İnsanların daha yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hazırda Azərbaycan hökumətinin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial-müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud problemlərin aradan qaldırılması sözügedən istiqamətin gücləndirilməsinə yönəldilmişdir. Sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaqdır.
Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi-rifah halının yaxşılaşdırılması və insanların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində respublikamızın strateji inkişaf və modernləşdirmə konsepsiyasının əsas təməllərindən olacaqdır.
Azərbaycanda sosial məsələlərin uğurla həlli nəticəsində bu ilin dörd ayı ərzində müsbət göstəricilər əldə edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin dörd ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 12,6 faiz artaraq 1068,6 manata çatmış və onun 65,3 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 23,4 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 8,7 faiz artaraq 378,9 manat təşkil etmişdir. Bununla belə, sənaye, tikinti, nəqliyyat sahələrində, maliyyə vasitəçiliyində, icarə və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək olmuşdur. Əhalinin banklardakı əmanətlərinin məbləği də keçən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz artaraq aprel ayının 1-nə 4,3 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 2,4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1,9 milyard manat olmuşdur.
Mütəxəssislərin proqnozlarına əsasən, qarşıdakı illərdə ölkənin maliyyə imkanları daha da yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaqdır. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına imkan verəcəkdir. Azərbaycanda sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və digər tədbirlər geniş miqyas alacaqdır. Minimum əməkhaqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siyasətin əsas məqsədləri olacaqdır. Bu tədbirlər isə ümumilikdə insanların aylıq gəlirlərinin və orta aylıq əməkhaqqının məbləğinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcəkdir.
İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən, orta aylıq nominal əmək haqqı bu ilin sonuna 431 manat, 2013-cü ilin sonuna 485 manat, 2014-cü ilin sonuna 551 manat səviyyəsinə çatacaqdır. Gələn il əhalinin real pul gəlirlərinin 10,2 faiz, 2013-cü ildə 8,5 faiz, 2014-cü ildə isə 8,3 faiz səviyyəsində artımı proqnozlaşdırılır. Eyni zamanda yaşayış minimumunun artımı ilə yanaşı, 2011-2014-ci illərdə minimal əmək haqqının daha yüksək templə artımı da proqnozlaşdırlır. Beləliklə, proqnozlara əsasən, 2013-cü ildə minimal əmək haqqı yaşayış minimumu səviyyəsinə çatacaq, 2014-cü ildə isə minimal əmək haqqı yaşayış minimumu səviyyəsindən yuxarı olacaqdır.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir. Bu inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən biri isə onun çoxcəhətli xaratkerə malik olması, özəl sektorun tərəqqisinə xüsusi diqqət yetirilməsidir. Elə bunun nəticəsidir ki, bu gün ölkədə sahibkarlığın mükəmməl hüquqi bazası yaradılmış, dövlət mülkiyyətinin özəlləşdirilməsi, özəl sektorun inkişafına dair qəbul olunmuş dövlət proqramları çərçivəsində sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara müasir dövlət dəstəyi sistemi formalaşdırılmışdır.
BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirilmişdir. İnsan inkişafı üzrə 2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz MDB ölkələri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə nail olmuş və "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir. Azərbaycanda insan inkişafı indeksinin yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli təsir göstərmişdir. Belə ki, həmin hesabata əsasən, Azərbaycanda savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil edir.
Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır.Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur.
Mütəxəssislərin Azərbaycanın sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, qarşıdakı illərdə respublikamızın makroiqtisadi inkişafı daha da sürətlənəcək. Ölkənin maliyyə imkanları yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaqdır.
Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına imkan verəcəkdir. Qarşıdakı illər ərzində Azərbaycanda sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və digər tədbirlər geniş miqyas alacaq. Minimum əməkhaqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siyasətin əsas məqsədləri olacaqdır. Bu tədbirlər isə ümumilikdə insanların aylıq gəlirlərinin və orta aylıq əməkhaqqının məbləğinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcəkdir.
Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın və 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)" icrası ilə əlqədar əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və bu, hazırda da uğurla davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)" 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrası nəticəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur.Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir. Xatırladaq ki, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, dövlət başçısının 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)"nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Bu proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur.
Dövlət Proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında ölkə Prezidentinin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasında (2006-2015-ci illər)" 2011-2015-ci illərdə nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsinin təmin edilməsidir.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ilin birinci rübü ərzində ölkədə 25 min 376 yeni, o cümlədən 20 min 937 daimi iş yeri açılmışdır. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, regionların sosial-iqtisadi inkişafına yönəldilmiş ikinci Dövlət Proqramının icrasına başlandığı vaxtdan, yəni 2009-cu ilin əvvəlindən indiyədək açılan yeni iş yerlərinin sayı isə 266,1 mini ötmüşdür. Bunların 200,5 mini daimi iş yerləridir. Bu ilin birinci rübündə açılmış daimi iş yerlərinin 7,1 faizi yeni, 12,6 faizi mövcud, 1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Yeni iş yerlərinin 65,3 faizi regionların payına düşmüşdür. Onların 17,8 faizi Aran, 10,5 faizi Gəncə-Qazax, 7,2 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda açılmışdır.
Adıçəkilən Dövlət Proqramı ilə qarşıya bir sıra vəzifələr də qoyulmuşdur. Proqramda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur.
Bu gün ölkəmizin sosial infrastrukturunun yaxşılaşdırılması sahəsində də mühüm irəliləyişlərə nail olunmuşdur. Sosial infrastruktur layihələri paytaxtı və iri şəhərləri əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində həyata keçirilməkdədir. Prezident İlham Əliyev bildirmişdir ki, son illər ölkəmizin maliyyə imkanlarının yaxşılaşması infrastruktur layihələrinin geniş vüsət almasına öz mühüm təsirini göstərir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.