"İctimai Televiziya və radio yayımı haqqında" Qanuna dəyişikliklər olunacaqdır

İyunun 6-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilmişdir. İclasda "İctimai Televiziya və radio yayımı haqqında" qanuna dəyişikliklər edilməsi barədə" Qanun layihəsinə baxılmışdır. 
Komitənin sədri Nizami Cəfərov bildirmişdir ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş layihədə sözügedən qanunun bir neçə maddəsinə dəyişikliklər edilməsi təklif olunur. Bunlardan biri "İctimai yayımçının hüquqi statusu" ilə bağlıdır. Dəyişiklikdə deyilir ki, ictimai yayımçı öz əmlakı üzərində mülkiyyət hüququna malikdir, bu əmlakdan ictimai yayımın məqsədləri üçün istifadə edilə bilər. Digər bir maddəyə təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, ictimai yayımçının əmlakı ancaq yeniləşdirilmək məqsədi ilə satıla bilər. Qanun layihəsinə əsasən ictimai yayım xidmətlərinin rəhbərləri, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım Şurası tərəfindən sadə səs çoxluğu ilə təsdiq olunurlar.
İclasda deputatlar Rafael Hüseynov, Jalə Əliyeva, Leyla Abdullayeva çıxış edərək maarifləndirmə xarakteri daşıyan xarici serialların, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılması barədə qanuna təklif olunan dəyişikliyi yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, sözügedən dəyişikliklər İctimai Televiziyanın inkişafına böyük təkan verəcəkdir.
Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirmişdir ki, İctimai Televiziya yarandığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının diqqətini cəlb edə bilmişdir. Artıq özünü təsdiqləmiş, həyatımızın bir hissəsinə çevrilmiş bu televiziya daim inkişaf edir. Şura sədri televiziyanın fəaliyyətində ortaya çıxan bəzi problemləri aradan qaldırmaq üçün bugünkü sənədin çox əhəmiyyətli olacağını vurğulamışdır.
İclasda iştirak edən İctimai televiziyanın baş direktorunun müavini Elman Qədirli layihə ilə bağlı fikirlərini bölüşmüşdür.
Sonda sənəd təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında