"Eurovision-2012" mahnı müsabiqəsi başa çatsa da, ölkəmizə gələn qonaqlar hələ də xoş təəssüratlardan ayrıla bilmir, Avropanın böyük mədəni tədbirinin Bakıda yüksək səviyyədə keçirilməsindən məmnunluqla danışırlar. Məsələn, Finlandiyanın "Radio İnternational"ın əməkdaşı Rocer Silvast mahnı müsabiqəsi ilə əlaqədar fikirlərini bölüşərkən deyib: "Mən 54 ölkədə və bir çox şəhərdə olmuşam. Bakı onların arasında bir nömrəlidir".
Sloveniyalı qonaq Lior Karmel isə Bakını unukal şəhər adlandıraraq deyib ki, "Eurovision-2012" mahnı müsabiqəsi bu vaxtadək keçirilən yarışmaların ən yaxşısı və irimiqyaslısıdır. İrlandiyalı jurnalist Garrett Nulhall yazır: "Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işləri yüksək professionallıqla həyata keçirilib. İnsan Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qalır". Ölkəmizə gəlmiş əcnəbilər Azərbaycanın son 20 ildə sürətlə inkişaf etdiyini xüsusi olaraq vurğulayırlar.
Belə faktlar saysız - hesabsızdır. Göründüyü kimi, dünyanın müxtəlif yerlərindən gəlmiş jurnalistlər və digər peşə sahibləri Azərbaycanda gördüklərini olduğu kimi qələmə alır və ölkəmizin sürətli inkişafını yüksək dəyərləndirirlər. Təbii ki, belə məlumatlar - Azərbaycanın inkişafının əcnəbilər tərəfindən yüksək qiymətləndirilməsi hər birimizi sevindirir və qürur hissi yaradır. Təəssüf ki, ölkəmizin nüfuzunun artması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi bəzilərinin, xüsusilə də "İctimai Palata" adlı qondarma qurumun üzvlərini daha çox narahat edib. Əslində isə xalqını, Vətənini, millətini sevən hər bir kəs ölkənin qazandığı uğurlara sevinməli və bununla fəxr etməlidir. Bəzi müxalifət nümayəndələri isə Avropanın bu mədəni tədbiri ərəfəsində və müsabiqənin keçirilməsi günlərində çaşqınlıq yaratmaq, ölkəmizi gözdən salmaq üçün sanki İranın təxribatçı qrupları və erməni lobbisi ilə yarışa girmişdi. AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər, necə deyərlər, iki daşın arasında İsveç nümayəndəsini taparaq ondan səhnədə Azərbaycan haqqında cəfəngiyat sözlər, məsələn, demokratiya, söz azadlığı yoxdur deməyi xahiş ediblər. İndi özünüz fikirləşin, belə əqidə sahibləri gələcəkdə Azərbaycan seçicisinin səsinə ümid edib onun etimadını qazana bilərlərmi?
"İctimai Palata" adlı qondarma qurumun təsisçiləri müxtəlif aksiyalar - gah icazəsiz mitinq, gah"bulvar gəzintisi", gah da aclıq keçirməklə əcnəbi qonaqların diqqətini özlərinə cəlb etmək istəyirdilər. Onlar bu hərəkətləri ilə bir daha təsdiqlədilər ki, xaricdən idarə olunan anti - Azərbaycan oyunlarının iştirakçısına çevriliblər. Çünki bir tərəfdən İranın mollaları, digər tərəfdən alman agenturası, həmçinin erməni lobbisi bütün vasitələrlə çalışırdılar ki, çoxlu sayda xarici qonaqların Azərbaycana gəlməsindən istifadə edib ölkəmizin imicinə zərbə vuran hadisələr tötətsinlər. "İctimai Palata"nın üzvləri isə həmin düşmən qüvvələrin ideyalarını reallışdırmağa çalışır, Azərbaycanda demokratiyanın, fikir plüralizminin, söz azadlığının qarşısının alındığı barədə rəy formalaşdırmağa cəhd edirdilər. Bununla da, xarici ağalarının buyruq qulu olduqlarını nümayiş etdirirdilər.
Avropa Parlamentinin Azərbaycanla əlaqədar qəbul etdiyi qərəzli, ədalətsiz, qeyri - obyektiv qətnamə isə milli xəyanətkarlara sanki ruh verdi. Ölkəmiz haqqında yayılan dezinformasiya "İctimai Palata" adlı oyuncaq qurumun üzlərinin ürəyinə yağ kimi yayıldı. Halbuki, Vətəninin, xalqının, millətinin qədrini bilən, təəssübünü çəkən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəs etiraz səsini qaldırmalı və Avropa Parlamentinə üz tutub deməli idi ki, belə yalan, böhtanlardan, ikili standartlardan və ermənipərəst mövqeyinizdən əl çəkin. Əgər Avropa Parlamenti hadisələrə obyektiv qiymət verən təşkilatdırsa, dünyanı lərzəyə salan Xocalı qətliamına niyə bu vaxta qədər siyasi qiymət verməyib? Məğər Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyona yaxın soydaşımızın öz ata - baba yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələrini görmürlərmi? Axı, hər dəfə Avropa Birliyinin nümayəndələri Azərbaycana gələndə, qaçqın və məcburi köçkünlərlə görüşəndə guya onların halına yanır və göz yaşları axıdırlar. Göz yaşları quruyar - qurumaz ölkəmiz haqqında ədalətsiz qətnamə qəbul edirlər. Bir milyona yaxın soydaşımızın pozulmuş hüquqlarını"görməyən" avropalılar nədənsə Müsavat Partiyasının qərargahında "aclıq edən" 3 - 5 nəfəri tez gördü? AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşdükləri xarici himayədarlarına soydaşlarımızın pozulmuş hüquqları barədə məlumat verməkdənsə, "aclıq edənləri" göstərirlər. Çünki onların əsas məqsədləri xarici himayədarlarından daha çox pul qoparmaqdır.
Anti Azərbaycan təbliğatı aparan, həmişə ölkəmizə qarşı qərəzli mövqedə olan "Amnesty İnternational", "Human Rights Watch" təşklatlarına, Almaniya və Böyük Britaniyanın bəzi kütləvi informasiya vasitələrinə ölkəmiz haqqında yalan və qeyri - obyektiv məlumatlar ötürən, bununla da erməni lobbisinə yardımçı olan radikal müxalifət nümayəndələrinin əməlləri xəyanətkarlıqdan başqa bir şey deyil. Çirkli pullar hesabına Vətənini satan, xalqını gözdən salmağa cəhd edən belələrinə azərbaycanlı deməyə adamın dili gəlmir. Azərbaycanda demokratik inkişafın, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması dünya birliyində dəyərləndirildiyi bir vaxtda "İctimai Palata" adlı oyuncaq qurumun anti Azərbaycan təbliğatı, təbii ki, heç bir effekt verməyəcək. Onlar iki dəfə razılaşdırılmış mitinq keçirdilər. Hər dəfə də 1000-1500 tərəfdar topladılar. Onların da əksəriyyəti, həmişə olduğu kimi, əli kərimlərin, isa qəmbərlərin yalan vədlərinə aldanıb 5-10 manat qazanmaq istəyənlər idi. Belələri düşünürdülər ki, bir - iki saat ayaq üstə dayanıb həmişə eşitdikləri cəfəngiyata bir təhər qulaq asar və pullarını alıb çıxıb gedərlər. Ancaq son anda yenə aldandıqlarını görüb mitinqi təşkil edənlərin də, keçirənlərin də ünvanlarına etirazlarını bildirərək oradan uzaqlaşdılar. Özü də bu dəfə birdəfəlik.
"İctimai Palata"nın üzvləri yenə də künc - bucağa çəkiliblər. Görünür, Azərbaycanda hər hansı bir əhəmiyyətli tədbirin keçiriləcəyi günü gözləyirlər. Yenə də "aclıq" aksiyası adı ilə növbəti şou göstərəcəklər. Deyilənlərə görə, "İctimai Palata"nın başbilənləri daha "maraqlı" və "cəlbedici" şou hazırlamaq üçün baş sındırırlar.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.