Yerli icra hakimiyyətləri haqqında Ə S A S N A M Ə

1. Ümumi müddəalar
1.1.Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır.
1.2.Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin I hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
1.3.Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
1.4.Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar.
1.5.Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumlar (bundan sonra - yanında olan qurumlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və müvafiq inzibati ərazi vahidində fəaliyyət göstərən qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər.
1.6.Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər.
Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər.
Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.
1.7.Yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan qurumların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.8.Yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsi) və mövcud qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin təşkili
2.1.Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq, yerli icra hakimiyyətlərinin başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
2.2.Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.
2.3.Yerli icra hakimiyyətinin başçısı təyin edilən şəxsin ali təhsili olmalıdır. Yerli icra hakimiyyətlərinin başçıları eyni zamanda heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından və ona olan əlavələrdən və əmsallardan başqa məvacib ala bilməzlər. Yerli icra hakimiyyəti başçısının ikili vətəndaşlığına, başqa dövlətlər qarşısında öhdəliyinə yol verilmir, habelə o, din xadimi ola bilməz.
2.4.Yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
2.5.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
2.6.Yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər.
2.7.Yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.
2.8.Yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin strukturunu və ştat vahidlərinin sayını, yerli icra hakimiyyəti başçısının yanında olan qurumları və onların işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti, yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxsləri və onların işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
2.9.Yerli icra hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla, öz aparatının struktur bölmələrinin ştat vahidlərini icra hakimiyyəti başçısı aparatının təsdiq olunmuş nümunəvi strukturu və ştat vahidlərinin sayı çərçivəsində bir bölmədən digərinə keçirə bilər.
2.10.Yerli icra hakimiyyəti başçısının aparatında, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda işləyən dövlət qulluqçularının qulluqkeçmə qaydası "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
2.11.Yerli icra hakimiyyətinin başçısı şəhərin, rayonun və şəhər rayonunun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə öz yanında daimi məşvərətçi orqan olan Şura yaradır. Şuranın tərkibi 15 nəfərədək, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın tərkibi isə 25 nəfərədək müəyyən edilir.
2.12. Yerli icra hakimiyyətinin başçısı yanında Şuranın tərkibinə yerli icra hakimiyyətinin başçısı, yerli icra hakimiyyəti başçısının müavinləri, Bakı və Gəncə şəhər icra hakimiyyətləri başçılarının yanında şuraların tərkibinə isə həm də şəhər rayonları icra hakimiyyətlərinin başçıları daxildirlər. Şuranın tərkibinə həmçinin yerli icra hakimiyyəti başçısının aparatının şöbə müdirləri, yanında olan qurumların və mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının (bu Əsasnamənin 1.5-ci bəndində istisna edilən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları da daxil olmaqla) rəhbərləri, habelə şəhərin, rayonun və şəhər rayonunun ərazisində yerləşən idarələrin, təşkilatların və müəssisələrin rəhbərləri daxil edilə bilərlər. Şuranın fərdi tərkibini yerli icra hakimiyyətinin başçısı təsdiq edir.
2.13.Yerli icra hakimiyyəti başçısının yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarını yerli icra hakimiyyətinin başçısı, yerli icra hakimiyyətinin başçısı olmadıqda, onu əvəz edən müavini çağırır və iclasa sədrlik edir. Şuranın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qəbul edilmiş qərarlar tövsiyə xarakteri daşıyır və protokolla rəsmiləşdirilir.
2.14.Şuranın iclaslarında qəbul edilmiş qərarların icrasını təmin etmək üçün yerli icra hakimiyyətinin başçısı müvafiq sərəncam və ya əmr verə bilər.
2.15.Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda inzibati vəzifə tutan işçiləri, müvafiq nümayəndələrin və qurum rəhbərlərinin təqdimatı ilə, yerli icra hakimiyyətinin başçısı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir.
2.16.Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda işləyən dövlət qulluqçularına dövlət qulluğunun ixtisas dərəcələri müvafiq olaraq nümayəndələrin və qurum rəhbərlərinin təqdimatı ilə yerli icra hakimiyyətinin başçısı tərəfindən verilir.
2.17.Yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin işçilərini həmin qurumların rəhbərləri vəzifəyə təyin və vəzifədən azad edirlər.
3. Yerli icra hakimiyyəti başçısının vəzifələri
3.1 Ümumi vəzifələr:
3.1.1.yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır;
3.1.2.Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir;
3.1.3.müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir;
3.1.4.müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin edir;
3.1.5.Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.2-ci, 46.4-cü, 46.5-ci, 46.15-ci, 87.6-cı və 98.1-ci maddələri ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələri yerinə yetirir;
3.1.6.dövlət proqramları və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təsdiq etdiyi tədbirlər planlarında müəyyənləşdirilmiş tədbirlərin müvafiq ərazidə icrasını təmin edir;
3.1.7.icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin fəaliyyətini əlaqələndirir, həmin qurumlarda uçotun və hesabatın vəziyyətinə cari nəzarəti həyata keçirir;
3.1.8.icra hakimiyyəti başçısının yanında olan qurumların maliyyələşdirilməsini və maddi-texniki təchizatını həyata keçirir;
3.1.9.şəhəri, rayonu, şəhər rayonunu dövlət orqanları ilə və digər qurumlarla münasibətlərdə, habelə rəsmi protokol tədbirlərində təmsil edir;
3.1.10.müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin edir;
3.1.11."Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
3.1.12.yerli icra hakimiyyətinin fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların sərəncamçısı səlahiyyətini həyata keçirir, həmçinin bu məlumatların səlahiyyət olmadan əldə edilmək, məhv edilmək, modifikasiyalaşdırılmaq, bloklaşdırılmaq, başqasına ötürülmək, yayılmaq, surəti çıxarılmaq kimi hallardan qorunmasını təşkil edir;
3.1.13.icra hakimiyyətində istifadə edilən dövlət informasiya resurslarının və sistemlərinin təhlükəsizliyini təmin edir, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə məlumatların qorunması ilə bağlı işin təşkilinə və həyata keçirilməsinə nəzarət edir;
3.1.14.dövlət informasiya sisteminin istismarı, informasiya-telekommunikasiya şəbəkəsindən istifadə və yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə informasiyanın qorunması sahəsində tədbirlərin həyata keçirilməsini təmin edir;
3.1.15.yerli icra hakimiyyətində yaradılmış informasiya sisteminin operator funksiyalarının həyata keçirilməsini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, dövlət orqanları, idarə, müəssisə və təşkilatlar ilə qarşılıqlı məlumat mübadiləsini təmin edir;
3.1.16.yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir;
3.1.17.yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulunu təşkil edir;
3.1.18.icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, yanında olan qurumlar və ya tabeliyində olan hüquqi şəxslər yaradılarkən onların istifadəsinə əmlakın verilməsini təmin edir;
3.1.19.yerli icra hakimiyyətinin fəaliyyətini yerli icra hakimiyyəti başçısının təsdiq etdiyi illik perspektiv iş planları əsasında təşkil edir, yerli icra hakimiyyəti orqanının sisteminə daxil olan qurumların fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir;
3.1.20.yerli icra hakimiyyəti orqanları işçilərinin ixtisaslarının artırılması və ehtiyat kadrların hazırlanması üçün tədbirlər görür;
3.1.21. yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı yerli icra hakimiyyətinin fəaliyyətinə dair hesabatı dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır;
3.1.22.öz fəaliyyəti haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müəyyən etdiyi müddətlərdə ona hesabat verir. Naxçıvan Muxtar Respublikasında isə yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi müddətlərdə ona hesabat verirlər.
3.2.Ərazinin sosial-iqtisadi inkişafı sahəsində:
3.2.1.mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq ərazidə fəaliyyət göstərən yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə şəhərin, rayonun, şəhər rayonunun sosial-iqtisadi vəziyyətini təhlil edir, inkişaf meyillərinin müəyyənləşdirilməsi, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması, əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil edir, ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayır və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir;
3.2.2.regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının hazırlanmasına dair təkliflər verir, müvafiq ərazidə onların həyata keçirilməsini təmin edir, icrası barədə Azərbaycan Respublikasının Prezidentinə, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə məlumat verir və illik hesabatlar təqdim edir;
3.2.3.müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının formalaşmasını və yeniləşdirilməsini təmin edir.
3.3.Aqrar bölmənin inkişafı sahəsində:
3.3.1.müvafiq ərazidə aqrar bölmənin inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.3.2.müvafiq ərazidə aqrar bölmənin inkişafına yönəldilmiş yerli proqramlar hazırlayır və onların həyata keçirilməsini təmin edir;
3.3.3.aqrar bölmədə dövlət əmlakından səmərəli istifadə edilməsinə nəzarəti həyata keçirir, bu sahədə dövlət maraqlarının qorunmasını təmin edir;
3.3.4.müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən, o cümlədən yay və qış otlaqlarından səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirir;
3.3.5."Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı, 10-cu, 15-ci və 17-ci maddələrinə əsasən müvafiq ərazidə torpaqların münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlər görür.
3.4.0.Büdcə, vergi və maliyyə sahələrində:
3.4.0.1.müvafiq ərazidə maliyyə, vergi və büdcə sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görür.
3.5.İstehlak bazarı və sahibkarlığın inkişafı sahələrində:
3.5.1.müvafiq ərazidə istehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görür;
3.5.2.müvafiq ərazidə, sahibkarlıq fəaliyyəti subyektlərinin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılmasını və yeniləşdirilməsini təmin edir.
3.5.3.müvafiq ərazidə, sahibkarlıq fəaliyyəti subyektlərinin və mülkiyyətçilərin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, daşınmaz əmlak obyektləri barədə məlumat bazasının formalaşdırılmasını və yeniləşdirilməsini təmin edir.
3.6.Əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində:
3.6.1.müvafiq ərazidə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.6.2.müvafiq ərazidə sosial məsələlərə aid analitik materialların və proqnozların hazırlanmasını təşkil edir, sosial sahənin perspektiv istiqamətlərinə və inkişafının əsas prioritetlərinə dair təkliflər verir;
3.6.3.müvafiq ərazidə dövlət ailə siyasətinin həyata keçirilməsini təmin edir, demoqrafik inkişaf konsepsiyasının hazırlanmasını, həmin konsepsiya ilə bağlı hər il üçün tədbirlər planının müəyyənləşdirilməsini və icrasını təşkil edir;
3.6.4.müvafiq ərazidə gender bərabərliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirir və onların icrasını təmin edir.
3.7.İnsanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində:
3.7.1.müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.7.2.müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak edir;
3.7.3.məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görür;
3.7.4.insan üçün təhlükəli olan və sosial əhəmiyyət kəsb edən xəstəliklərin yayılması, o cümlədən baş vermiş və ya baş verməsi ehtimal olunan yoluxucu və kütləvi qeyri-yoluxucu (zəhərlənmə) xəstəliklərin, həyata keçirilən sanitar-epidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işini təşkil edir.
3.8.0.Əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahələrində:
3.8.0.1.müvafiq ərazidə əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahələrində dövlət siyasətini həyata keçirir.
3.9.Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində:
3.9.1.müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.9.2.müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir;
3.9.3.dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların yanacaq-enerji ehtiyatlarından və sudan istifadə hədlərinin hesablanması və müəyyən edilməsi üçün istinad olunan məlumatları formalaşdırır və bu hədləri müəyyənləşdirir;
3.9.4.küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işinin təşkilinə nəzarəti həyata keçirir;
3.9.5.əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirir;
3.9.6.dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;
3.9.7.qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür;
3.9.8.müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir;
3.9.9.mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür;
3.9.10.yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir;
3.9.11.istehsalat və məişət tullantılarının yığılması və daşınması işini təşkil edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasını təmin edir.
3.10.0.Ətraf mühitdən istifadə sahəsində:
3.10.0.1.müvafiq ərazidə ətraf mühitin mühafizəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər görür.
3.11.Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində:
3.11.1.müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.11.2."Şəhərsalma fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir;
3.11.3.rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq edir;
3.11.4.şəhər inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edir;
3.11.5.tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir;
3.11.6. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir;
3.11.7.müvafiq inzibati ərazi vahidində daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırır və yeniləşdirilməsini təmin edir.
3.12.Təhsil və mədəniyyət sahələrində:
3.12.1. müvafiq ərazidə təhsil sisteminin inkişafını təmin edən dövlət proqramlarının layihələrinə dair təkliflər verir və həmin proqramların həyata keçirilməsini təmin edir;
3.12.2.müvafiq ərazidə şəxslərin təhsil almaq hüquqlarının həyata keçirilməsini təmin edir, məktəbəqədər (həmçinin uşaq evlərində), ümumi, məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas və əlavə təhsilin inkişafı üçün şərait yaradır, icbari ümumi orta təhsilin təşkilini təmin edir;
3.12.3.tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları) və uşaq evlərinin fəaliyyətinə rəhbərlik edir, onların texniki vasitələrlə təminatını həyata keçirir, pedaqoji şuralarının yaradılması və fəaliyyəti ilə bağlı əsasnamələri təsdiq edir;
3.12.4.tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları) və uşaq evlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;
3.12.5. müvafiq ərazidə mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirir;
3.12.6. mədəniyyətin və incəsənətin inkişafına dair dövlət proqramlarının layihələrinə dair təkliflər verir və həmin proqramların müvafiq ərazidə icrasını təmin edir;
3.12.7.tarix, mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini təşkil edir.
3.13.Uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idman və turizmin inkişafı sahələrində:
3.13.1. müvafiq ərazidə uşaqlar və gənclərlə bağlı dövlət siyasətini həyata keçirir;
3.13.2. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə müvafiq olaraq şəhər, rayon və şəhər rayonu komissiyalarını yaradır, onların üzvlərinin sayını müəyyən edir, həmin komissiyaların fəaliyyətini təşkil edir;
3.13.3. müvafiq ərazidə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində dövlət siyasətini həyata keçirir;
3.13.4. müvafiq ərazidə turizmin inkişafı sahəsində dövlət siyasətini həyata keçirir.
3.14.Kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət sahələrində:
3.14.1.yerli icra hakimiyyətinin kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətini təşkil edir;
3.14.2.müvafiq ərazidə informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması üçün şərait yaradır;
3.14.3.şəhərin, rayonun və şəhər rayonunun sosial-iqtisadi inkişafının təşviqinə dair kütləvi informasiya vasitələrinin proqram və layihələrinin həyata keçirilməsinə şərait yaradır;
3.14.4. müvafiq ərazidə ictimai-siyasi vəziyyət barədə məlumatın toplanmasını və təhlilini təşkil edir, mövcud tendensiyaları müəyyənləşdirir və təkliflərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edir.
3.15.Qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə sahələrində:
3.15.1.yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə korrupsiya hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görür;
3.15.2.müvafiq ərazidə qanunçuluğun təmin edilməsində və dövlət orqanlarında korrupsiya hallarının qarşısının alınmasında məhkəmə, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqələrin yaradılmasını təmin edir;
3.15.3.müvafiq ərazidə daxili işlər orqanları ilə birlikdə ictimai asayişin qorunmasını təmin edir;
3.15.4."Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq ərazidə ilkin hərbi qeydiyyata alma komissiyaları yaradır və onların fərdi tərkibini, habelə çağırış komissiyalarının və onların işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini təsdiq edir, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını təqdim edir, qanunla müəyyən edilmiş müddətdə çağırışçının fövqəladə və ya digər qarşısıalınmaz hallarla bağlı gəlməyinin mümkün olmadığını təsdiq edir;
3.15.5.hərbi vəzifəlilərin və çağırışçıların hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı çağırılması barədə onlara məlumat verir və onların çağırış üzrə vaxtında gəlməsinə kömək göstərir;
3.15.6.müvafiq ərazidə aidiyyəti orqan və təşkilatlara təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində kömək göstərir;
3.15.7. şəhərin, rayonun və şəhər rayonunun mülki müdafiəsinə rəhbərlik edir;
3.15.8.icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə evakuasiya işini təşkil edir, müvafiq ərazidə yerləşən idarə, müəssisə və təşkilatlarda evakuasiya işinin təşkilinə nəzarəti həyata keçirir;
3.15.9."Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 5-ci, 10-cu, 15-ci, 16-cı və 24-cü maddələrinə əsasən müvafiq ərazidə:
3.15.9.1.əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini və yanğınların qarşısının alınmasına və söndürülməsinə əhalinin cəlb edilməsini təşkil edir;
3.15.9.2.icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edir və yerinə yetirilməsini təmin edir;
3.15.9.3.yanğından mühafizə qurumlarına tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərir;
3.15.9.4.yanğın təhlükəsizliyi sahəsində təbliğat aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini təşkil edir;
3.15.9.5. hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərlərinin, habelə vətəndaşların yanğın təhlükəsizliyi norma, standart və qaydalarının tələblərinə riayət etmələrini təmin edir;
3.15.9.6.yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edir və yerinə yetirilməsini təmin edir;
3.15.10.müvafiq ərazidə baş vermiş təbii fəlakətlərin və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edir;
3.15.11.təbii fəlakət və ya fövqəladə hadisə baş verdikdə, əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür, bu hadisələr nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsini təşkil edir;
3.15.12.təbii fəlakətlər və ya fövqəladə hadisələr baş verdikdə, müəssisə, idarə və təşkilatların fasiləsiz fəaliyyətinin təmin edilməsi, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlakın qorunması, ictimai qaydalara riayət olunması, insanların həyatının xilas edilməsi, onların sağlamlığının və hüquqlarının qorunması, maddi sərvətlərin qorunub saxlanılması məqsədi ilə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.
3.16.Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində:
3.16.1.müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirir;
3.16.2.müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir;
3.16.3."Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir;
3.16.4.Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir.
3.17.0.Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyətləri başçılarının əlavə vəzifələri:
3.17.0.1.şəhər rayonlarının icra hakimiyyətləri başçılarına rəhbərliyi həyata keçirir, onların hesabatlarını dinləyirlər.
3.18.Yerli icra hakimiyyətlərinin başçıları Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında