Tarixi zərurətdən doğan qayıdış

Bəşəriyyət elə dühalar yetişdirir ki, onlar özləri tarix yaradır, Vətəninin və xalqının xilaskarı kimi onun taleyini dəyişə bilirlər. Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev məhz belə şəxsiyyət idi. Müasir tariximizin bütöv bir epoxası, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu gün müstəqil Azərbaycanın mövcudluğu və qüdrətli bir ölkəyə çevrilməsi üçün hamımız Heydər Əliyevə borcluyuq. 
Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan xalqı müstəqil dövlətini elan etdikdən sonra daha aydın hiss olunmaqda idi. Həmin dövrdə siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, ölkəni bürümüş xaos və anarxiya, erməni təcavüzkarları ilə müharibədə acı məğlubiyyətlər müstəqilliyimizi təhlükə qarşısında qoymuşdu. Getdikcə daha çox insan dərk edirdi ki, zamanında milli məfkurənin genişlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə cavab olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla, respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur.
Bu, sözün əsl mənasında, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib, reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri xalq üçün yaşanmış bir ömrün qızıl salnaməsidir.
Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Heydər Əliyevin öz xalqı qarşısında əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, həm də onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı ulu öndər layiqincə yerinə yetirməyə müvəffəq oldu.
Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər ümummilli liderimizin ölkəmizin inkişafında oynadığı misilsiz rolu təmin edən əsas cəhətlər kimi çıxış edib. Fəaliyyəti ilə tarix yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də heyranlıqla qarşılanıb, daim böyük hörmət və ehtirama layiq görülüb. Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt saya bilər. Kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə Heydər Əliyev kimi bənzərsiz lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur.
Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda, bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.
Müstəqilliyimizin iyirmi birinci ilini yaşadığımız bir vaxtda keçilən yola bir daha nəzər salmaq, tarixin dərslərindən nəticə çıxarmaq lazım gəlir. Keçmişi xatırlamaq, tarixdən ibrət götürmək bizə, hər şeydən əvvəl, gələcəyin yolunu düzgün müəyyənləşdirmək üçün gərəkdir. Həqiqətən də, tarixin çoxəsrlik təcrübəsi təsdiqləyir ki, müstəqilliyin qorunub saxlanması onun əldə olunmasından da qat-qat çətin vəzifədir. İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulur.
Müstəqil dövlətimizin taleyi baxımından müstəsna əhəmiyyət daşıyan 1993-cü il 15 iyun hadisələrinin -indiki Qurtuluş gününün mahiyyətinə vararkən söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Yoxsa, fürsət itiriləcək, məhrumiyyətlər olacaq və qurbanlar hədər gedəcək. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə edib.
Dövlət o vaxt güclü və yenilməz olur, qarşısına çıxan maneələri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında möhkəm birlik olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində aparıcı rol oynayıb, xalqımızı bəlalardan qoruyub. Dünyanın ən dahi şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. Ulu öndər böyük qürur hissi və fəxrlə deyirdi: "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bugünü və sabahı ilə yaşamışam ... Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Bu nəhəng şəxsiyyət, sözün ən yüksək mənasında, xalqımızın müdrik və əvəzsiz lideri idi. Xalqımızın bu dahi və fədakar oğlunun bir sözü ilə, bir müraciəti ilə milyonlarla insan ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda onun yanında olurdu. Bu dahi şəxsiyyət Azərbaycanı qüdrətli bir dövlət kimi formalaşdırmaq üçün son dərəcə çətin bir missiyanı öz üzərinə götürüb və şərəflə yerinə yetirib. Heydər Əliyev kimi nadir dühaya nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətinin formalaşmasında zəruri missiyanı həyata keçirmək səadəti nəsib olub. Azərbaycanın və böyük türk dünyasının bu qüdrətli şəxsiyyəti və lideri millətimizi zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mənəvi tərəqqisinə, bütün türk dünyasının birliyinə nail olub. Ulu öndərimizin bəşəri xidmətləri sırasında neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur. Heydər Əliyevin dahiyanə uzaqgörənliklə mərhələ-mərhələ reallaşdırdığı bu strategiya ölkəmizə böyük uğurlar gətirib.
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlı nəhəng kontraktın imzalanması Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının əsas elementi, qüdrətli Azərbaycanın inkişafı üçün təməl idi. Neft amilini müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın digər sahələrinin tərəqqisi, xalqın rifahının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü vasitə və ən əlverişli mənbə adlandıran ulu öndərimiz əmin idi ki, biz bu vasitədən səmərəli və məqsədyönlü istafadə etməklə, yaxın gələcəkdə Azərbaycanı yüksək həyat səviyyəli ölkələrdən birinə çevirəcəyik. İndi bu arzular da çin olub. "Əsrin müqaviləsi" çərçivəsində həyata keçirilən qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü ilə fəaliyyət göstərməsi iqtisadi dividentlər- milyardlarla dollar həcmində mənfəət gətirməklə yanaşı, Azərbaycanı regionun lider dövlətinə, siyasi güc mərkəzlərindən birinə çevirib.
Təsadüfi deyil ki, bu gün BTC haqlı olaraq onun yaradıcısı olan ümummilli liderimizin adını daşıyır. Bu kəmər və digər transmilli layihələr Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrilərək, ölkəmizin dünya iqtisadi məkanına sürətli inteqrasiyasını təmin edir. Fəaliyyəti öz əhəmiyyəti etibarı ilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxan Heydər Əliyevin adı və əməlləri dünya durduqca xatırlanacaq.
Elm və təhsil hər bir xalqın inkişafının əsasıdır. Dünya təcrübəsi göstərir ki, bu sahələrin tərəqqisinə xüsusi önəm verən xalqlar dünya arenasında layiqli yer tutur, davamlı və sabit inkişaf strategiyasını uğurla müəyyənləşdirirlər. Ulu öndər Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada fundamental və humanitar elmlərin tərəqqisi üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Heydər Əliyev təhsili milli tərəqqimizin həqiqi, güclü amilinə çevirmək üçün geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Təhsil sahəsində islahatların dövlət təminatı gücləndirildi. Bu məqsədlə ulu öndərimiz 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında" sərəncam imzaladı. Dövlət Komissiyası tərəfindən qısa müddətdə "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" hazırlandı, hərtərəfli müzakirələrdən sonra təkmilləşdirilərək 1999-cu ilin iyununda dövlət başçımız tərəfindən imzalandı və qüvvəyə mindi. Ölkəmizdə təhsil islahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir.
Sonrakı illərdə İslahat Proqramına uyğun olaraq, müstəqil Azərbaycanın təhsil sisteminin inkişafı istiqamətində böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti müntəzəm xarakter daşıyır.
Azərbaycanda 20 il ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda da böyük işlər görülüb. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilib və yenidən qurulub. Müstəqillik illərində aparılan genişmiqyaslı işlər, təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün də əlverişli zəmin yaradıb. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Prezident İlham Əliyev hər bir ölkənin, dövlətin bu gününün və gələcəyinin onun intellektual potensialından asılı olduğunu önə çəkərək deyib: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır. Bu gün Azərbaycan özünü dünya miqyasında sürətlə və uğurla inkişaf edən ölkə kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, təhsilə yeni texnologiyaların tətbiqinə göstəriləcək diqqət və həyata keçiriləcək proqramlar Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edəcəkdir. Çünki inkişaf etmiş ölkə olmaq üçün təkcə gözəl infrastruktura və binalara malik olmaq kifayət deyildir. İnkişaf etmiş ölkə olmaq üçün gərək cəmiyyətin intellektual potensialı yüksək səviyyədə olsun. Bu məsələlərlə bağlı konkret proqramlar hazırlanıb icra edilir. Əminəm ki, bu gün Azərbaycan gəncləri, uşaqlar, birinci sinfə gedən balalar gələcəkdə doğma Vətənimiz üçün dəyərli vətəndaşlar olacaqlar, peşəkarlığını göstərəcəklər və ölkəmizin inkişafında öz sözünü deyəcəklər. Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. Ölkəmizin necə inkişaf edəcəyi onlardan asılıdır. Qoyduğumuz yol və seçdiyimiz strateji xətt öz uğurunu təsdiqləyib".
Azərbaycan hazırda öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyub. Bu gün ulu öndərimiz Heydər Əliyev aramızda olmasa da, təsəllimiz odur ki, bu dahi şəxsiyyətin ideyaları yaşayır və xalqımıza düzgün yol göstərir. Azərbaycan dövləti ulu öndərimizin ən layiqli siyasi varisi, yeni tipli lider İlham Əliyevin rəhbərliyi ilə zirvələrə doğru inamla irəliləyir.

{nl}

Müşfiq ATAKİŞİYEV, "Təfəkkür" Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında