Naxçıvanın çağdaş intibahı böyük arzulardan, güc və qüdrətdən, işgüzarlıqdan qaynaqlanır

Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}


Azərbaycanın zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır.
Hələ Dağlıq Qarabağ ərazisinə Ermənistanın ərazi iddiası və bununla bağlı başlanan müharibə nəticəsində 1990-cı illərin birinci yarısında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı, xüsusilə sənayesi Azərbaycanın başqa bölgələrinə nisbətən daha ağır vəziyyətə düşdü. Ümummilli lider Heydər Əliyevin o çətin günlərdə Naxçıvana rəhbərlik etməsi və 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi muxtar respublikanın iqtisadiyyatında da əsaslı islahatlar aparıldı. 20 ildən artıq bir dövr ərzində blokada şəraitində yaşayan muxtar respublikada müşahidə olunan tənəzzül həyata keçirilən proqram xarakterli, sistemli tədbirlər nəticəsində yenidən iqtisadi tərəqqi ilə əvəzləndi. Bu gün muxtar respublika iqtisadi inkişaf səviyyəsinə görə Azərbaycan Respublikasının regionları arasında ilk yerlərdən birini tutur. Prezident İlham Əliyevin bugünlərdə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı verilən hesabatlar bir daha həqiqəti təsdiqlədi. Ölkə rəhbərinin keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər fonunda bir daha aydın oldu ki, Naxçıvan Muxtar Respublikasında son illərdə həyata keçirilən çoxşaxəli quruculuq işləri bütün istiqamətlərdə əsaslı nailiyyətlərin əldə olunmasını təmin etmişdir. 1995-ci ildən sonrakı dövr muxtar respublikanın müasir tarixinin intibah mərhələsi kimi yaddaşlara həkk olunmuşdur. Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı çoxsahəli strukturu ilə Azərbaycanın digər regionlarından fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar yerli tələbatı müvafiq istehsal sahələri yaratmaqla daxili imkanlar hesabına təmin etmək zərurəti ilə bağlıdır. Son dövrdə muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz edilmişdir. Təbii ehtiyatların və istehsal imkanlarının səfərbər edilməsi ilə iqtisadi və sosial inkişafda yeni uğurlu nəticələr əldə edilməkdədir.
İqtisadi inkişafda müşahidə olunan artım meylləri mövcud istehsal müəssisələrinin fəaliyyətlərini bərpa etməsi ilə yanaşı, yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində mümkün olmuşdur. Azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq ümumi daxili məhsulda özəl bölmənin payı nəzərəçarpacaq dərəcədə artmışdır. Kapital qoyuluşuna yönəldilən investisiyalar yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, elm ocaqlarının, inzibati obyektlərin, infrastruktur sahələrinin tikilib istismara verilməsinə xidmət edir. Həyata keçirilən islahatlar əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və maddi rifahının yaxşılaşmasına səbəb olmuşdur.
Həyata keçirilən bu möhtəşəm quruculuq tədbirlərini ölkə Prezidenti İlham Əliyev muxtar respublikada olarkən yüksək qiymətləndirərək demişdir: "Naxçıvan sözün əsl mənasında inkişaf edir. Naxçıvanda bütün sahələrdə çox uğurlu inkişaf prosesi gedir. Dinamik inkişafdır. Bütün iqtisadi göstəricilərimiz çox yaxşıdır. Həm sənaye istehsalı artır, yeni müəssisələr açılır. Ümumi daxili məhsul artır. Bu gün Naxçıvanda olarkən, bir neçə yeni obyektin açılışında iştirak edərkən bir daha görürəm ki, hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir.
Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu öndərin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolu keçmişdir. Bu gün bütün sahələrdə, bütün bölgələrdə və o cümlədən Naxçıvanda Heydər Əliyev siyasəti uğurla icra edilir. Bu siyasət milli maraqlarımızın müdafiə edilməsi üçün yeganə düzgün siyasətdir. Ölkəmizin dinamik inkişafı göstərdi ki, bu siyasətə alternativ yoxdur".
Bu məqamda istər-istəməz yaxın keçmişə nəzər salmaq lazım gəlir. 1995-ci ildə Heydər Əliyev məktəbinin layiqli nümayəndəsi Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi, onun problemlərə dərindən bələdliyi, ardıcıl və yorulmaz fəaliyyəti, məqsədyönlü və fədakar işinin nəticəsində Naxçıvanın uğurları ilbəil artdı. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində müvəffəqiyyətlər qazanıldı, diyarın hərtərəfli inkişafı təmin edildi. Heç də təsadüfi deyildir ki, Heydər Əliyevin siyasi kursunu böyük inamla davam etdirən ölkə Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafında Naxçıvanın xüsusi yeri olduğunu dönə-dönə qeyd edərək demişdir: "Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır. Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir".
Onu da qeyd etmək lazımdır ki, ölkə Prezidentinin Naxçıvanın inkişafına verdiyi böyük qiymət, buradakı intibahı yüksək qiymətləndirməsi, Ali Məclis sədrinin bölgədə yaradıcı şəkildə həyata keçirdiyi abadlıq-quruculuq işlərinə dəstək verməsi böyük müvəffəqiyyətlərin əldə olunmasına təkan vermişdir. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu intibahın qaynaqlarını belə dəyərləndirmişdir: Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu intibah Sizin rəhbərliyinizlə uğurla davam və inkişaf etdirilir.Ulu öndərimizin şah əsəri olan müstəqil Azərbaycan hazırda lider dövlətə çevrilmişdir. Qısa müddət ərzində əldə olunan uğurların, inkişafın Azərbaycan modelinin bir səbəbi ulu öndər Heydər Əliyev yoluna sədaqətdirsə, əsas səbəblərdən biri də bu yolu müasir reallıqları nəzərə alaraq davam etdirən qurucu rəhbərin mövcudluğudur. Azərbaycan ümummilli liderimizdən sonra əldə etdiyi bütün möhtəşəm nailiyyətlərə görə Prezident İlham Əliyevə borcludur".
Müstəqillik dövründə Naxçıvanla Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası arasında çoxsaylı müqavilələr imzalanıb. Bu münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin inkişafına kömək etməkdədir.
1995-ci ildən Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində abadlıq işləri böyük vüsətlə aparılmış, orta və ali məktəb binaları, mədəni-maarif ocaqları, idman kompleksləri, elmi və inzibati binalar tikilmişdir. Naxçıvanın tarixi-memarlıq abidələri, böyük şəxsiyyətlərin ev-muzeyləri təmir olunmuş və ya yenidən qurulmuşdur.
Bu gün muxtar respublikada müşahidə edilən irimiqyaslı quruculuq işlərinin, iqtisadiyyata sürətli investisiya qoyuluşlarının təməlində uzun dövr üçün əsası qoyulmuş makroiqtisadi sabitlik və davamlı inkişaf dayanmaqdadır ki, bu da ilk növbədə səmərəli idarəetmənin nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sözləri ilə desək: "Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar". Prezident İlham Əliyev Naxçıvana budəfəki səfəri zamanı bu möcüzənin yeni səhifəsi ilə tanış oldu.
Naxçıvan Muxtar Respublikasına bundan əvvəlki səfəri - 2010-cu ilin oktyabrında olmuşdur. Ötən müddət ərzində muxtar respublikanın iqtisadiyyatında 54 faiz artım olmuş, sənaye, kənd təsərrüfatı və sosial sahələr inkişaf etmişdir. İqtisadiyyatın ümumi strukturuna uyğun olaraq və daxili bazarın qorunması tələbləri nəzərə alınaraq 43 istehsal və emal müəssisəsi yaradılmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 86 faiz təşkil etmişdir. Əhalinin məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 5791 yeni iş yeri açılmışdır. 2004-cü ildən ötən müddət ərzində açılan iş yerlərinin ümumi sayı isə 50 mindən çoxdur. Hər sahə üzrə inkişafın kökündə insan amili və insan tələbatlarının maksimum ödənilməsi dayanır. Bu istiqamətdə görülən tədbirlər sırasında əhalinin sağlamlığının qorunması çox mühüm əhəmiyyət kəsb edir.
Prezidentin 2010-cu il səfərindən sonra muxtar respublikanın rayonlarında on beş səhiyyə müəssisəsi istifadəyə verilmişdir, 6176 yerlik 13 məktəb binası, 800 yerlik üç uşaq bağçası tikilmiş və ya yenidən qurulmuşdur. Bundan başqa, Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsi üçün tədris korpusu, 462 yerlik tələbə evi, müasir tipli Tələbə Sosial Xidmət Mərkəzi istifadəyə verilmişdir. Təhsil müəssisələrində 405 elektron lövhə, 3 minə yaxın kompyuter dəsti quraşdırılmışdır. İstifadəyə verilən bütün təhsil müəssislərində açıq və örtülü idman qurğuları, idman zalları yaradılmış, Naxçıvanda idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlar keçirilmişdir.
Hər bir ölkənin regionlarının inkişafı onun ərzaq təhlükəsizliyi ilə sıx bağlıdır. Hazırda muxtar respublikada 114 növdə ərzaq, 202 növdə qeyri-ərzaq olmaqla, 316 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu artım xeyli dərəcədə sahibkarlığın inkişafı, kənd təsərrüfatının texnika və mineral gübrələrə olan tələbatının ödənilməsi ilə bağlıdır. 2005-ci ildən ötən müddət ərzində muxtar respublikaya 822 kənd təsərrüfatı texnikası, 29 min tondan çox mineral gübrə gətirilərək torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir.
Kəndlərin inkişafına xususi qayğı ilə yanaşılmış, 15 kənd və 14 xidmət mərkəzi istifadəyə verilmişdir. Bütün yaşayış məntəqələri tamamilə qazlaşdırılmış və rabitə ilə təmin olunmuşdur. Naxçıvan şəhəri, Babək, Şərur və Sədərək rayonlarında yeni nəsil telekommunikasiya sistemləri quraşdırılmış, muxtar respublikanın yaşayış məntəqələri fiber-optik kabel üzərindən genişzolaqlı və simsiz internetlə təmin olunmuş, rəqəmsal televiziya yayımının genişləndirilməsi məqsədi ilə ötürücülərin quraşdırılmasına başlanmışdır. Naxçıvanda fasiləsiz enerji təminatı həyata keçirilmiş, Naxçıvan modul və qaz-turbin elektrik stansiyaları, Heydər Əliyev Su Anbarı üzərində və Biləvdə su elektrik stansiyaları tikilmişdir. Hazırda Arpaçay Su Anbarı üzərində 20 meqavat gücündə stansiyanın və 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi aparılır.
Yol-nəqliyyat infrastrukturundakı quruculuq işləri davam etdirilmiş, 88 kilometrlik Naxçıvan-Sədərək magistral avtomobil yolu, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu istifadəyə verilmiş, 32,4 kilometrlik Naxçıvan-Culfa avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Hazırda uzunluğu 57 kilometr olan Çeşməbasar- Boyəhməd, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun yenidən qurulması davam etdirilməkdədir.
Şübhəsiz ki, görülən tədbirlər ümumi məhsul istehsalına da öz təsirini göstərmiş, 2012-ci ilin dörd ayında 500 milyon manatlığa yaxın ümumi daxili məhsul istehsal olunmuş, bunun hər nəfərə düşən həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artaraq, 1500 ABŞ dollarına çatmışdır. Öz növbəsində əhalinin gəlirləri də artmış, cari ilin dörd ayında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 360 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin dörd ayı ilə müqayisədə 11 faiz çoxdur. Əməkhaqlarındakı artımlar, insanların iş yerləri ilə təmin olunmaları demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı bir il əvvəlki göstəriciyə nisbətən 2,1 faiz artaraq 421 min nəfərdən çox olmuşdur.
Prezident İlham Əliyev hakimiyyətə başladığı 2003-cü ildən bəri doqquz dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. O, elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi və sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 60-a yaxın obyektin açılışında iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasına 30 may 2012-ci il səfərindən sonra da diyarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni irsinin və milli memarlıq ənənələrinin qorunub saxlanılması, şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılmışdır.
Orta əsrlərdə Şərqin çox möhtəşəm elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına da dəyərli töhfələr vermişdir. Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi ilə bütün Şərqdə ad qazanmışdır. Naxçıvanda bu günümüzədək qorunub saxlanılan arxeoloji abidələr, qədim karvansaralar, məscid və məbədlər, həmçinin mədəni irsimizin inciləri sırasında çox layiqli yerini tutan, Azərbaycan tarixinə nadir incilər kimi daxil olan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, "Əshabi-Kəhf" ziyarətgahı, Əlincəçay Xanəgahı öz möhtəşəmliyi ilə bütün dünyanı heyran edir. Zəngin tarixi, elmi və ədəbi varislik ənənələrə malik Naxçıvan Azərbaycan siyəsətinə, dünya elminə və ədəbiyyatına, hərb tariximizə neçə-neçə görkəmli və əvəzedilməz şəxsiyyətlər yetişdirən bir diyardır.
Blokada şəraitində olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikası öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf yolundadır. Burada bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilmiş, Beynəlxalq Hava Limanı, elektrik stansiyaları, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa edilmiş, yeni yollar çəkilmiş, istehsal müəssisələri yaradılmışdır. Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış yerlərində milli və müasir memarlığın nailiyyətlərini özündə əks etdirən meydanlar, istirahət bağları və parkları, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, neçə-neçə tarixi memarlıq abidələri bərpa edilərək əvvəlki tarixi görkəminə qaytarılmışdır.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, Naxçıvan Muxtar Respublikasının 80 və 85 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuş, Naxçıvanın tarixinə dair yeni elmi araşdırmalar aparılmış, milli dəyərlərin inkişafı, tarixi abidələrin qorunması və bərpası istiqamətində tədbirlər görülmüşdür. Görülən tədbirlər, tikilən obyektlər ölkəmizin iqtisadi qüdrətinin bu regionda əyani təzahürüdür.
Sonda mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin Naxçıvana səfəri zamanı Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun dediyi sözləri xatırlatmaq yerinə düşər: "Ulu öndər Heydər Əliyev daim Azərbaycanı, o cümlədən Naxçıvanın gələcəyini düşünür və deyirdi ki, "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin". Bu gün biz hamımız ümummilli liderimizin bu arzu və istəklərinin yerinə yetirilməsinin şahidləriyik. Bütün bunlara görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin hörmət və ehtiramımızı və minnətdarlığımızı bildiririk."

{nl}

Namiq QƏDİMOĞLU, Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında