Türkiyənin Netaş şirkəti ilə əməkdaşlıq genişlənir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Türkiyənin Netaş şirkətinin rəhbərləri ilə görüş keçirilib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Görüş zamanı çıxış edən nazir müavini İltimas Məmmədov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində (İKT) həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini qeyd edib ki, Azərbaycanla Türkiyə həm də strateji tərəfdaşdır. İltimas Məmmədov bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda İKT sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib. Türkiyənin İT sahəsində fəaliyyət göstərən şirkətlərin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə xarici ölkə təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Netaş şirkətinin Azərbaycanda rabitə sisteminin inkişafında özünəməxsus yeri olduğunu bildirən İltimas Məmmədov hələ 20 il öncə şirkətin Azərbaycanda ilk rəqəmli avadanlıqlar, stansiyalar qurduğunu xatırladıb. Artıq ölkəmizdə ən müasir yeni nəsil şəbəkə avadanlıqlarının tətbiq edildiyini söyləyən nazir müavini bütün sahələr kimi, informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini bildirərək bu inkişafda Netaş-ın yaxından iştirak edərək "Elektron hökumət" layihəsində öz töhfələrini verməsində heç bir problemin olmadığını söyləyib. Eyni zamanda, İltimas Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.
Öz növbəsində uzun müddətdən sonra Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Netaş şirkətinin prezidenti Mücdet Altay bu müddət ərzində ölkəmizin sürətlə inkişaf etdiyini, inkişaf səviyyəsinə görə bir çox ölkələri qabaqladığını bildirib. 20 il əvvəl Azərbaycanda ilk rəqəmli avadanlıqları qurmaqla burada ilk addımların atıldığını qeyd edən M.Altay yenidən əməkdaşlıq əlaqələrinin qurulmasından məmnun olduğunu qeyd edib. O, müəyyən fasilədən sonra ilk xarici ölkə kimi yenidən Azərbaycana gəldiklərini bildirib. İKT sektorunda həyata keçirilən işlərlə tanış olduqlarını bildirən qonaq sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi vurğulayıb. Azərbaycanda dövlət və özəl operatorlarla əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan edib.
Sonra Netaş şirkətinin vitse-prezidenti Ali Kuralkan qısa zaman kəsiyində şirkətlərinin əldə etdiyi nailiyyətlərdən danışıb və Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib. Sonda tərəflər arasında yaxın vaxtlarda Türkiyə şirkətinin və Azərbaycanın dövlət rabitə operatorlarının nümayəndələrinin iştirakı ilə geniştərkibli görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında