Şriftin ölçüsü:
08.06.2012 11:11 | Oxunma sayı: 612
İyunun 6-da Naxçıvan şəhərində "Su təchizatı və kanalizasiya investisiya layihəsi-2" üzrə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında, eləcə də Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə Asiya İnkişaf Bankı arasında layihə sazişlərinin imzalanma mərasimi keçirilmişdir. Sənədləri "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov və Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono imzalamışlar.
İmzalanma mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qonaqları salamlayaraq bildirmişdir ki, ölkəmizin sürətli inkişafı, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıqda da öz əksini tapır. Bu baxımdan Asiya İnkişaf Bankı ilə getdikcə dərinləşən əlaqələrin, qurulan qarşılıqlı əməkdaşlığın həm də yaxşı perspektivləri vardır. Ali Məclisin sədri demişdir ki, Asiya İnkişaf Bankı ilə qurulan səmərəli əməkdaşlığın nəticəsidir ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikada müxtəlif sahələrdə uğurlu layihələr icra olunur. "Şəhər su təchizatı və kanalizasiya layihəsi" də qurulan səmərəli əməkdaşlığın davamıdır. Bu layihə üzrə imzalanmış müqaviləyə əsasən, artıq Naxçıvan şəhərində birinci tranş üzrə işlər başa çatdırılmış, 61 kilometr şəhərdaxili su şəbəkəsi, 57 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi tikilmiş, 10 mindən yuxarı ev birləşmələrinin çəkilişi başa çatdırılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qeyd olunmuşdur ki, Naxçıvan şəhərində "Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı" layihəsi çərçivəsində ikinci tranş üzrə işlərin 2013-cü ildə tamamilə başa çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində 136 kilometr şəhərdaxili kanalizasiya, 162 kilometr şəhərdaxili su şəbəkəsinin və 10 mindən yuxarı ev birləşməsinin tikintisi aparılacaqdır. Layihənin icrasından sonra Naxçıvan şəhərinin 2035-ci ilə qədərki perspektiv inkişafı nəzərə alınmaqla əhali keyfiyyətli içməli su ilə tam təmin olunacaqdır. V. Talıbov Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri zamanı muxtar respublikanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin gedişi ilə maraqlandığını və bununla bağlı müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırmışdır. Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono təmsil etdiyi qurumun Azərbaycan hökuməti ilə əməkdaşlığından məmnunluğunu bildirmiş, Naxçıvan, Göyçay və Ağdaş şəhərlərində su təchizatı və kanalizasiya layihələrinin icrasını yüksək qiymətləndirmiş və görülən işlərə texniki nəzarətin həyata keçirildiyini qeyd etmişdir. O. Noroyono son 10 ildə Asiya İnkişaf Bankının ən böyük krediti məhz bu gün ayırdığını xatırladaraq qeyd etmişdir ki, indiyədək su təsərrüfatı sektoruna 375 milyon ABŞ dolları kredit ayıran bank qarşıdakı illərdə əlavə 225 milyon ABŞ dolları vəsait ayırmaq niyyətindədir.
Yeri gəlmişkən, "Su təchizatı və kanalizasiya investisiya layihəsi-2" çərçivəsində Asiya İnkişaf Bankı Azərbaycana güzəştli şərtlərlə 300 milyon ABŞ dolları məbləğində kredit ayırır. Həmin vəsaitin 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına sərf olunacaq. Layihəyə uyğun olaraq Göyçay şəhərində 55,7 kilometr uzunluğunda paylayıcı su xətti, 50,9 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 3339 ünvanda birləşdirmə aparılaraq sayğaclar quraşdırılacaq. Layihə üzrə işlərin 17 aya yekunlaşdırılması planlaşdırılır. Ağdaş şəhərində hər birinin tutumu 2 min kubmetr olan iki ədəd su anbarı tikiləcək, 147 kilometr uzunluğunda su xətti çəkilərək 7626 ünvanda birləşdirmə aparılacaq. Bununla paralel olaraq, 121 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək və sutkalıq gücü 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaq. Beyləqan şəhərində hər birinin tutumu 500 kubmetr olan iki ədəd su anbarı tikiləcək, 80 kilometr uzunluğunda su xətti çəkilərək 3363 ünvanda birləşdirmə aparılacaq. Şəhərdə çirkab suları idarə etmək məqsədilə 79 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək və sutkalıq gücü 5 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Bütövlükdə isə "Su təchizatı və kanalizasiya investisiya layihəsi" çərçivəsində Ağdaş, Göyçay, Ağcabədi, Balakən, Beyləqan və Naxçıvan şəhərlərində 500 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması təmin ediləcək.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.