Şriftin ölçüsü:
09.06.2012 01:58 | Oxunma sayı: 465
Son illər Azərbaycanda sosial infrastrukturun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmin tədbirlər sırasında icməli su sektorunda reallaşdırılan işlər diqqəti daha çox cəlb edir. İndi ölkənin içməli su sektoru, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Ölkə Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində paytaxt Bakıda, eləcə də bölgələrdə içməli su və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulması istiqamətində işlər getdikcə intensivləşir.
İyunun 8-də Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirildi. Tədbir iştirakçıları öncə layihə ilə ətraflı tanış oldular, tikinti-quraşdırma işləri zamanı istifadə olunacaq texnika və avadanlığa baxış keçirdilər.
Təməlqoyma mərasimində çıxış edən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış edərək aran bölgəsinin böyük şəhərlərindən olan, uzun illər keyfiyyətli içməli su qıtlığının müşahidə olunduğu Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin təməlinin qoyulması münasibətlə sakinləri təbrik etdi. Qeyd olundu ki, "Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" üzrə işlər Azərbaycan hökumətinin və Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçirilir. Hazırda Azərbaycan hökuməti tərəfindən əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran natiq "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına başlanıldığını bildirdi. Q. Hüseynov dedi ki, dövlət başçısı İlham Əliyev əhalinin 24 saat keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsini prioritet vəzifə kimi qarşıya qoyduğundan ötən ildən başlayaraq həm büdcə vəsaiti, həm də beynəlxalq qurumlardan dövlət zəmanəti ilə cəlb olunan kreditlər hesabına bir sıra layihələr reallaşdırılır.
Ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində Dünya Bankının da yaxından iştirak etdiyini söyləyən Q.Hüseynov bildirdi ki, Azərbaycan hökumətinin adıçəkilən qurumla birgə reallaşdırdığı "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində işlər getdikcə sürətləndirilir. Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə və mütəxəssislərinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirən Q. Hüseynov Sabirabad şəhərinin mövcud su təsərrüfatı sistemi barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Sabirabadda 1970-ci ildə yaradılmış mərkəzləşdirilmiş içməli su sistemi hazırda 28500 nəfərə, başqa sözlə, əhalinin cəmi 39 faizinə xidmət göstərir. Özü də həmin istehlakçılara içməli su Kür çayından götürülməklə qismən təmizlənərək verilir. Kanalizasiya sistemi isə mövcud tələblərə cavab vermir. Sabirabad şəhərini və ətraf kəndləri keyfiyyətli içməli su ilə fasiləsiz təchiz etmək məqsədilə mənbə kimi Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksinin seçildiyini diqqətə çatdıran "Azərsu" ASC-nin sədri dedi ki, yaxın vaxtlarda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərlərini və 97 kəndi içməli su ilə təchiz edəcək Şirvan-Muğan qrup su kəmər layihəsinin də icrasına başlanılacaq.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanılmasını rayonun sosial-iqtisadi həyatında son dərəcə əlamətdar bir hadisə olduğunu vurğuladı, bunu 15 İyun-Milli Qurtuluş Günü ərəfəsində sakinlər üçün ən böyük hədiyyə kimi dəyərləndirdi. Bütün bunlara görə rayon sakinləri adından ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən natiq bu layihənin bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğuladı.
Mərasimdə çıxış edən Milli Məclisin üzvü Ceyhun Osmanlı da öz növbəsində su təchizatı və kanalizasiya sistemlərinin təməlqoyma mərasimi ilə sabirabadlıların ən böyük arzularından birinin gerçəkliyə çevrildiyini diqqətə çatdırdı, bunu ölkəmizin sosial-iqtisadi inkişafının məntiqi nəticəsi kimi dəyərləndirdi.
Xatırladaq ki, "Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində Sabirabad şəhərində 34423, Qalaqayın, Suqovuşan, Qəfərli, Əsədli, Bulaqlı, Balakənd kəndlərində isə 14352 nəfər olmaqla ümumilikdə 48775 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşması nəzərdə tutulur. Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksək sıxlıqlı polietilen borulardan 79,8 kilometr uzunluğunda içməli su və 87 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 300-dən artıq yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 5400 kubmetr olan su anbarı inşa ediləcək. Yaranacaq çirkab suları kənarlaşdırarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotunel qazılacaq, həmçinin məhsuldarlığı sutkada 10500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaq. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi layihə üzrə işlərin isə 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Yeri gəlmişkən, Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tenderin nəticələrinə əsasən tikinti işlərini Türkiyə-Azərbaycan konsorsiumu olan "Koçoğlu-Art-Akkord" həyata keçirir.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.