Qəbələdə aşkar edilən yeni arxeoloji abidənin 6 min il yaşı var

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi arxeoloji ekspedisiya Qəbələ rayonunda yeni bir ərazidə, beynəlxalq hava limanının ərazisində tədqiqat işlərinə başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, ekspedisiya "Qala yeri" adlanan həmin ərazidə bu günədək 200 kv. metr sahədə qazıntı, tədqiqat işləri həyata keçirib və eramızdan əvvəl V-IV minilliklərə aid arxeoloji abidə aşkar edib. Nəcəf Müseyibli bildirib ki, eneolit dövrünə aid edilən bu yaşayış məskəni "Leylatəpə" arxeoloji mədəniyyətinə mənsubdur və bu "Qala yeri" abidəsini də 6 min il əvvəl indiki İraq ərazisində mövcud olan Mesopotamiyadan Cənubi Qafqaza köçüb gələn tayfalar inşa ediblər. Qədim sivilizasiyanın beşiyi olan Mesopotamiyadan gələn insanlar bu yerdə məskən salaraq 500 ildən artıq yaşayıblar və sonradan onların bir qismi Şimali Qafqaza köçüb.
N.Müseyiblinin sözlərinə görə, hava limanı ərazisinin qədim yaşayış məskəni olması təsadüf nəticəsində məlum olub. Belə ki, bu günlərdə Qəbələ Beynəlxalq Hava Limanı ərazisində tikinti işləri aparılarkən inşaatçılar torpağın altından qədim maddi-mədəniyyət nümunələri aşkar ediblər. Arxeoloji qazıntı işləri zamanı qədim insanların kənd təsərrüfatı həyatını, mənəvi mədəniyyətini, dəfn adətlərini, sənətkarlıq ənənələrini əks etdirən mindən çox maddi-mədəniyyət nümunəsi aşkar edilib. Tapılan maddi-mədəniyyət nümunələrinin böyük əksəriyyəti Mesopotamiyaya məxsusluğu ilə diqqəti cəlb edir.
Arxeoloq qədim insanların həmin yerdə oturaq həyat tərzi keçirərək maldarlıq və əkinçiliklə məşğul olduğunu bildirib. O, "Qala yeri" abidəsini 2500 il əvvəl mövcud olan Qafqaz Albaniyasının və 900 il paytaxt olmuş qədim Qəbələ şəhərinin (indiki Çuxur Qəbələ kəndi) tarixindən də 3500 il əvvələ təsadüf etdiyini bildirib. "Leylatəpə" arxeoloji mədəniyyətinə aid edilən bu qədim yaşayış məskəni nəinki Qəbələdə, eləcə də Azərbaycanın şimal və şimal-qərb regionunda ən qədimi sayılır.
Qeyd edək ki, "Qala yeri"ndə arxeoloji tədqiqat işləri iyunun sonunadək davam etdiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında