Sabirabadlı müharibə veteranı Zülfəli Əliyevin 90 illik yubileyi qeyd olundu

223-cü atıcı diviziyasının həyatda olan yeganə döyüşçüsünün yubileyində Serbiyanın Azərbaycandakı səfiri də iştirak etmişdir
Tədbirdən öncə səfir ulu öndərin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdi. Yubiley münasibətilə Sabirabad şəhər Mədəniyyət evinə toplaşmış 500 nəfərdən çox sabirabadlı müharibə veteranı Zülfəli Əliyevin 90 illik yubileyində iştirak etməyə gələn Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi alqışlarla qarşıladı.
Zülfəli Əliyevin keçdiyi şərəfli həyat yolundan danışıldı. O, 1922-ci il iyun ayının 1-də, yəni 90 il əvvəl Qaralar kəndində anadan olmuşdur. 1942-ci ilin yanvar ayında o da əsgər paltarı geyinərək Vətənin müsəlləh əsgərinə çevrilmiş, yeni yaradılmış 223-cü atıcı diviziyasının sıravi döyüşçülərindən olmuşdur.
223-cü diviziya 30 ay ərzində 5 min kilometrdən çox döyüş yolu keçmişdir. Diviziya öz döyüş yolunda 50-dən artıq çay aşmış, düşmənin 45000 nəfər döyüşçüsünü məhv etmiş, 4350-sini isə əsir almışdır. Bu, 10 alman diviziyasının şəxsi heyəti deməkdir. Əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə də 223-cü diviziyanın döyüşçüsü olmuşdur. Göstərdiyi döyüş hünərinə görə Azərbaycanın 223-cü diviziyasına Belqrad diviziyası adı verilmişdir. Diviziyanın zəfər yürüşündə Zülfəli Əliyevin zəhmət payı böyük olmuşdur. O, 2 orden və 9 medalla təltif edilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qonaqları salamlayaraq Z.Əliyevin yubileyində iştiraklarına görə onlara razılığını bildirdi. O, Böyük Vətən müharibəsi illərində azərbaycanlıların, o cümlədən sabirabadlıların hünərindən, onların göstərdiyi qəhrəmanlıqlardan və Zülfəli Əliyevin keçdiyi döyüş yolundan danışdı. İcra başçısı onun indi də rayonun içtimai-siyasi həyatında fəal iştirak etdiyini xüsusi vurğuladı və yubiliyara xalça hədiyyə etdi.
Tədbirdə çıxış edən Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç dedi ki, mən Zülfəli Əliyev kimi mərd-mübariz döyüşçülərin alman-faşistlərindən azad etdiyi bir şəhərdə doğulmuşam. Mən ona minnətdaram və qarşısında baş əyirəm.
Məktəblilər onu ingilis və rus dillərində şeirlərlə salamladılar. Bir ağızdan "Biz sülh istəyirik!", "Müharibə istəmirik!" dedilər. Ona qucaq dolusu gül dəstələri verdilər. 90 yaşlı veteranın yubileyini təbrikə gələnlər də ona qiymətli hədiyyələr bağışladılar.
Zülfəli Əliyev onun timsalında veteranlara göstərilən bu diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Ad gününə gəldiyinə görə Serbiyanın ölkəmizdəki səfirinə təşəkkür etdi. O, 1995-ci il aprelin 7-də Qələbənin 50 illiyi ilə əlaqədar Heydər Əliyevin müharibə veteranları ilə keçirdiyi görüşdə çıxış etməsindən, 1995-ci ildə 9 may Qələbə günü münasibətilə ulu öndər və 2005-ci ildə Prezident İlham Əliyev ilə Moskvada keçirilən hərbi paradın iştirakçısı olmasından həvəslə danışdı.
Tədbir boyu yubiliyarın döyüş yoluna həsr edilmiş "Xəzərdən Dunaya" sənədli filmindən parçalar nümayiş etdirildi, Vətənə və qəhrəmanlığa dair mahnılar ifa olundu.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında