Milli Qurtuluş Günü bölgələrdə də geniş qeyd olundu

Şamaxı
"15 iyun 1993-cü il Azərbaycan tarixinə şərəfli və unudulmaz bir gün kimi daxil olmuşdur. Həmin gün xalqımızın ulu öndəri Heydər Əliyevin hakimiyyətə qaydışı ilə ən böyük tarixi nailiyyətimiz olan müstəqilliyimiz məhv olmaqdan xilas edildi, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bu gün sonsuz fəxr hissi ilə deyə bilərik ki, Azərbaycanın uzun illər ərzində həsrətində olduğu istiqlal arzusunun həqiqətə çevrilməsi, ötən iyirmi ildə əldə olunan möhtəşəm qələbələrin əsasının qoyulması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qurtuluşdan başlanan davamlı inkişaf hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Bu fikirlər Qurtuluş Günü Şamaxıda səsləndirildi.
Milli Qurtuluş Gününün on doqquzuncu ildönümü respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da geniş qeyd olundu. Həmin günü rayonun bütün idarə və müəssisələrinin kollektivləri, kənd və qəsəbələrin sakinləri, təhsil ocaqlarının şagird və tələbələri Heydər Əliyev parkına gələrək ulu öndərin xatirəsini ehtiramla andılar, abidəsi önünə tər gül və çiçəklər qoydular.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzində oldular. Onlar mərkəzdə dahi öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlara, o cümlədən Şamaxı rayonuna tarixi səfərlərini əbədiləşdirən foto-şəkillərə tamaşa etdilər.
Ümumiyyətlə, 15 İyun - Qurtuluş Günü rayonun hər bir guşəsində qeyd olunmuş, əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışılmış, ulu öndərin siyasi kursunu, onun yüksək amallarını layiqincə yaşadan və davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən geniş söhbət açılmışdır.
Həmin günün axşamı isə Heydər Əliyev parkında Milli Qurtuluş Gününə həsr olunmuş maraqlı konsert təşkil edilmişdir. Rayonun incəsənət ustalarının hazırladıqları bu proqram tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Balakən
Doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Balakəndə də 15 İyun - Milli Qurtuluş Günü böyük ruh yüksəkliyi və sevinclə qeyd olundu.
Səhər tezdən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin rəhbərliyi ilə aparat işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri ikinci dəfə siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaqdan xilas edən, müstəqilliyini möhkəmlədən ümummilli lider Heydər Əliyevin rayon mədəniyyət və istirahət parkının ən uca zirvəsində yüksələn möhtəşəm abidəsi önünə tər gül-çiçək dəstələri qoydular və dahi şəxsiyyətə öz dərin ehtiram və məhəbbətlərini bildirdilər. Sonra əziz bayram günündə körpə balalarımıza hədiyyə olaraq müasir üslubda tikilib lazımi avadanlıqla təchiz olunmuş şəhər 1 saylı uşaq bağçası -körpələr evinin açılşı oldu. Dövlət himni səsləndirildikdən sonra rayon rəhbəri balaca fidanları bayram münasibəti ilə təbrik etdi.Valideyn S.Daşdəmirova ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirdi. Sonra rayon rəhbəri rəmzi qırmızı lenti kəsdi, bağçanın iş şəraitinə baxış keçirildi. İcra hakimiyyətinin vəsaiti hesabına 95 nəfər körpə üçün inşa edilən bağçanın iş şəraiti hər kəs tərəfindən yüksək qiymətləndirildi. Bağçanın açılışı başa çatdıqdan sonra dördulduzlu "Qubek"otelinin konfrans zalında bayram yığıncağı oldu. Dövlət himni səsləndi, toplantıda RİH-in başçısı İslam Rzayev "Böyük Qurtuluşun dahi memarı" mövzusunda məruzə ilə çıxış etdi.
O qeyd etdi ki, xalqımız bu gün XX əsrin sonunda ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyinin və siyasi varlığının nicatının ildönümünü -15 İyun Milli Qurtuluş Gününü qeyd edir. Bu tarixi gün Azərbaycan xalqının kəşməkəşli, mübarizələrlə dolu tarix salnaməsinə qızıl hərflərlə yazılmışdır. Həmin gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olmuşdur və əbədi yaşayacaqdır.
Rayon rəhbəri İslam Rzayev bir daha vurğuladı ki, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki,ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun sükanı etibarlı əllərdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutaraq inkişaf edir,öz müstəqilliyini daim möhkəmləndirir.
Məruzə ətrafında rayon məhkəməsinin hakimi R.Kazımov, Nizami adına 1 saylı tam orta məktəbin direktoru Ş.Tütünçüyeva, rayon Tarix- Diyarşünaslıq muzeyinin direktoru X.Mirəliyev,rayon ağsaqqalı F.Səlimov,YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri S.Alqayev,yazar R.Xutra çıxış etdilər.
Həmin gün axşam Milli Qurtuluş Günü şərəfinə Mədəniyyət və İstirahət parkında rayon incəsənət ustalarının geniş bayram konserti təşkil olundu.

{nl}

İlqar MUSAOĞLU "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında