Şəkidə heyvandarların respublika müşavirəsi keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, dünən Şəki şəhərinin Olimpiya İdman Kompleksində şəhər və rayon icra hakimiyyətləri başçılarının aqrar məsələləri üzrə müavinləri, ərazi-kənd təsərrüfatı idarələrinin rəisləri, maldarlıq üzrə dövlət və özəl damazlıq təsərrüfatlarının rəhbərləri, "Aqrolizinq" ASC-nin vasitəsilə damazlıq düyə alan sahibkarlar, bələdiyyə sədrləri, orta və iri heyvandarlıq təsərrüfatları başçılarının, fermerlərin iştirakı ilə "Heyvandarlıqda damazlıq-seleksiya işləri"nə həsr olunmuş respublika seminar-müşavirəsi keçirmişdir. 
Tədbir başlanmazdan əvvəl seminar-müşavirənin iştirakçıları Şəki Şəhər İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil və gül dəstələri qoymuşlar.
Kənd təsərrüfatı naziri İsmət Abasov seminar iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı, heyvandarlığın inkişafına ayrılan subsidiyalar haqqında ətraflı məlumat vermişdir.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq ət istehsalının kəsilmiş çəkidə 340 min tona, süd istehsalının 2,4 milyon tona çatdırılması üçün qarşıda duran vəzifələrdən danışmaq, heyvandarlığın intensiv inkişaf etdirilməsi, birinci növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının vacibliyini qeyd etmiş, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə son 3 ildə və bu ilin 5 ayında Respublikaya 4350 baş damazlıq heyvan gətirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, son 5 ildə respublikada 230738 baş heyvan süni mayalanmış və nəticədə 133706 baş bala alınmışdır.
İsmət Abasov "Damazlıq heyvandarlıq haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul olunması və orada heyvandarlıqda damazlıq-seleksiya işlərinin vacibliyinin əks olunduğunu seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Nazir çıxışında respublikada maldarlıq və camışçılıq üzrə mövcud olan 10 dövlət, 53 özəl damazlıq təsərrüfatının fəaliyyətini yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, respublikada 750 min baş cins mal-qara var ki, bu da ümumi naxırın 28 faizini təşkil edir. Damazlıq-seleksiya işinin əsas məqsədi heyvanlar arasında yüksək məhsul verən mal-qaranı seçib, onların sayını artırmaqdır. Müşavirənin sonunda nazir fermer və sahibkarlara mal-qaranın cins tərkibini yaxşılaşdıraraq, yüksək məhsul əldə etmək üçün damazlıq-seleksiya işlərinə xüsusi diqqət yetirmələrini tövsiyə etmişdir.
Seminar iştirakçıları "Şəki Aqro İndastris" Məhdud Məsuliyyətli Cəmiyyətin heyvandarlıq təsərrüfatında inəklərin yemləndirilməsi, buzovların bəslənilməsi, süni mayalanmanın aparılması prosesləri ilə tanış olmuş, süd sexində qrup halında inəklərin sağılmasına və pendir emalı sexinə baxış keçirmişlər.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında