Dünən Bakı Sərgi Mərkəzində 11-ci beynəlxalq "Nəqliyyat, Tranzit və Loqistika" sərgisi öz işinə başladı. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, son illər dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi strategiya, əsaslı islahatlar, eləcə də dünyaya inteqrasiya prosesləri öz müsbət nəticələrini verir.
Qeyd olundu ki, artıq ənənəvi hal almış nəqliyyat və loqistika sərgisinin, eləcə də yol infrastrukturu və ictimai nəqliyyatla bağlı sərgilərin məhz Bakıda keçirilməsi bu inkişafın əyani sübutudur. İştirakçı ölkələri təmsil edən şirkətlərin stendlərinin, texnologoyaların ilbəil yeniləşdiyini və müasir tələblərə tam cavab verdiyini diqqətə çatdıran nazir dedi ki, Azərbaycanın yol-nəqliyyat kompleksi əksər şirkətlərlə əməkdaşlıq edir, onların texnologiyaları və avadanlıqları dəmir və avtomobil yollarının tikintisinə cəlb olunur, avtomobil nəqliyyatı sistemində əlaqələr getdikcə genişləndirilir. Natiq qeyd etdi ki, dünyanın yol-nəqliyyat sahəsində çalışan şirkətlərin Azərbaycanda keçirilən ənənəvi nəqliyyat və loqistika sərgisinə olan marağının ilbəil artması möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.
Sərginin təşkilatçısı olan "ITE Qroup" şirkətinin Xəzər üzrə regional direktoru Edvard Stroon bildirdi ki, artıq 10 ildən çoxdur ki, adıçəkilən sərgi Azərbaycanın nəqliyyat-tranzit potensialından səmərəli istifadə olunmasına öz töhfəsini verməklə yanaşı, regionda nəqliyyat sənayesi mütəxəssisləri arasında səmərəli əməkdaşlığa da kömək edir.
Sonra Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov sərginin açılışını bildirən lenti kəsdi. Nazir Z. Məmmədov və tədbir iştirakçıları sərgidə nümayiş etdirilən eksponatlarla yaxından tanış oldular.
Xatırladaq ki, artıq ənənə halını almış "Nəqliyyat, Tranzit və Loqistika" sərgisi ilk ildən etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və "TRASEKA" layihəsi ilə sıx əməkdaşlıq edir. Bu il keçirilən sərginin tərəfdaşları arasında isə "Azərfon" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Greenwich Travel Club" şirkətləri, eləcə də "Hilton Baku" və "Caucasis Otel Point" mehmanxanaları da var. Sərginin təşkilatçıları isə "Iteca Caspian" MMC və onun tərəfdaşı "ITE Group plc" şirkətidir.
Bu il keçirilən sərgidə dünyanın 15 ölkəsindən olan 70 şirkət iştirak edirdi. Elə budəfəki sərginin ekspozisiya ərazisi də ötən illə müqayisədə 25 faiz artmışdı. Sərgi iştirakçılarının təqribən 40 faizini öz məhsul və xidmətlərini ilk dəfə nümayiş etdirən şirkətlər təşkil edirdi. Onu da deyək ki, bu il sərgi iştirakçılarının coğrafiyası da xeyli genişlənərək Azərbaycanla yanaşı, Almaniya, Gürcüstan, İtaliya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və tədbirin ilk iştirakçısı olan Xorvatiyanı əhatə edirdi. Xatırladaq ki, Latviya öz milli stendi ilə sərgidə ardıcıl olaraq ikinci dəfə təmsil olunurdu.
Yeri gəlmişkən, sərgidə kommersiya şirkətləri ilə yanaşı, ölkənin dövlət nəqliyyat strukturları - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Dəmir Yolları, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti öz stendlərində regionun mühüm nəqliyyat layihələrini təqdim edirdilər.
Sərgidə nəqliyyat sahəsində əldə olunan son nailiyyətlər, yerli və xarici şirkətlərin ən üstün texnologiya və avadanlıqları nümayiş etdirilirdi. Burada həmçinin dəmiryol nəqliyyatı, yüklərin avtomobil yolu və dənizlə daşınması, eləcə də neftin nəqli kimi sektorlar da geniş təqdim olunurdu. Ölkəmizin yol tikintisi və bir sıra digər dövlət əhəmiyyətli obyektlərin inşasında mühüm rol oynayan "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyət və "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətinin, eləcə də Türkiyənin məşhur "Kolin" İnşaat, Sənaye və Ticarət Anonim Şirkəti və digər iştirakçıların sərgi sahələri və burada nümayiş etdirilən ekspozisiyalar maraqla qarşılanırdı. Azərbaycan, Almaniya, Gürcüstan və Rusiya şirkətlərinin yükdaşıma ilə bağlı təqdimatları xüsusi maraq doğururdu. Elə budəfəki sərgidə beynəlxalq limanlar da fəal iştirakları ilə seçilirdi. Bu baxımdan sərginin ekspozisiyaları sırasında yer alan Xəzər dənizi, Qara dəniz və Baltik dənizinə aid olan Bakı Ticarət Limanı, eləcə də Poti, Batumi, Lipetsk və Ventspilssk limanlarının fəaliyyəti maraqla qarşılanırdı.
Xatırladaq ki, 11-ci beynəlxalq "Nəqliyyat, Tranzit və Loqistika" sərgisi iyunun 15-dək davam edəcək.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.