Cəlilabad: arzular gerçəkləşir, uğurlar sevindirir

Cəlil Məmmədquluzadə heç vaxt Cəlilabadda olmayıb. Amma doğma Azərbaycanımızın tərəqqisi, özü demişkən, "müsəlman qardaşlarının" xoşbəxtliyi yolunda qələm çaldığı üçün yeni, abad diyarlarımızdan biri olan bu aran şəhərinə onun adı verilib. Səməd Vurğun isə düz 60 il öncə buraya gələrək "Muğanın yeni dövranı" adlı gözəl bir oçerk yazıb. O zaman şair yeni status almış Astarxanbazar (Cəlilabadın əvvəlki adı) şəhərində gördüklərini iqtisadi və mədəni yüksəliş hadisəsi kimi dəyərləndirmişdi. 
Cəlilabad bu gün yeni növrağını yaşayır. Heyf ki, tanınmış şair və yazıçılar, rəssam və bəstəkarlar indi bölgələrə adda-budda gedir, real mənzərəni əks etdirən əsərlər yaratmağa ərinirlər. Sınaq üçün son illərin bir sıra ədəbi orqanını, elə bu torpaqda doğulub boya-başa çatmış ünlü qələm sahiblərinin kitablarını ələk-vələk eləsəm də, heç birində Cəlilabadı tərənnüm edən yazıya rast gəlmədim. Halbuki, göz-könül oxşayan müasir əyalət şəhəri, abadlaşan, gül-çiçəyə qərq olan kəndlər, güzəranı günbəgün yaxşılaşan bölgə sakinləri yazarları həyati mövzu sarıdan qıtlıq çəkməyə qoymazlar.
"Bakıdan Astaraya uzanan aynalı yolun 210-cu kilometrliyində sağa tərəf uzanmış daş döşəməli geniş yol bizi Astarxanbazar şəhərinə aparır. Yolun hər iki tərəfində köhnə və yeni əkilmiş ağaclar cərgələnmişdir. Evlərin eyvanları və pəncərələri bir-biri ilə üz-üzə dayanıb salamlaşır. Şəhərin uzunluğu 3 kilometrdən artıqdır. Biz şəhərə daxil olduğumuz zaman yeni, səliqə ilə salınmış park üzə gülür. Bu park, demək olar ki, şəhərin bütün mərkəz hissəsini tutmuşdur." -Səməd Vurğunun 1952-ci ildə ilhamla təsvir etdiyi həmin parkda dayanmışıq. Üstündən 60 illik bir müddət keçdiyi üçün park xeyli "qocalıb". Elə buna görə də Cəlilabadın hazırkı rəhbərliyi onu daxili imkanlar hesabına yenidən qurmağa qərar verib. "Xatirə parkı" adlanan bu ərazidə, eləcə də Ziyalılar Evinin qarşısında, Cəlil Məmmədquluzadənin adını daşıyan parkda qızğın iş gedir. Bir-iki aya bu yerlər yenidən üzə gülməyə, təbəssüm saçmağa başlayacaq.
Cəlilabadın əsas küçəsi sayılan Heydər Əliyev prospekti də yenidən qurulur. Burada 4500 metrlik yollar boyunca səki daşları qoyulur, 11 min kvadratmetr səki hissəsinə "Mikob" beton plitələr döşənir. Prospektdə və şəhərin mərkəzində 12 yaşayış binasının, Ziyalılar Evinin, poliklinikanın, göz xəstəxanasının, Musiqi Məktəbinin, Xalça və Toxuculuq fabrikinin damları rəngli dəmir şiferlə düzəldilir. Binaların fasadları "Gülbax" tavalarla üzlənərək memarlıq elementləri ilə bəzədilir, küçəyə baxan pəncərələr yeniləri ilə əvəzlənir. Bir qədər yuxarıda - "Xatirə parkı"ndakı Veteranlar Evi, Böyük Vətən müharibəsində həlak olanların xatirə ansamblı da yenidən qurulur. Əsas prospektdə və "Qurtuluş" prospektində müasir işıqlandırma sistemi qurulmağa başlanıb. "Qurtuluş"da 4,4 kilometr uzunluğunda dekorativ hasarın çəkilməsi davam edir.
Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bizimlə söhbətində bütün bunlar barəsində həvəslə məlumat verdi. Daha sonra öyrəndik ki, artıq şəhərdə Dövlət Bayrağı meydanı, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi, gənclər üçün istirahət mərkəzinin tikintiləri başa çatıb. Hazırda Olimpiya İdman Kompleksində, şəhər 2 və 6 saylı məktəblərin təzə binalarında, yenidən qurulan Quşçuluq fabrikində işlər davam edir. Dəyirman, soyuducu kamera və anbar kompleksləri, loqistik gübrə bazası, bir sıra kənd məktəbləri, 72 kilometrlik Cəlilabad-Yardımlı yolu, Cəlilabad-Hamarqışlaq-Sadatlı yolu və digər sahələrdə tikintilər sürətlənib. Göytəpə şəhərində, kəndlərdə də abadlıq-quruculuq işləri vüsət alıb.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2012-ci il tarixli sərəncamına əsasən Hamarqışlaq və Sadatlı yollarının tikintisi məqsədilə Ehtiyat Fonddan 3 milyon manat vəsait ayrılmışdır. Bu yolun inşası 14 kənddə yaşayan 24 minlik əhali, Yardımlının kəndlərinə qədər çəkilməkdə olan digər böyük yolun tikintisi isə 45 kəndin əhalisi üçün əsl dövlət töhfəsi olacaq.
Dövlət Proqramına əsasən, Cəlilabad şəhərinin su və kanalizasiya sistemləri də yenidən qurulmağa hazırlanır. Bütün bu təmizlik, abadlıq, quruculuq işləri dövlətimizin artan iqtisadi qüdrətinin, insan amilinə üstünlük verilməsinin bariz göstəriciləridir. Cəlilabadlılar da bu imkandan səmərəli istifadə etməklə doğma yurdu daha da gözəlləşdirir, özlərinin iftixar mənbəyinə çevirirlər.Rayonda taxılçılıq, üzümçülük kimi rentabelli sahələr də sürətlə inkişaf etməkdədir.
...Axşamüstü şəhər sakinlərinin elliklə Heydər Əliyev seyrəngahına toplaşdığının şahidi olduq. Öyrəndik ki, burada 28 May - Respublika Günü münasibətilə bayram konserti təşkil olunacaq. Çox keçmədi, tədbir başlandı və şən musiqi sədaları ətrafı bürüdü. Azərbaycanın şanlı tarixinə, bizlərə bu gözəl növrağı bəxş etmiş ulu öndərə həsr olunan, vətənpərvərlik motivlərinə köklənmiş mahnılar xüsusi ovqat yaradır, nikbin ruh aşılayırdı. Yaxşı çalışdıqları kimi, gözəl də istirahət etməyə haqları çatan cəlilabadlılar dəqiqələrin, saatların duyğu şirinliyində necə əridiyini hiss etmədilər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında