Yardımlı: işgüzar görüşlər, səmimi dialoqlar

Yerlərdə əhali ilə görüşlər keçirmək, səyyar qəbullar təşkil etmək müasir idarəetmənin ən məqbul və səmərəli formalarından sayılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vaxtaşırı bölgələrə səfərlər etməsi, regional inkişaf Dövlət Proqramının icrasını nəzarətdə saxlaması, görülən işlərlə yaxından maraqlanması və ictimaiyyət nümayəndələri ilə görüşərək səmimi söhbətlər aparması hər bir rəhbər kadr üçün ən gözəl nümunədir. Bu örnəkdən bəhrələnərək vətəndaş müraciətlərinə diqqətlə yanaşan, əhali ilə müntəzəm işgüzar görüşlər keçirən şəhər və rayonların icra strukturu rəhbərləri əməli uğurlar üçün yetərli zəmin yaradır və sosial-iqtisadi inkişafa əsaslı töhfələr verə bilirlər. 
Yardımlı rayonunun rəhbərliyi də yerlərdə görüş, qəbul və dinləmələrin keçirilməsinə böyük önəm verır. Belə tədbirlər insanlarla bilavasitə canlı ünsiyyətə çevrilir, onların qaldırdıqları məsələlərə yerindəcə müvafiq reaksiya verilir, problemlərin həlli yolları birgə müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Bu zaman rəsmi qəbullardan fərqli olaraq, insanlara öz istək və arzularını, narahatlıq doğuran məsələləri rayon rəhbərliyinə birbaşa çatdırmaq üçün real imkan yaranır. Beləliklə, gələcək fəaliyyətin başlıca konturları müəyyənləşir.
Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Yardımlıda fəaliyyətə başladığı ilk günlərdən bu məsələyə xüsusi diqqət yetirir. İdarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşlərdə rayon rəhbəri insanları səmimi dialoqa çağırır, şikayət, təklif və müraciətlərini obyektiv, qərəzsiz çatdırmağa dəvət edir. Bir qayda olaraq qaldırılan heç bir məsələ diqqətsiz qalmır. Elə yerindəcə aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərindən açıqlama tələb olunur, konkret münasibət və mövqe ortaya qoyulur.
Rayon rəhbərliyi son iki ay yarımda 70-dən artıq kənddə olmuş, yaddaqalan görüşlər keçirmiş, əhalinin müxtəlif təbəqələri ilə sıx ünsiyyət atmosferi yarada bilmişdir. Adamların qaldırdıqları məsələlər əsasən təbii qaz və su təchizatı, yolların, elektrik xətt təsərrüfatının mövcud vəziyyəti ilə bağlı olmuşdur. Əlbəttə, həmin sahələr üzrə indiyədək az iş görülməyib. Dövlət Proqramının icrası sayəsində bir çox sosial məsələlər yoluna qoyulub, amma görüləsi işlər də var. Məsələn, 90-a yaxın yaşayış məntəqəsindən yalnız 3-də (Yardımlı şəhəri, Sırıq və Əngövül kəndlərində) qazlaşdırma aparılıb. Vərov, Əngövül, Yolocaq, Separadi, Horavar, Hamarkənd, Abasabad, Köryədi, Osnağaran, Ökü, Sırıq və digər kəndlərdə kəskin su qıtlığı problemi yaşanır. Rayonun heç bir kənd yolu hələlik asfaltlaşdırılmayıb. Elektrik xətt təsərrüfatı xüsusilə yarıtmaz vəziyyətdədir. Bundan başqa, rayonda cəmi 3 bankomat quraşdırılıb: 2-si şəhərdə, 1-i isə Şəfəqli kəndindədir. Tələbat ödənmədiyindən ucqar kəndlərin sakinləri pensiya və müavinətlərini almaqda xeyli çətinlik çəkirlər. Rayonun bir sıra yaşayış məntəqələrində görüşlər zamanı sakinlər Viləş çayının üzərində nəqliyyat körpüsünün olmamasını həlli vacib problem kimi qabartmışlar. Bu məsələ əsasən Vərov, Əfcədulan, Yolocaq, Horonu, Horavar və Əngövül kəndlərinin camaatını narahat edir. Vərov və Anzov kəndlərində görüşlərdə çıxış edənlər tibb məntəqəsinin açılmasını, Mamulğan camaatı isə kəndə müasir telefon xəttinin çəkilməsini xahiş etmişlər. Bunlardan əlavə, vətəndaşların ünvanlı dövlət sosial yardımının verilməsi ilə əlaqədar da çoxlu müraciətləri olmuşdur.
Görüşlərin hər birində toxunulan məsələlər müfəssəl şəkildə qeydə alınmış və gələcək fəaliyyət planlarına daxil ediləcəyi nəzərə çatdırılmışdır. S.Hətəmov açıq söhbətə görə görüşlərin iştirakçılarına təşəkkürünü bildirmiş, dövlətin qayğısı və rayon rəhbərliyinin əhali ilə birgə səyləri sayəsində problemlərin həll ediləcəyinə əminlik ifadə etmişdir. O demişdir ki, gələcək uğurlar istisnasız olaraq hər kəsin doğma rayona təəssübkeş münasibət bəsləməsindən, tapşırılan iş üçün ciddi məsuliyyət daşımasından, başqa sözlə deyilsə, yaradıcılıq əzmi və fədakarlıq göstərməsindən asılıdır. Bir də ki, hər bir məmur vətəndaşların müraciətlərinə son dərəcə həssas yanaşmalı, onların problemlərini öz şəxsi məsələsi kimi qəbul etməlidir.
Yardımlıda ilkin olaraq diqqət çəkən cəhət odur ki, son aylar rayonda sözün əsl mənasında canlanma yaranmış, adamların icra strukturu rəhbərliyinə inamı xeyli artmışdır. Rayon mərkəzində və bir sıra kəndlərdə tikinti işləri sürətlənmişdir. Şəhərin giriş hissəsindən başlayaraq kilometrlərcə istinad divarları hörülmüş və ağ üzlük daşlarla bərkidilmişdir. İndi həmin istiqamətdə magistral yol da genişləndirilir, su arxları salınır, piyadalar üçün səkilər tikilir. Piyada yollarına müasir ornamentli üzlük pilitələr döşənir. Artıq həmin ərazidə yerləşən Heydər Əliyev bulağında zövqə uyğun əsaslı yenidənqurma işləri aparılmış, bulağın ətrafı abadlaşdırılmışdır.
Rayonda ilk dəfə olaraq tikilən 200 yerlik müasir tipli xeyir-şər evində son tamamlama işləri aparılır. Bundan əlavə, rayon statistika idarəsi üçün yeni ikimərtəbəli inzibati bina və vergi terminalı inşa olunub. Eyni zamanda Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün ikimərtəbəli bina tikilməkdədir.
Dövlət Proqramına uyğun olaraq, rayonun Ostayır, Şəfəqli və Alçabulaq kəndlərində 220 yerlik, Kürəkçi kəndində 360 yerlik, Gendərə və Gügavarda isə natamam orta məktəblər üçün binalar inşa olunur. Tikinti işlərinin, demək olar ki, hamısı sürət və keyfiyyətlə, icra cədvəlinə uyğun aparılır.
Yardımlıda əhalinin içməli suya olan tələbatını ödəmək istiqamətində də məqsədyönlü işlər görülür. Artıq rayonda 52,2 kilometr uzunluğunda yeni su xəttinin çəkilməsinə başlanıb. Alçabulaq kəndində 2, Odurağaran və Gavran kəndlərinin hər birində isə 1 artezian quyusu qazılmışdır.
Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində də irəliləyiş hiss olunur. Mayın 7-dən Əngövül kəndinə təbii qaz verilməyə başlanılıb. Hazırda rayon mərkəzi, Sırıq və Əngövül kəndlərində qazdan istifadə olunur. Mavi yanacaq alan abonentlərin ümumi sayı 1221-ə çatıb. İndi Bozayran, Osnağaran, Dəryavar, Ünəş, Daşkənd, Gavran, Urakəran, Şəfəqli kəndlərinin qazlaşdırılması üçün layihələndirmə işləri görülür.
İnam olan yerdə uğurları çox gözləmək lazım gəlmir. İndi Yardımlıda məhz belə bir mühit hökm sürməkdədir. Ümid edirik ki, çox keçməyəcək və rayon rəhbərliyinin yerlərdə təşkil edəcəyi növbəti görüşlərdə artıq nail olunan uğurlardan da ürək dolusu danışılacaq.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında