Dünən Bakının Xətai Rayon İcra Hakimiyyətinin 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə keçirdiyi toplantı Azərbaycanın dövlət müstəqilliyinin xilaskarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları, qonaqlar və toplantı iştirakçıları abidənin önünə tər çiçək dəstələri qoyub ulu öndərin xatirəsini hörmət və ehtiramla yad etdikdən sonra YAP Xətai rayon təşkilatının iclas salonuna toplaşdılar.
Təntənəli mərasimi Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, 15 İyun-Milli Qurtuluş Günü xalqımızın taleyində müstəsna rol oynayan və tariximizə əbədi həkk olunmuş bir gündür. Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə ümummilli lider Heydər Əliyevin xalqın israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olub. Tam qətiyyətlə demək lazımdır ki, bu günlər Azərbaycanın müstəqil dövlət kimi dünya ölkələri arasında öz varlığını qorumasında müstəsna rol oynadı və xalqımız yaşamaq, inkişaf etmək, demokratik cəmiyyət qurmaq haqqına sahib çıxdı.
Dövlət müstəqilliyimizin rəsmən 1991-ci ildə bəyan olunmasına baxmayaraq, ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan ölkəmizin daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixində naşı rəhbərliyin səriştəsiz idarəçiliyi nəticəsində ölkə hələ də xaos və anarxiyadan, hakimiyyət üstündə çəkişmələrdən xilas ola bilməmişdi. Bütün bunlar gənc müstəqil və zəngin bir ölkəni addım-addım məhvə və süquta sürükləyirdi.
Natiq daha sonra qeyd etdi ki, ölkə miskin bir vəziyyətə düşəndə, iqtisadiyyatı, hərbi potensialı, infrastrukturu dağıdılanda, əhalisinin təhlükəsizliyinə heç bir zəmanət olmayanda bütün xalq üzünü sevimli oğluna, dünya şöhrətli siyasətçi və böyük vətəndaş Heydər Əliyevə tutub onu Bakıya, öz xilaskarlıq missiyasını həyata keçirməyə çağırdı. Xalqının çağırışına, Vətənin ağır vəziyyətinə və müstəqil dövlətçiliyin təhlükə altında olmasına biganə qala bilməyən ulu öndər Heydər Əliyev gəldi və Azərbaycan müstəqilliyinin zəfər yürüşünün tarixlərə şahid olacaq salnaməsini yazmağa başladı.
Toplantıda millət vəkilləri Hüseynbala Mirələmov, Gülər Əhmədova və başqaları bu tarixi günlə bağlı xatirələrini və təəssüratlarını bölüşdülər. Qeyd olundu ki, o tarixi günlərdən 19 il keçəndən sonra bir daha qətiyyətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanı ölüm yatağından qaldırdı, ölkəni millətçilikdən və dini fanatizmdən qorudu, "Azərbaycançılıq" fəlsəfəsilə xalqı bir məfkurə ətrafında topladı. Azərbaycanı regionun lider dövlətinə çevirdi, daxili və xarici təzyiqlərə baxmayaraq, 1994-cü ildə dünyanın 8 ölkəsinin 11-ə yaxın şirkəti ilə "Əsrin müqaviləsi"ni imzaladı və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixracı layihələrinin əsasını qoyaraq Azərbaycanı böyük inkişaf magistralına çıxardı. Artıq 19 ildir ki, Azərbaycan bu yolla inamla gedərək inkişaf edir, yeni-yeni uğurlara imza atır.
Tədbirdə həmçinin qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, beynəlxalq aləmdə etibarlı tərəfdaş və sabit ölkə kimi respublikamızın nüfuzu durmadan artır. Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Bütün bunlar, Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilən bu siyasət Heydər Əliyev yolunun təntənəsidir.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında hazırlanmış sənədli film nümayiş etdirildi.
Tədbirin sonunda YAP-a yeni qəbul olunmuş şəxslərə partiyanın üzvlük biletləri təqdim edildi.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.