Şriftin ölçüsü:
14.06.2012 11:03 | Oxunma sayı: 577
Son illər Bakı şəhəri ilə yanaşı, ölkənin ayrı-ayrı regionlarında da sosial infrastrukturun yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkə əhalisinin sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan sayılan içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılması sahəsində reallaşdırılan işlər bu baxımdan diqqəti cəlb edir. Ölkə Prezidenti İlham Əliyevin daimi diqqət və nəzarətində olan bu vacib məsələ "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda geniş əksini tapmışdır.
Artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Rayon mərkəzləri ilə yanaşı, qəsəbə və kəndlər də keyfiyyətli içməli su ilə təmin olunur. "Azərsu" ASC-nin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Ağcabədi rayonunun Hindarx qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində görülən işlər də bu qəbildəndir. Xatırladaq ki, layihə çərçivəsində iki ədəd subartezian quyusu qazılmış, tutumu 25 kubmetr olan su çəni quraşdırılmış, iki kilometr uzunluğunda su xətti çəkilmişdir. 8431 nəfər əhalisi olan Hindarx qəsəbəsinin içməli su təchizatı hazırda subartezian quyuları hesabına aparılır.
Ağcabədi rayonunun Hindarx qəsəbəsində yeni subartezian quyusunun açılış mərasimində "Azərsu" ASC "Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
"Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədov bildirmişdir ki, layihə çərçivəsində qazılmış iki subartezian quyusundan birincisi istismara verilir və bununla da 250-dən çox ailənin və ya min nəfərdən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Yaxın vaxtlarda isə ikinci subartezian quyusunun istismara verilməsi ilə 300-dək ailə və ya 1250-dən çox sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. E. Məmmədov Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin Asiya İnkişaf Bankından alınacaq kredit hesabına həyata keçiriləcəyini xatırladaraq tikinti işlərinə 2012-ci ilin sonuna qədər başlanılacağını bildirmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində "Azərsu" ASCnin genişmiqyaslı tədbirlər həyata keçirdiyini xatırladaraq rayonun içməli su çatışmazlığı müşahidə olunan 6 kəndində 10 subartezian quyusunun qazılacağını bildirmişdir. Bütün bunların Prezident İlham Əliyevin ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olduğunu diqqətə çatdıran Ş. Məmmədov sakinlər adından dövlət başçısına təşəkkür etmişdir.
Xatırladaq ki, "Azərsu" ASC son zamanlar kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Belə ki, Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə, Balakən rayonunun Tülü və Hənifə, Siyəzənin Eynibulaq kəndlərində və Şamaxının Sabir qəsəbəsində içməli su təchizatı yenidən qurulmuş, həmin yaşayış məntəqələrinə yeni su xətləri çəkilmiş, su anbarları tikilmişdir. Eyni zamanda, hazırda Ağdam, Füzuli, Tərtər, Astara və digər rayonların kənd və qəsəbələrində də belə layihələr həyata keçirilir.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrində də su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdiriləcək. İlk növbədə, bütün şəhər və rayon mərkəzləri, həmçinin yaxınlıqda yerləşən kənd və qəsəbələrin problemləri öz həllini tapacaq, növbəti mərhələdə isə digər yaşayış məntəqələrində belə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.