Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının, sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş "15 iyun-Azərbaycan dövlətçiliyinin xilası tarixidir" mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Mərkəzlə tanışlıqdan sonra konfrans iştirakçıları Mərkəzin elektron lektoriya zalında "Xilaskar" filminə baxmışlar.
Konfransda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Heydər Əliyevin həyat tarixçəsini, dövlət başçısı kimi 34 illik fəaliyyət dövrünü vərəqləsək, Azərbaycan xalqına misilsiz xidmətinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Xalqın böyük oğlu Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın həyatında ictimai-siyasi və iqtisadi dönüşün, onun müstəqilliyə hesablanan yolunun başlanğıcını qoymuşdur.
Bu dövrdə 250-dən artıq sənaye obyekti istifadəyə verilmiş, neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi və s. sahələrdə respublika ittifaqda yüksək yerlər fəth etmişdir. Dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edən Azərbaycanda milli gəlirin ümumi həcmi 2,5, sənaye istehsalı 3, kənd təsərüfatı istehsalı 2,6, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. SSRİ-nin 50-dən artıq şəhərində 170-dən çox ali təhsil müəssisəsində 80-ə qədər nadir ixtisas üzrə on beş min azərbaycanlı mütəxəssis yetişdirilmişdir.
Əldə edilən iqtisadi uğurlar, hazırlanan yüksək ixtisaslı kadrlar respublikanın tərəqqisinin yeni mərhələsi olaraq, milli oyanış, azadlıq uğrunda mübarizə və gələcək müstəqillik dövrü üçün zəmin və yeni nəfəs idi.
Natiq qeyd etmişdir ki, 1991-ci ildən 1993-cü ilin iyun ayınadək olan dövr xalqımızın böyük sarsıntı içində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan ulu öndər Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı.
Ulu öndər böyük fədakarlıqla Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, onu dönməz, daimi və əbədi etdi.
"Azərbaycan dünyaya günəş kimi doğacaq" deyən ümummilli liderimiz 1969-1987-ci illərdən başladığı işləri 1993-cü ildə yenidən qətiyyət və müdrikliklə davam etdirdi və Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutdu.
Bu böyük qayıdış Azərbaycanda dövlət quruculuğunun sürətlənməsinə səbəb oldu, dövlətçiliyimizi və suverenliyimizi qoruya bilən ordu formalaşdı, iqtisadiyyatın inkişafı, ictimai asayişin və sabitliyin bərpası təmin olundu. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" söyləyən ulu öndər Azərbaycanın dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, ulu öndərin müəyyənləşdirdiyi siyasət əbədiyaşardır və onun xatirəsi Azərbaycan xalqı durduqca yaşayacaqdır. Heydər Əliyev ideyaları 21-ci əsrdə onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Məruzə ətrafında çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və başqaları qeyd etdilər ki, Azərbaycan tarixinə Böyük Qayıdış kimi əbədi həkk olunmuş 1993-cü ilin 15 iyunu hər bir azərbaycanlı üçün unudulmaz, şərəfli bir gündür. Ulu öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqın qurtuluş və özünütəsdiq tarixidir.
{nl}
V. BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.