ilə ətraflı tanış olmuş, ölkəmizdə dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, qarşıda duran məqsəd və vəzifələr barədə geniş məlumat əldə etmişdir. İqtisadi İnkişaf Nazirliyində, biznes qurumlarında və qabaqcıl idarəetmə məsələləri ilə məşğul olan digər qurumlarda da olmuş əfqan qonaqlar layihədə nəzərdə tutulmuş mövzular üzrə təcrübə toplamışlar.
Nümayəndə heyətinin rəhbəri, Əfqanıstan İslam Respublikası İnzibati İslahatlar Katibliyinin baş direktoru Sayed Zabiullah Savayzi səfərin yekununda qəzetimiz üçün müsahibəsində bildirdi:
- Səfərimiz böyük uğurla keçdi. Dost Azərbaycanın inzibati islahatlar və dövlət qulluğu məsələləri üzrə qazandığı təcrübə BMT-nin İnkişaf Proqramının diqqətini cəlb etdiyinə və Əfqanıstanda bu sahədə həyata keçirilən islahatların gedişində faydalı olacağına görə bizim qurum üçün belə bir layihə təklif olunmuşdu. Ölkəmiz də Azərbaycanın müstəqil dövlət quruculuğu sahəsində qazandığı uğurlara və qabaqcıl dünya təcrübəsindən bacarıqla yararlanmasına böyük diqqət göstərir. Ötən ilin dekabrında Əfqanıstanın Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası sədrinin müavini Rohulla Osmaninin Azərbaycana səfəri və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilovla görüşü zamanı indiki təcrübə mübadiləsi proqramı razılaşdırılmışdı.
Səfər zamanı bir daha əmin olduq ki, müstəqillik qazanmış və yeni inkişaf yoluna çıxmış ölkələr üçün nüfuzlu və bacarıqlı liderlər, yüksək idarəetmə qabiliyyəti olan dövlət qulluqçuları nə qədər əhəmiyyətli rol oynayırlar. Azərbaycan indiki sürətli inkişafa çatmaqda bu amildən lazımi qədər faydalanmışdır. Xalqınızın milli lideri Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə dünyada tanınırdı, öz xalqını arxasınca aparmağı bacarırdı. Onun həyata keçirdiyi islahatlarda Şərqin özünəməxsusluğu ilə Qərbin qabaqcıl təcrübəsi optimal şəkildə birləşmişdir. Biz də eyni tarixi tələbatla yaşayırıq və Azərbaycanda formalaşmış idarəetmə modeli ölkəmiz üçün gərəklidir.
Azərbaycanda idarəetmədə qısa müddətdə informasiya texnologiyaları geniş tətbiq olunub. Səmərəli idarəetmə şəffaflıqla həyata keçirilir. Dövlət qulluqçularının sosial təminatı sahəsində də uğurlu addımlar atılıb. İdarəetmə üçün gərəkli olan təhsil sistemi də diqqətçəkəndir. Biz bu 3 istiqamət üzrə xeyli faydalı bilik əldə etdik. İdarəetmədə gənclərin geniş təmsil olunması da nəzərimizdən yayınmadı.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirdiyimiz görüşlər və təqdimatlar - "Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi", "Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi", "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzularında öyrəndiklərimiz xüsusilə əhəmiyyətli oldu. Dövlət bölməsində mütəxəssislər bizdə də müsabiqə yolu ilə işə qəbul olunur və sizin təcrübə ilə maraqla tanış olduq.
Səfər zamanı əməkdaşlığı davam etdirmək yolları da araşdırıldı. Sizin mütəxəssislərdən birinin Əfqanıstana gəlib inzibati islahatlara müşavir kimi kömək göstərməsi qərara alındı. Yaxın vaxtlarda başqa bir qrup da Azərbaycana gələcək. Biz BMT İnkişaf Proqramının dəstəyi ilə layihəni davam etdirəcəyik.
Azərbaycan xalqının müstəqillik illərində çəkdiyi ağrılar bizə doğma olduğu kimi, qazandığı uğurlardan da o qədər sevinirik. Xalqımız Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı təkcə siyasi-diplomatik yolla deyil, hətta döyüşçülərlə bir sırada olmaqla da müdafiə edib. İnanırıq ki, Azərbaycanın uğurlu xarici siyasəti və indiki yüksək inkişafı bu münaqişənin ölkənizin qələbəsi ilə bitməsini təmin edəcək.
Nümayəndə heyətinin üzvü, İnzibati İslahatlar Katibliyinin media əlaqələri və kommunikasiya üzrə direktoru Əzizullah Ariafar isə dedi:
- Ümummilli lideriniz Heydər Əliyev sizin üçün mükəmməl bir dövlət qurmuş, yüksək inkişafı təmin edən islahatlar həyata keçirmişdir. Onun idarəetmə məktəbi bizdə böyük maraq doğurdu və biz ondan çox şey öyrənəcəyik. Səfər zamanı bu böyük şəxsiyyətin idarəetmə irsi ilə də tanış olduq. Müsəlman xalqlar Heydər Əliyevi sağlığında yüksək dəyərləndirmişlər və indi də onu böyük ehtiramla yad edirlər. O, tarixdə liderin rolu barədə təsəvvürləri yeniləşdirmiş və zənginləşdirmişdir. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə gəldiyi və sizin Qurtuluş günü kimi qeyd etdiyiniz 15 iyunda biz Fəxri Xiyabanda olduq və bu Şərq liderinin xatirəsini ehtiramla yad etdik.
Azərbaycanda sevgi və sayğılar gördük. Xalqınıza tərəqqi, xoş günlər arzulayırıq.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.