Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Bu baxımdan hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır.
Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Son illərdə dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu ilə əlaqədar mühüm siyasətlə bağlıdır. Dilin inkişafını iqtisadi nailiyyətlərdən üstün tutan ulu öndərimiz yazırdı: "İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var, o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik".
Bununla belə, ana dili problemi bu gün yenə də aktual olaraq qalır. Buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür. Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur. Konstitutsiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".
Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər görmüşdür. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirmişdir. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində onun geniş tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.
Prezident sərəncamında qeyd olunur ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir. Sənəddə on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust ayından bütövlükdə təmin edilmişdir. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğu nəzərdə tutularaq hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi ayrıca Prezident fərmanı ilə qərara alınmışdır.
Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ulu öndər qeyd edirdi ki, xalqın, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli Prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur.
Ulu öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Bu istiqamətdə atılmış vacib addımlardan biri də ulu öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Republikasının Qanunudur. Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Belə bir qanunun qəbulu ölkə Prezidenti kimi Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinə dövlət dili statusu qazandırmışdır. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri daim gündəmdə qalmaqla, böyük dövlət əhəmiyyəti daşıyır.
Ümummilli liderimiz Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın zəruriliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Bununla yanaşı qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.
Müstəqillik illərində Azərbaycan Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Dövlət başçısı kimi onun 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" , 2004-cü il yanvarın 14-də təsdiq etdiyi "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabr tarixli "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.
23 may 2012-ci ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilinin tətbiqi və inkişafı üçün yeni bir addımdır. Bu sənəddə Azərbaycan dilinin tarixi əsasları barədə mükəmməl təsəvvür yaradılmış və inkişaf problemləri haqqında sistemli şəkildə bəhs edilmişdir. Xüsusən, Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yanlış konsepsiyaya son qoyulması, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilməsinin zəruriliyi qeyd edilir.
Azərbaycan dilinin bütün ölkə miqyasında - mədəniyyət, elm, iqtisadiyyat, hərb,səhiyyə, siyasət, tədris və təlim sahəsində tətbiq olunması sənəddə zəruri və əməli cəhətdən əsaslandırılır və Azərbaycan dilçiliyi ilə bağlı görüləcək işlərin əsas konturları verilir. Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi-ideoloji vəzifələrindən, əsas milli, texniki maraqlarından biridir. Azərbaycan dilinin tarixi hüquqlarını qorumaq, onun mənəvi-siyasi nüfuzunu həm ölkə daxilində, həm də ölkə xaricində yüksəltmək sərəncamda xüsusi qeyd edilir.
İqtisadi əlaqələr genişləndikcə, ictimai-siyasi münasibətlər, eləcə də elmi-texniki tərəqqi dilin zənginləşməsini zəruri edir. Ünsiyyət vasitəsi olan dilin bugünkü inkişaf səviyyəsinə rekonstruktiv yanaşma təsdiqləyir ki, dilin inkişafı cəmiyyətin səviyyəsi, ictimai-siyasi hadisələrlə, qlobal dəyişikliklərlə əlaqədardır. Qloballaşan dünyada informasiya verən və onu qəbul edən mexanizm, yəni dil dövlətçiliklə tənzim olunduqda perspektivləri artır, işlənmə əhatəsi genişlənir, informasiya intensivliyi yüksəlir. Müstəqil dövlətçilik mərhələsi dilin inkişafının ən etibarlı bazasıdır.
Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Dil quruculuğu da dil siyasəti ilə bağlı olan anlayışıdır, yəni dilə şüurlu və məqsədyönlü təsirdir. Dil quruculuğu dil siyasətinin tərkib hissəsidir. Hazırkı dövrdə cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsir dairəsi onun leksik səviyyəsi ilə bağlıdır. Məhz beynəlxalq aləmə, Avropaya birbaşa çıxış dilin terminologiyasına təsir göstərir.
(ardı var)
{nl}
Sayalı SADIQOVA, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Dilcilik İnstitutunun şöbə müdiri, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.