Avropada tanınan sumqayıtlı mühəndis

Şakir Həsənov bu gün Qaradağ Sement Zavodu, Sumqayıt "Etilen-Polietilen-300" müəssisəsi, Gəncə Gil-Torpaq və Alüminium zavodları, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri, Səngəçal Terminalı kimi nəhəng tikintilərdə izi olan tanınmış inşaat-quraşdırma mühəndisi, qabaqcıl idarə rəhbərlərindən biridir. Vaxtilə keçmiş "SSRİ-nin əlaçı mühəndisi" fəxri adına layiq görülüb. Müstəqillik illərində də saysız-hesabsız nailiyyətlərə imza atıb. Sumqayıtın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Düz 25 ildir ki, "AzTermoizol" ASC-yə rəhbərlik edir. Yaşadığı, qurub-yaratdığı gənclik şəhərinin həyatında yaxından iştirak etməklə bərabər, hətta Avropada yetərli qədər tanınır.
Şakir Rəfi oğlu Həsənov gənclik illərində tamamilə başqa bir sahədə çalışıb: Masallıda aktyorluq edib, bir müddət rayon mədəniyyət evinin direktoru olub. Amma, sən demə, qismət onu sonradan adlı-sanlı mühəndis, böyük bir müəssisənin rəhbəri kimi tanıdacaqmış. Bununla belə, fəxr edir ki, gənclik dostları - pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, əməkdar jurnalist Vasif Səmədov, yazıçı- rejissor Ağalar İdrisoğlu və başqaları kimi o da müəyyən qədər məşhurlaşa bilib. Bu barədə soruşanda deyir:
-Taleyin hökmü ilə həyat yollarım dəyişdi. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əyani təhsil almağımla əlaqədar incəsənətdən ayrılmalı oldum. Sumqayıt şəhərinin ağuşuna sığındım. İlk vaxtlarda kanalizasiya təmizlədim, beton qarışdırdım. Fəhləlikdən mühəndisliyə kimi ucalıb nəhəng tikintilərdə texniki avadanlıqlar qurdum. Sonralar Nijni-Novqorod Ali Rəhbər Kadrları İnstitutunda ikinci ali təhsil aldım. Həmyerlim, əməkdar artist Baloğlan Əşrəfov həmişə deyir ki, Şakir, sən zavod direktoru, böyük bir müəssisənin, şirkətin rəhbəri, hətta nazir də ola bilərsən, amma bil ki, biz sənin timsalında bir aktyor itirmişik. Yox, buna görə peşman deyiləm, çünki həyatdakı "Vətən naminə çalışmaq, yaratmaq, qurmaq" prinsipimlə xoşbəxtliyimi tapa bilmişəm.
Şakir Həsənovun bacarıqla rəhbərlik etdiyi "AzTermoizol" şirkəti istilik-izolyasiya quraşdırma idarəsinin bazasında yaradılıb. Bu şirkət 1998-ci ildən Açıq Səhmdar Cəmiyyətə çevrilib. Möhkəm texniki bazaya və təcrübəli işçi qüvvəsinə malik olan "AzTermoizol" qərbin ən aparıcı şirkətləri ilə birgə ölkəmizdə həyata keçirilən mühüm layihələrdə fəal iştirak edir, rəqabətdə bir çox cəhətdən üstünlük qazanır.
Onun qənaətinə görə, 1994-cü ildə ulu öndərin səyləri ilə "Əsrin müqaviləsi"nin reallığa çevrilməsi Azərbaycanda beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsinə çox geniş imkanlar açmışdır.
-Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin hər üç respublikadan keçən nasos stansiyalarında izolyasiya və quraşdırma işləri peşəkarlarımız tərəfindən yüksək keyfiyyətlə, dünya standartlarına cavab verən səviyyədə yerinə yetirilmişdir, -deyə Ş.Həsənov bildirdi. -Səngəçal terminalının, Bakı yağ zavodunun, EP-300 kimya müəssisəsinin, respublikamızın ən nəhəng qida sənaye istehsal sahəsi olan İmişli şəkər zavodunun, digər müəssisələrin inşasında, habelə Göygöl rayonunun abadlaşdırılması, kanalizasiya xətlərinin çəkilişi, Qaradağ sement zavodunda 150 metrlik təmizləyici qurğunun tikintisində, metal-konstruksiya, istilik-soba sistemlərinin quraşdırılmasında xüsusi payı olan "AzTermoizol" xarici şirkətlərlə birgə çətin texnoloji proses olan istilik-izolyasiya-quraşdırma işlərini beynəlxalq standartlar səviyyəsində həyata keçirmişdir.
İstifadəyə verilən zavodlarda yüzlərlə insan işlə təmin olunub. Nəhəng tikintilərdəki uğurlu fəaliyyətinə görə şirkətimiz yüksək mükafatlara layiq görülüb. Peşəkar inşaatçı və quraşdırıcıların cəmləşdiyi "AzTermoizol" ASC tenderlərə qoşulur, əksərən qalib gələrək mühüm sifarişləri yerinə yetirir, layiqli rəqabət aparır. Hazırda gələn il istifadəyə verilməsi nəzərdə tutulan "Metanol" zavodunun tikintisində, burada xaricdən gətirilən avadanlıqlarla sobanın quraşdırılmasında, metal-konstruksiya, izolyasiya, odadavamlı işlərdə və Qaradağ Sement Zavodunda aparılan yenidənqurmada çalışırıq. Tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyimiz razılıqla qarşılanır.
Xarici şirkətlərin nümayəndələri, nüfuzlu iş adamları "AzTermoizol"un fəaliyyəti ilə yaxından maraqlanır, onlarla işbirliyi qurmağı təklif edirlər. Rusiya, Qazaxıstan, Qırğızıstan, Almaniya, Çexiya, Slovakiyada gördüyümüz işlər yüksək qiymətləndirilir. Hazırda Avstriya, Çexiya, Macarıstandan olan iş adamları, "bp" şirkəti ilə sıx işgüzar münasibətlərimiz davam edir, müqavilələr imzalanır və yeni layihələr həyata keçirilir. Metropoliten, Qaradağda Qızıldaş və Qazax sement zavodlarının tikintisi üçün yeni müqavilələrimiz bağlanılıb.
Əfqanıstan, İran, İraq və Türkiyədə neftayırma zavodlarının tikinti-quraşdırma, izolyasiya işlərinə aldığımız dəvətlər Avropa ilə bərabər, Şərq ölkələri ilə də möhkəm iş birliyi qurmağa əsas verir. Bir sahibkar kimi iftixarla qeyd etmək istəyirəm ki, Azərbaycana təkcə neft deyil, digər sənaye sahələri, həmçinin respublikamızda aparılan tikinti-quraşdırma, abadlıq işləri də iqtisadi gəlir gətirir. Dövlətimizin sahibkarlığın inkişafına verdiyi önəm iqtisadiyyatımızın daha da yüksəlməsinə, Avropaya addım-addım inteqrasiya etməyimizə şərait yaradır.
Bu yaxınlarda "İmic və Keyfiyyətdə Liderlik Uğrunda" beynəlxalq prizə və "Sahibkarlığın inkişafına görə" qızıl medala layiq görülmüşük. İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən təqdimatda 40 ölkədən 200-dən artıq üzvün toplaşdığı Ticarət Liderləri Klubunun prezidenti Arsenino Prado Rodriqes açıqladı ki, dünyanın 95 ölkəsində aparılan sorğunun nəticələrinə görə, "AzTermoizol" bu şərəfə öz fəaliyyəti sahəsində və həmin coğrafi ərazidə firma markasına, keyfiyyətinə görə yüksək nəticələri ilə fərqləndiyi üçün layiq görülüb.
Madriddə "Ofis" Nəşriyyatının Mella Kastilla otelinin Kral zalında hər kəsin qarşısında və Azərbaycanın İspaniyadakı səfirliyi nümayəndələrinin iştirakı ilə beynəlxalq priz və qızıl medalın mənə təqdimatını xalqıma və dövlətimə verilən yüksək qiymət hesab edirəm. Beynəlxalq iş adamları, tanınmış sahibkarlar qarşısındakı 15 dəqiqəlik çıxışımda Azərbaycanın müstəqillik yollarında misilsiz iqtisadi inkişaf mərhələləri keçdiyini və dünya iqtisadiyyatına inteqrasiya sahəsində bir sıra ciddi addımlar atdığını vurğuladım. Qloballaşan dünyada ölkəmizin hər sahədə qazandığı uğurlar barədə konkret faktlarla mötəbər görüşün iştirakçılarına məlumat verdim. Avropanın respublikamızı nüfuzlu bir ölkə kimi yaxşı tanıdığının bir daha şahidi oldum və qürur duydum. Bəli, bizə olan xoş münasibət, uğurlarımızın etirafı ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik daxili və xarici siyasətinin fərəhli nəticəsidir.
-Madrid səfəri yeni işbirlikləri yaratmaq üçün yollar açdımı?
-Orada olarkən "İmic və Keyfiyyətdə Liderlik Uğrunda" Beynəlxalq Priz və Ticarət Liderləri Klubunun üzvləri olan iş adamlarından, həmçinin dost Özbəkistandan çoxlu dəvətlər aldım. Madrid səfəri sayəsində Daşkənd kontraktını qazandıq. Oradakı işgüzar görüşlərimiz yeni münasibətlərin təməlini qoydu. Bir sıra sifarişləri qəbul etdik, konkret işbirliyi üçün zəmin yarandı.
- "AzTermoizol" Açıq Səhmdar Cəmiyyəti daha hansı yeniliklərə imza atıb?
-Uğurlu fəaliyyəti ilə tanınan şirkətimiz lap bu yaxınlarda keyfiyyət və üstünlük sahəsində fərqləndiyinə görə Almaniya, Fransa və ABŞ-ın İdarəetmə və Məsləhətçi Birliyinin Ümumdünya prizini qazanıb. Seçmə komitəsi "AzTermoizol"u "Qızıl Avropa Mükafatı: Keyfiyyət və Ticarət Nüfuzu" diplomu ilə mükafatlandırıb. Eyni zamanda, Qızıl Avropa medalına layiq görülmüşük. Bu münasibətlə gələn ay 40-dan çox ölkədən fərqli sektorları təmsil edən biznesmenlərin iştirakı ilə Parisdə Keyfiyyət Sammiti keçiriləcək. Beynəlxalq nüfuzlu tədbirdə mükafatların təqdimatında iştirak üçün artıq dəvət almışıq. "OMAC" Klubun "Other Ways" İdarəetmə Birliyinin VİP Qızıl Kartının sahibi olmaq hüququnu da əldə etmişik. Bu, sözsüz ki, beynəlxalq aləmdə nüfuzumuzun daha da artmasından soraq verir və bizi fəaliyyətimizi daha da genişləndirməyə ruhlandırır. Tikinti-quraşdırma, metalkonstruksiya, izolyasiya işləri üzrə ixtisaslaşdırılmış yeganə təşkilat olan şirkətimizin kollektivini qarşıda daha layiqli işlər, böyük uğurlar gözləyir.
...İnsan yarandığı gündən zirvələri fəth etməyə çalışır. "AzTermoizol" ASC-nin rəhbəri Şakir Həsənovun dəfələrlə yüksək beynəlxalq mükafat və qızıl medallar qazanması Azərbaycan iqtisadiyyatının nüfuzunun yüksəlməsini göstərən faktlardır. Bu günlərdə 65 yaşı tamam olan, qurmaq-yaratmaq həvəsi tükənməyən bacarıqlı mühəndisin arzuları da tükənməzdir. Bu arzulardan biri doğma Masallı rayonunda nəhəng bir zavod tikib yüzlərlə həmyerlisini daimi işlə təmin etməkdir.
Bütün arzularınıza çatasınız, Şakir müəllim!

{nl}

Rəna İMANOVA, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında