Yuxarı Qarabağ kanalı bolluq, bərəkət mənbəyidir

Meliorasiya və su təsərrüfatı kompleksi ölkənin ərzaq təhlükəsizliyində böyük rol oynayır

{nl}


İndi kənddə işlərin qızğın çağıdır. Artıq taxıl biçini başlanıb, yem bitkiləri toplanır, meyvə-tərəvəz tədarük edilir, pambıq sahələrində becərmə işləri sürətlə davam etdirilir. Burada, əlbəttə, meliorasiya və su təsərrüfatı işçilərinin də üzərinə məsul vəzifələr düşür. Yeri gəlmişkən, qeyd edək ki, aparılan iqtisadi islahatlarla əlaqədar rayonlarda aqrar-sənaye kombinatları ləğv edildikdən sonra kənd əməkçilərinin, fermerlərin, sahibkarların üz tutduqları və kömək umduqları əsas qurumlardan biri, bəlkə də, birincisi meliorasiya və su təsərrüfatı idarələridir.
Bəs, cari ildə yerlərdə işlərin gedişi nə vəziyyətdədir? Qarşıda duran konkret vəzifələr, çətinlik və problemlər necə aradan qaldırılır? Biz bu suallarla Yevlax rayonundakı Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi İlyas Səfərova müraciət etdik. İlyas Səfərov uzun illərdir ki, meliorasiya və su təsərrüfatı sistemində müxtəlif rəhbər vəzifələrdə çalışır. Adamlarla dil tapmaq, onları öz ardınca apara bilmək, müasir idarəetməyə dərindən bələdlik, təşəbbüskarlıq, fəallıq və sadəlik - onu bax, bu keyfiyyətləri ilə daha çox sevirlər. Söhbətimizə də meliorasiya və su təsərrüfatı kompleksi ilə kənd adamlarının, fermerlərin, sahibkarların qarşılıqlı əlaqə və əməkdaşlıqlarından, onlara kömək və qayğıdan, birgə əldə edilmiş uğurlardan başladıq:
- Əvvəlcə belə bir həqiqəti qeyd etməliyik ki, həyatımızın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də əsaslı inkişaf və yüksəlişin bünövrəsi ötən əsrin 70-80-ci illərində xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. O illərdə torpaqların meliorasiyası işinin ardıcıl davam etdirilməsinin, yeni kanalların çəkilməsinin, maddi-texniki bazanın möhkəmləndirilməsinin nəticəsində yüz min hektarlarla sahələr əkin dövriyyəsinə daxil edilmişdir. Digər tərəfdən, torpaqların sağlamlaşdırılması məhsuldarlığın yüksəlməsi, ümumi istehsalın artması ilə nəticələndi. Həmin illər respublikanın kənd təsərrüfatında qazanılan böyük uğurlar, xüsusilə pambıqçılıqda, taxılçılıqda, üzümçülükdə əldə edilmiş yüksək göstəricilər dediklərimizi təsdiqləyir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş həmin ənənələr bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla davam etdirilir. Meliorasiya və su təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatları, imzalanmış fərman və sərəncamları, bir sözlə, həyata keçirilən kompleks tədbirləri bir daha yada salmaq istəyirəm. Bu gün Azərbaycan kəndi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu inkişaf və yüksəlişdə kənd adamının özü də dəyişmiş, daha çalışqan, təşəbbüskar və imkanlı olmuşdur. Bu bolluğu və bərəkəti, xoşbəxt və firavan həyatı yaradanlar sırasında biz meliorasiya və su təsərrüfatı sistemində çalışanların da layiqli payı var.
Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi 1958-ci ildən fəaliyyət göstərir. İdarənin əsas vəzifəsi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsi ilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalı daim saz vəziyyətdə saxlamaqdan ibarətdir.
Kanal mənbəyini Mingəçevir Su Anbarından öz axını ilə götürərək respublikamızın Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Laçın, Beyləqan, Ağdam və İmişli rayonlarını suvarma suyu ilə təmin edir. Bununla yanaşı, yay aylarında Araz çayında su çatışmazlığı olduqda Qarabağ Kanalı vasitəsi ilə Bəhramtəpə hidroqovşağına su verilir. Onu da deyək ki, yay vaxtı bu suyun Bəhramtəpə hidroqovşağına verilməsi respublikamızın İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını quraqlıqdan xilas edir.
Göründüyü kimi, xidmət etdiyimiz bölgələr respublikanın ən böyük kənd təsərrüfatı rayonlarıdır. Bu ərazidə məhsul istehsalı ildən-ilə artır. Taxıl və heyvandarlıq məhsulları xüsusilə çoxalmışdır. Elə fermerlər var ki, əvvəlki illərlə müqayisədə taxılın məhsuldarlığını 3 dəfə artırmışdır. Bu isə digər mühüm amillərlə yanaşı, kənd adamları, fermer və sahibkarlarla aparılan ardıcıl və məqsədyönlü işin, onların müraciətlərinə həssas münasibətin, gündəlik nəzarətin bilavasitə nəticəsidir.
Yeri gəlmişkən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə kollektivimizin, o cümlədən kənd adamının, fermerlərin, sahibkarın adından təşəkkürümüzü bildirmək istəyirəm. İşin daha operativ və səmərəli təşkili, idarənin maddi-texniki bazasını daha da möhkəmləndirmək üçün nə vaxt müraciət etmişiksə, dərhal ASC-də müsbət həllini tapıb. İdarəmizin kollektivi, əlbəttə, bu diqqət və qayğıya əməli işlərlə cavab verir. 2011-ci ildə və bu ilin ötən ayları ərzində nəzərdə tutulan bütün tapşırıqlar vaxtında və artıqlaması ilə yerinə yetirilmişdir. Nəzərdə tutulan limitə uyğun olaraq 2012-ci ilin ötən ayları ərzində Mingəçevir Su Anbarından Qarabağ Kanalına 1,016 milyard kubmetr su götürülmüşdür. Ayrı-ayrı rayonlara verilən suyun həcmi isə 731 milyon 628 min kubmetr olmuşdur. 172,4 kilometrlik kanal üzərindəki 12 səviyyəqaldırıcı, 45 paylayıcı, 23 selötürücü qurğu, 32 körpü və s. texniki avadanlıq normaya uyğun istismar edilir.
Yuxarı Qarabağ Kanalı tikilərkən İnçə çayı ilə kəsişmədə hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə sutullayıcı qəza qapıları nəzərdə tutulmamışdır. Halbuki, bu qurğunun tikintisinə böyük ehtiyac vardı. Ona görə də 2011-ci ildə Yuxarı Qarabağ Kanalının İnçə çayı ilə kəsişməsində suburaxma qabiliyyəti saniyədə 30 kubmetr olan qəza sutullayıcı qurğunun tikintisi plana salındı. Layihə-smeta sənədləri respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin "Azmelsutəslayihə" İnstitutu tərəfindən hazırlanmışdır. Smeta dəyəri 650 min manat olan obyektin tikintisi üçün 2011-ci ildə 250 min manat, 2012-ci ildə isə 400 min manat vəsait nəzərdə tutulmuşdur. İşlərin sürəti göstərir ki, obyektin tikintisi yaxın vaxtlarda başa çatdırılacaqdır.
Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin ayrı-ayrı bölmələrində, maşın və mexanizmlərdə aparılan təmir və bərpa işləri barədə də danışmaq lazım gəlir. İşin düzgün təşkili, ciddi növbəlilik prinsipləri, su itkisinə yol verilməməsi və s. məhz bu amillərdən çox asılıdır. Belə ki, təkcə 2012-ci ilin ötən ayları ərzində Yuxarı Qarabağ kanalında 126 min manatlıq əsaslı, 266 min manatlıq isə cari təmir işləri aparılmışdır. Kəndi, ilboyu əkilib-becərilən torpaq sahələrini susuz təsəvvür etmək mümkün deyil. Ona görə də çalışırıq ki, kanal və ona xidmət edən qurğular daim saz vəziyyətdə olsun. Nəzərə almaq lazımdır ki, hər hansı bir nasazlıq və ya fasilə yaranarsa, o zaman işin ümumi ahəngi pozulur, kimsə hardasa narazı qalır, sahələr sudan korluq çəkir. Bu isə yolverilməzdir.
Kənd adamı üçün ən böyük sevinc yüksək nəticə, götürdüyü bol məhsuldur. Vaxtında aparılan meliorasiya tədbirləri, suvarmanın keyfiyyəti fermerlərlə, sahibkarlarla qarşılıqlı, əlbir fəaliyyət öz gözəl bəhrəsini verir. Belə ki, xidmət etdiyimiz rayonlarda işlərin təşkili, kənd adamları ilə keçirdiyimiz görüş və söhbətlər, gördüklərimiz və şahidi olduqlarımız belə deməyə əsas verir ki, bu il kənd təsərrüfatı məhsulları istehsalı sahəsində daha böyük uğurlar əldə ediləcəkdir. Artıq ilk nəticələr məlumdur. Məsələn, taxıl, meyvə-tərəvəz, yem bitkiləri, heyvandarlıq məhsulları istehsalı ötən illərlə müqayisədə xeyli yüksəlmişdir. Bu isə bizim sevincimizi ikiqat artırır. Deməli, zəhmətimiz hədər getməyib.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında