Şriftin ölçüsü:
02.06.2012 12:07 | Oxunma sayı: 1143
Dünən Bakının Xətai rayonundakı Heydər Parkı yenə bayram libası geymişdi. Dünyaya, insanlara sevinc bəxş edən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunacağı bu məkana Xətai rayonundakı uşaq evlərinin və uşaq bağçalarının 300-dən artıq sakini toplaşmışdı. Onların sevincinə sevinc qatmaq üçün rayon icra hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri əllərindən gələni əsirgəməmiş, müxtəlif şirniyyat, meyvə və şirələrlə bəzədilmiş bayram süfrəsi açmışdılar.
Uşaqlara həsr olunmuş bayram təntənəsi uşaqları sonsuz məhəbbət hissi ilə sevən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələrinin qoyulması ilə başladı. Uşaqların sevinc dolu gülüş sədaları ilə əlamətdar olan bayram izdihamı rəsmiyyətdən uzaq, şux musiqi sədaları ilə başladı.
Təbrik üçün söz alan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan dövlətinin uşaqların müdafiəsi, onların rifah içində böyüməsi üçün gördüyü işlərdən ətraflı məlumat verərkən bildirdi ki, bu siyasətin təməlində ümummilli lider Heydər Əliyevin ideyaları durur:
- Müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev uşaqlara son dərəcə böyük sevgi və qayğı ilə yanaşır və bütün dövlət məmurlarından da bunu tələb edirdi. Çünki o, milli varlığımızın məhz bu fidan balalardan, onların sağlam böyüməsindən, yaxşı tərbiyə və təhsil almalarından asılı olduğunu çox gözəl bilirdi.
Milli Məclisin deputatı Gülər Əhmədova da çıxışında Azərbaycanda uşaqlara qayğı və diqqətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək dedi:
- Bu gün ulu öndərin adını daşıyan bu gözəl parkda Xətai Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu möhtəşəm uşaq bayramının özü də bu siyasətin necə həyata keçirildiyini göstərən bir tədbirdir.
Sonra natiq İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi proqramlar və layihələr barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, dövlət başçısının, bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də həyata keçirdiyi siyasət müstəqil dövlətçiliyimizin inkişafına və gələcəyinə xidmət edir.
Milli Məclisin deputatı Hüseynbala Mirələmov isə uşaqları təbrik edərək bildirdi ki, analarımızın ən böyük arzusu uşaqlarımızın hər gününün beləcə bayram olmasıdır. Şübhə etmirəm ki, Azərbaycan hazırkı iqtisadi inkişaf strategiyasını bu şəkildə davam etdirəcəksə elə belə də olacaq. Amma valideynlər, xüsusi ilə analar unutmamalıdırlar ki, bu uşaqlar milli varlığımızın davamının nişanələridir və onların necə böyüməsindən xalqımızın gələcəyi asılıdır. Mən analarımızdan bu məsuliyyəti şərəflə daşımalarını, uşaqları həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyütmələrini, müstəqilliyimizə layiqli nəsil yetişdirmələrini xahiş edirəm.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da ürək sözlərini söylədi:
- Nəyə görəsə mənə həmişə elə gəlir ki, uşaqlar gülərsə dünya da gülər, yer üzündə əmin-amanlıq və rifah olar. Biz böyüklərin də, əslində, amalı elə buna nail olmaq, uşaqlarımızı xoşbəxt görməkdir.
Ulu öndər Heydər Əliyevin uşaqlara sonsuz diqqət və qayğısından bəhs edən R.Məmmədov bildirdi ki, bu gün onun varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da uşaq və gənclər siyasətini fəaliyyətlərinin prioriteti hesab edirlər. Bu istiqamətdə son illər görülən möhtəşəm işlər də bundan xəbər verir.
Rayonumuzda 38 uşaq bağçası və 2 uşaq evi var. Dövlətimizin başçısının qəbul etdiyi müvafiq qərar və sərəncamlar bu müəssisələrdə uşaqlara daha rahat şərait yaratmaq üçün çox böyük işlər görülməyə imkan verib. Lakin valideynlər, müəllimlər də unutmamalıdırlar ki, müstəqil Azərbaycan üçün layiqli övlad yetişdirmək kimi məsul bir vəzifə ilk növbədə onların üzərinə düşür.
R.Məmmədov rayonda uşaqların istirahəti, asudə vaxtlarının səmərəli təşkili və sağlam böyümələri üçün görülən işlərdən də ətraflı danışdı və qeyd etdi ki, bu işlər bundan sonra da davam etdiriləcək. Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının, gənc istedadların hazırladıqları bayram konserti ilə üç saata yaxın davam etdi.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV(foto), "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.