İndi bu adamların qayğıya, diqqətə, xoş sözə daha çox ehtiyacları var. "İndi" deyəndə ki, artıq 18 ildir köçkün həyatı davam edir. Amma heç kim ümidini qırmayıb, doğma torpağa qayıdacağı günə inanır və onu səbirsizliklə gözləyir.
Ev-eşiyindən didərgin düşməkdən ağır dərd nə ola bilər?!. Heç nə, belə olan şəraitdə bəzən xoş niyyətlə deyilən söz də bu adamlara acı gəlir. Buna görə də ehtiyatlı olmaq, adamların dərdlərini özününküləşdirmək, problemləri ilə yaşamaq, onların könlünü almaq, sabaha inamını artırmaq çox vacibdir. Bu baxımdan nə yaxşı ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov adamlarla, necə deyərlər, qaynayıb-qarışıb. Hövsələsizlik, laqeydlik, kobudluq kimi hisslər bu adama yaddır, bir köçkünü bir ayda 10 dəfə də qəbul etsə, dözəcək, vəziyyəti nəzarətə götürəcək, konkret köməklik göstərəcək. Yadımdadır, bir dəfə V.Məhərrəmov yenicə icra hakimiyyətinin başçısı işlədiyi vaxtlarda aparat işçilərindən birinin köçkünə "başçının qəbul günü sabahdır" deyib yola salmaq istəyəndə eşitdi və ona irad tutdu: "Əgər o qəbul gününu bilməyib gəlibsə, 80-100 kilometr geri, Yevlaxa və ya Bərdəyə qayıtmalıdır? Belə olmaz, çağırın eşidək" - dedi.
Elə o vaxtdan başçının qapısı hamının üzünə açıqdır.
- Mobil telefonumun nömrəsini demək olar ki, hamısı bilir. Bəzən gecə, saat 2-də zəng edən olur, deyə V.Məhərrəmov gülümsəyir - Nə deyəsiyəm? Demək, məcbur olub ki, mənə zəng edib. Adamlara laqeyd qalmaq olmaz.
Əslində rayon icra hakimiyyəti başçısının əhali ilə bu cür sıx təmasda olması həm də bir çox problemlərin həll edilməsinə imkan yaradır. Bu baxımdan səyyar qəbulların faydası çox olur. Bir baxın, təkcə son 3 ildə rayon icra hakimiyyətinin başçısı 12 min 483 nəfər qəbul edib. Bu ilin birinci rübündə 786 nəfər səyyar qəbulda olub.
Səyyar qəbullarda qaldırılan problemlərə nəzər salaq. Məsələn, onlardan biri Göygöl rayonu ərazisindəki məcburi köçkünlərin yaşadığı "Murovdağ" qəsəbəsinin qazlaşdırılması idi. Qəsəbədə məskunlaşan 400 ailənin qazla təmin olunması asan məsələ deyildi. Amma V.Məhərrəmov müvafiq təşkilatlar qarşısında məsələ qaldırdı, lazımi adamlarla görüşdü, layihə-smeta sənədlərinin tez bir zamanda hazırlanmasına nail oldu. Maraqlıdır ki, bu işlərə 5-6 ay qabaq, yəni noyabr ayında başlanmasına baxmayaraq, artıq 200-dən çox evə qaz çəkilib. İşlər sürətlə davam edir və iyun ayında qəsəbə sakinlərinin hamısı təbii qaz alacaq.
Yaxud, Şəmkir şəhərindəki peşə məktəbində 143 ailənin yaşadığı binanın əsaslı təmir olunması və ora xeyir-şər mağarının verilməsi məsələsi. O da tezliklə həll olundu. Yeri gəlmişkən, xeyir-şər mağarı təkcə çadırdan ibarət deyil. Bura stol-stullardan tutmuş, samovarlara, qab-qacaqlara kimi hər bir əşya daxildir.
Belə mağarların, evlərin sayı onlarladır. Samux rayonundakı Kalayır qəsəbəsində 60-dan çox ailə üçün 150 yerlik, Gəncə şəhərindəki Gülüstan qəsəbəsində 300 yerlik mağarların istifadəyə verilməsi, bir sıra yerlərdə xeyir-şər evlərinin əsaslı təmir olunması və hər cür avadanlıqla təchiz edilməsi adamların hədsiz razılığına səbəb olub.
Son 6 il ərzində məhz bu cür görüşlərdən, qəbullardan sonra 30-dan çox su nasosu, 25-dən artıq elektrik transformatoru alınıb işə salınıb, köçkünlərin vacib problemləri həll olunub.
Bu dövrdə rayon əhalisinin məskunlaşdığı yerlərdə 12 müasir tipli məktəb, 2 uşaq bağçası, 2 mədəniyyət evi, 1 klub, 1 poçt şöbəsi və digər ictimai binalar tikilib istifadəyə verilib.
Adamların yeni yaşayış evləri və mənzillərlə təchiz olunması üçün böyük işlər aparılır. Son 3 ildə Dövlət Proqramının icrası ilə əlaqədar köçkünlər üçün Qəbələ rayonunun Zapağan qəsəbəsində 133, Yevlax şəhərindəki Yeni məhəllədə 216 ev, Goranboy rayonu ərazisində 596 ailəlik qəsəbə, həmin rayonun şəhər ərazisində 200 ailə üçün ev tikilib istifadəyə verilmişdir.
Kəlbəcərlilər sevinirlər və fəxr edirlər ki, həmin qəsəbə və məhəllələrin açılışında ölkə başçısı İlham Əliyev iştirak etmişdir.
Hazırda rayon icra hakimiyyətinin Gəncə şəhərində yerləşən inzibati binası təmir olunur və burada son tamamlama işləri aparılır. Yüksək səviyyədə, zövqlə təmir olunan binanın önündə ulu öndərin abidəsi qoyulmuş və burada Dövlət Bayrağı meydanı tikilmişdir.
Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş 16 aprel 2012-ci il tarixli iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yekun nitqində məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində görülən işlərə və atılacaq addımlara geniş yer verilmişdir. Dövlət başçısının nitqində xüsusi vurğulanmışdır: "Bu il biz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün 300 milyon manat ayırırıq. İlin əvvəlində bu məbləğ 100 milyon manat ətrafında müəyyən edilmişdir. Ancaq sonra mənim təşəbbüsüm ilə biz bu bu rəqəmi üç dəfə artırdıq ki, hələ doğrudan da çətin vəziyyətdə yaşayan soydaşlarımızı tezliklə normal şəraitlə təmin elə bilək... Əlbəttə, yaxşı olardı ki, bu layihə ilin sonuna qədər tam şəkildə icra edilsin".
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşadırılması əsas problemlərdən biridir. 2012-ci ilin birinci rübündə yerlərdə keçirilən səyyar qəbullarda səsləndirilən təkliflərin əksəriyyətinin mənzillə bağlı olması bunu deməyə əsas verir. Belə ki, 2012-ci ilin I rübündə daxil olan 171 ərizənin 103 ədədi və ya 60,3 faizi ancaq mənzil məsələsinin həllinə aiddir. Aparılan ilkin təhlillər nəticəsində müəyyən edilmişdir ki, rayon üzrə 12 mindən çox ailənin mənzil şəraiti yaxşılaşdırılmalıdır.
Dövlət Proqramlarında Göygöl rayonu ərazisində 500 ailə üçün yeni qəsəbə salınması nəzərdə tutulmuşdur və tikintisi 2012-cü ilin planına daxil edilmişdir. Amma yaxşı olardı ki, həmin qəsəbənin tikintisi bu ilin planına daxil edilsin.
Rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov istər səyyar qəbullara, istərsə də vətəndaşlardan daxil olan ərizə və şikayətlərə xüsusi həssaslıqla yanaşır, yuxarıda qeyd etdiyimiz kimi, özü nümunə göstərir. Bütün bunlarla yanaşı, həmin sahədə nöqsanlara yol verənlərə qarşı ciddi mübarizə aparır. 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat məruzəsindən: "Birinci rübdə daxil olan ərizələrin təhlili göstərir ki, bir sıra inzibati ərazi nümayəndələri vətəndaşlarla yerlərdə lazımi izahat və hüquqi maarifləndirmə işləri aparmırlar, nəticədə yerlərdə həll olunası məsələlər barədə vətəndaşlar mərkəzi icra orqanlarına ərizələr yazırlar. Cari ilin I rübündə Çəpli, Seyidlər, Ağdaban, Zar, Zivel, Keştək kənd və Kəlbəcər şəhəri üzrə nümayəndəliklərin vətəndaşlarından daha çox ərizələr daxil olmuşdur. Bu sahədə Çəpli və Seyidlər kəndləri üzrə nümayəndə Nəbi İskəndərov və Əlağa Həsənovun fəaliyyətsizliyini xüsusi qeyd etmək lazımdır. Onların bu fəaliyyətsizliyi ciddi cəzaya layiqdir. Əlbəttə, I rübdə ərizə və şikayətlərə baxılması ilə əlaqədar görülmüş işlərin yekunlarına Şurada baxacağıq və günün tələbləri səviyyəsində işləməyi bacarmayandövlət qulluqçuları haqqında ciddi cəza tədbirləri görəcəyik. Nəzərə almaq lazımdır ki, cəzasızlıq şəraiti sonda kadrlarda arxayınçılıq, laqeydlik və intizamsızlıq kimi meylləri artırır".
Hər görüş, hər məktub ola bilsin, bir problemi həll edir, yerlərdəki vəziyyəti öyrənməyə imkan yaradır. Köçkünə diqqət, qayğı göstərmək həm də bir növ onlara vurulmuş maddi və mənəvi yaraları sağaldır. Gərək bunu heç vaxt yaddan çıxarmayaq. Yaxşı ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəhbərliyi bunu unutmur.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.