Türk Cümhuriyyətinin qurucusu Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" möhtəşəm kəlamı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi "Bir millət-iki dövlət" ifadəsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir. İki dövlət arasında münasibətlərin yeni mərhələsi 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra başlanmışdır. Türkiyə Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk ölkə olmuşdur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması zəruri bir addım olmaqla, Türkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur. Tarixi və etnik köklərə bağlı olan bu təbii yaxınlaşma, ümumi maraqlar ətrafında səylərin birləşməsinə, gələcəyin möhkəm təməllər üzərində qurulmasına hüdudsuz imkanlar yaratmaqdadır. Eyni zamanda, yeni dünya nizamında ədalətin əsas meyar kimi qəbul edilməsinə sadiqliyini hər iki dövlət daim ortaya qoyur.
Yaxın tarixə bir nəzər
Türkiyə və Azərbaycan arasındakı əlaqələrin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi ilk növbədə tarixi təmələ söykənir. 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həmlələrdən müdafiəsində və möhkəmlənməsində o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak etmişdir. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər bolşevik bayrağı altında Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər. Belə bir mürəkkəb şəraitdə müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətin öz ərazi bütövlüyünü qorumaq və daxildəki erməni-bolşevik birləşmələrini zərərsizləşdirmək imkanları hələ yetərincə deyildi. O dövrdə Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə aparılan ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakının "Sentrokaspi diktaturası"ndan - menşevik-eser və daşnak qoşunlarından azad olunduğu 15 sentyabr bu gun tariximizin ən şanlı səhifələrindəndir. Hərbi nazir Ənvər Paşa o vaxtlar Nuru Paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm".
Bakıya daxil olan türk ordusunun komandanları Nuru Paşa, Xəlil Paşa, Mürsəl Paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar və Tağıyev ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş etdi. 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Yalnız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq, 1999-cu ildə Bakının fəthi ugrunda şəhid olanların şərəfinə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı. 70 illik sovet hakimiyyəti illərində bu tarix gizlədilsə də, XX əsr Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi bizim günlərdə böyuk bir qəhrəmanlıq tarixi kimi yad edilir.
Dərin köklərə bağlı bu günümüz
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan Türkiyə və Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək, beynəlxalq ictimaiyyəti ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili siyasətin bu gün yaratdığı problemləri aradan qaldırmağa çalışması hər iki ölkənin ortaq maraqlarından irəli gəlir. Rəsmi Ankara daim Azərbaycanın yanında olduğunu bəyan edir. Azərbaycan və Türkiyə iki dövlət olsa da, ümümi hədəfləri birdir.
Azərbaycanla Türkiyə arasında mədəni-humanitar əlaqələr də yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3000 nəfərə çatır. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan ordusu üçün zabit kadrların hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynamışdır. Azərbaycan və Türkiyə Respublikaları arasında ötən dövrdə 140-dan çox saziş, müqavilə, birgə bəyannamə və protokollar imzalanmışdır. İqtisadiyyata yönəldilən xarici investisiyalar sahəsində qardaş ölkə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Türkiyədən Azərbaycana idxalda ərzaq və kənd təsərrüfatı, elektrik cihazları və neft-kimya məhsulları, müxtəlif maşınlar və avadanlıq, inşaat-tikinti materialları, təbii ipək, ipək, tekstil və trikotaj malları, müxtəlif avtomobil hissələri, məişət avadanlıqları, metallurgiya məmulatları və mebel üstünlük təşkil edir. Azərbaycandan Türkiyəyə ixracda isə neft və neft məhsulları əsas yeri tutur. Kiçik həcmdə pambıq mahlıcı, polietilen, şəkər çuğunduru da ixrac olunur. Azərbaycanın hazırda dünyanın 147 ölkəsi ilə ticarət əlaqələri vardır və Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Türkiyənin iş adamları və şirkətləri 2002-2010-cu illər ərzində Azərbaycanın neft və qeyri-neft sektoruna 1,653 milyard manat həcmində investisiya yönəltmişlər, bu da həmin dövr ərzində ölkəyə yatırılan sərmayələrin 7 faizini təşkil etmişdir. Təkcə 2010-cu ildə Türkiyə Azərbaycana 94,8 milyon manat (120,0 mln. ABŞ dolları) həcmində sərmayə (neft və qeyri-neft sektorlarına) qoymuşdur ki, bu da həmin dövrdə əsas kapitala yönəldilən ümumi xarici investisiyaların 3,9 faizini təşkil etmişdir. Bu xüsusi çəki ilə Türkiyə xarici investorlar arasında Böyük Britaniya (1247,0 mln. manat,), ABŞ (359,38 mln. manat), Çexiya (216,7 mln. manat), Yaponiya (180,1 mln. manat) və Norveçdən (111,86 mln. manat) sonra 6-ci yeri tutmuşdur.
2006-cı ildə Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınmış və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilmişdir. 2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikinti işləri Türkiyə və Gürcüstan ərazisində uğurla davam etdirilir və bu yolunun 2012-ci ildə istismara verilməsi planlaşdırılır.
Zaman sınağa çəkəndə bir olduq...
Tarixin müxtəlif dönəmlərində həmişə bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq salmağa çalışmışlar. "Sürix protokolları" - Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmaq, işğalçı Ermənistanın blokadadan çıxması məqsədini ortaya qoyan protokol Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı müttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı. Amma Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymamaq üçün çevik diplomatik gediş etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Ankara birmənalı şəkildə bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan, Ermənistanın işğalçı siyasətinə və əsassız ərazi iddialarına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz. Dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu analitikləri də o qənaətdədirlər ki, Azərbaycan və Türkiyə dünyada mahiyyətcə ən dərin və möhkəm münasibətlərə malik olan ölkələrdəndir. Dil, din, mədəniyyət faktorunu kənara qoysaq belə, siyasi-strateji mənada hər iki ölkə bir-biri üçün zəruri tərəfdaşlığa böyuk önəm verir. Türkiyə üçün Cənubi Qafqazın lokomotivi olan Azərbaycan bölgəyə girişdir və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Buna görə də Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi layihələr ərsəyə gələn zaman strateji tərəfdaşlıq-işbirliyi nümunələri deyilənləri əsaslandırır.
Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan önəmli tranzit məntəqə kimi əvəzedilməzdir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq göstərir. Daha önəmlisi, istər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birilərini dəstəkləməkdədirlər. Türkiyə də Azərbaycan üçün zəruri strateji önəmə malik tərəfdaşdır. Regionda sülh və sabitliyin təmin olunması, bölgədə yeni əməkdaşlıq imkanlarının yaradılması, yeni enerji xəritəsinin formalaşdırılması, qlobal miqyasda milli və transmilli maraqların müdafiəsi mənasında Ankara Bakı üçün önəmli arxadaşdır. Bu gün hərtərəfli əməkdaşlıq strateji müttəfiqlik səviyyəsinə qalxmışdır. Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Rəsmi Bakı isə öz növbəsində uydurma "erməni soyqırımı"nın ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar atır. Xatırlatmaq lazımdır ki, 2009-cu ilin fevralında rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağı ilə bağlı yayılan məlumatlar istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif səviyyələrdə narazılıqla qarşılandı. Zəngin dövlətçilik təcrübəsinə malik Türkiyə bu dəfə də milli maraqlarını müdafiə etmək, müstəqil siyasət yetirmək niyyətində olduğunu sübuta yetirdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, o cümlədən Prezident Abdullah Gül bu məlumatların reallıqdan uzaq olduğunu bəyan etdilər. Türkiyənin adekvat addımlarını da xüsusi vurğulamaq lazımdır. Qarsda "erməni-türk dostluğu"na ucaldılmış bədnam abidənin uçurulması, Ermənistanla şərti olaraq imzalanmış "Sürix protokolları"nın təsdiqlənməməsi ortaq maraqlara sədaqətin əyani göstəricisidir. Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın bir müddət əvvəl Azərbaycana gerçəkləşmiş növbəti rəsmi səfəri də müəyyən mənada ümumtürk birliyinə qarşı yönəlmiş təhdidlərə, qısqanc yanaşmalara layiqli cavab reaksiyası kimi qəbul oluna bilər. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir.
* * *
Türkiyə Prezidenti Abdullah Gülun 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə deyilir: "Xalqlarımız arasında dərin köklərə malik yaxınlığın, nümunəvi həmrəyliyin konkret işlər əsasında daha da gücləndirilərək, irəli aparılması ən böyük amalımızdır". Həm deyilənlər, həm də tarix göstərir ki, müstəqilliyini bərpa edəndən sonra Azərbaycan ilə Türkiyə işbirliyindəki münasibətlər, istər xalqlarımıza, istərsə də bölgədə sülh və əmin-amanlığa xidmət edəcək şəkildə hər gün daha da yüksəlməkdədir və bu hər iki dövlətin başlıca hədəflərindəndir.
{nl}
Namiq QƏDİMOĞLU, "Xalq qəzeti"
{nl}
Yazı Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin və Azərbaycan Mətbuat Şurasının "Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq" mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.