Astara: əhali ilə görüşlər səmərəli fəaliyyət üçün stimul verir

Bir tərəfi dəniz, digər tərəfi yaşıl meşəli dağlarla əhatə olunmuş ərazilər dünyanın nadir gözəllik məskənləridir. Ən çox təbiətsevərlərin, turistlərin, şair və rəssamların heyrət hədəfi olan bu yerlərin cənnətməkan guşələr sayılmağa tam haqqı çatır. Subtropik iqlim qurşağında yerləşən Astara da məhz belə ünvanlardandır. Təbiətinin gözəlliyi sakinlərinin də çöhrələrində, xasiyyətlərində, əməllərində əksini tapıb Astaranın. Belə bir yerdə yaşamaq, işləmək və dincəlmək hər kəs üçün xoşdur.
Son vaxtlar Astarada dövlət hesabına bir sıra sosial obyektlər - Astara-Şahağac avtomobil yolu, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, YAP üçün inzibati bina istifadəyə verilib, Kijəbə-Qəcimardə və digər yollar, mərkəzi xəstəxana əsaslı təmir olunub, Heydər Əliyev Parkı yenidən qurulub və s. Vaxtaşırı Astaraya səfər edən dövlət başçısı İlham Əliyev abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün dövlət vəsaitlərinin ayrılmasına sərəncamlar verir. Bu il 16 mart və 18 aprel tarixlərində imzalanmış sərəncamlar buna misal ola bilər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yerlərdə əhali ilə keçirdiyi çoxsaylı görüşlərdə yaxşı işlər təqdir olunmaqla bərabər, camaatı narahat edən məsələlərə ciddi önəm verilir, qarşıda duran vəzifələrin konturları həm də bu arzu və təkliflərin əsasında müəyyənləşdirilir. İndiyədək yeni rəhbərliyin rayon ağsaqqalları ilə, eləcə də Kijəbə qəsəbəsində, Siyəkü, Kakalos, Telman, Səncərədi kəndlərində, digər yaşayış məntəqələrində belə yaddaqalan və işgüzar görüşləri təşkil olunub.
Yeni təyinatla bağlı Prezident sərəncamından ikicə gün sonra ilk növbədə ağsaqqallar və yaşlı nəslin nümayəndələri ilə görüşməyi özünə borc bilən icra hakimiyyətinin başçısı onların xeyir-duasını, həmçinin dəyərli məsləhətlərini dinləmiş, bu kimi görüşlərin tanışlıq baxımından çox böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır. Yerlərdə keçirilən görüşlərdə fikirlərini açıq şəkildə söyləmək imkanı qazanan sakinlər isə əsasən ümumi qayğılardan, sosial sfera ilə bağlı məsələlərdən danışmış, güzəranlarının bundan sonra daha da yaxşılaşacağına inamlarını bildirmişlər.
Az vaxt ötməsinə baxmayaraq, artıq həyata keçirilmiş bəzi tədbirlərlə əlaqədar yerlərdən icra hakimiyyətinin ünvanına təşəkkür məktubları, teleqramlar gəlməyə başlamışdır. Məsələn, Motlayataq, Əsxənəkəran kəndlərinin sakinləri - Ramiz Gənciyev, Fərman Əliyev və başqaları göndərdikləri teleqramda kənd yollarının təmiri və bərpasına sərəncam verdiyi üçün ziyalılar və ağsaqqallar adından rayon rəhbərinə razılıqlarını ifadə etmişlər.
Rayon mərkəzindən 18-20 kilometr uzaqda yerləşən Şiyəkəran və Şahağacı inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə əhali ilə keçirilən görüşlər daha böyük razılıq hissi ilə qarşılandı. Çünki bu ucqar yaşayış məntəqələrinə rayon rəhbərlərinin gəlməsi əvvəllər, necə deyərlər, nadir hadisə sayılıb. Hər iki kənddə sosial-iqtisadi inkişaf istiqamətində müəyyən işlər görülsə də, həlli vacib olan problemlər də az deyil. Görüşlər zamanı kəndlərin sakinləri bu problemlər barədə fikirlərini, arzu və təkliflərini icra başçısı Q.Ağayevə inam hissi ilə çatdırdılar.
Şiyəkərandakı görüşdə inzibati ərazi dairəsi üzrə nümayəndə Tofiq Əliyev və bələdiyyə sədri Feyruz Nəcəfov görülən işlər barədə məlumat verdilər. Kənd sakinlərindən ağsaqqal Əsgər Zeynalov, Kazım Əliyev, müharibə veteranı Məmmədşah Əliyev, kənd 2 saylı tam orta məktəbin müəllimi Həbib Həbibov ürək sözlərini söylədilər. Təkliflərdə Şiyəkəran kənd 2 saylı tam orta məktəbin və uşaq bağçasının əsaslı təmiri, kəndin qazlaşdırılmasının başa çatdırılması, məhəllə yolunun asfaltlaşdırılması ilə bağlı məsələlər önə çəkildi.
Rayon icra hakimiyyətinin başçısı açıq söhbətdən məmnunluğunu bildirdi:
-İlk tanışlıq görüşünün belə səmərəli və işgüzar keçməsinə görə hər birinizə minnətdaram. Buradakı vəziyyət barədə hələ öncədən müəyyən məlumatım var idi. Yolboyu həyətyanı sahələrdə və fermer təsərrüfatlarında çalışan kənd sakinlərinin işgüzarlığını gördüm, torpağa bağlılığınıza sevindim. Fərəhlidir ki, kənddə təsərrüfat sahələri ildən-ilə böyüyür. Bunlar yeni iş yerlərinin yaradılması, əhalinin rifah halının yaxşılaşması deməkdir. Çıxışlardan aydın oldu ki, bu kəndin elə bir ciddi problemi qalmayıb. Əsas məsələ kəndin tam qazlaşdırılması ilə bağlıdır. Bilirsiniz ki, ölkəmizin Prezidenti möhtərəm cənab İlham Əliyevin bu barədə xüsusi tapşırığı var: yaxın müddətdə, demək olar ki, bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmalıdır. Bununla əlaqədar rayonumuzun bir sıra yaşayış məntəqəsində sürətli iş gedir. Əmin olun ki, bu kənddə də qazlaşdırmanın tezliklə tam başa çatdırılması təmin olunacaq.
Daha sonra natiq bildirdi ki, hazırda rayonun ayrı-ayrı kəndlərində eyni vaxtda 11 yeni məktəb binası tikilir. Bu kənddə də bir yeni məktəb binası tikilərək istifadəyə verilib. Digər məktəbin və uşaq bağçasının əsaslı təmirinə də növbə çatacaq. Bunlar artıq sürətli inkişaf yoluna çıxan müstəqil dövlətimiz üçün problem sayıla bilməz. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən imzalanmış "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bütün bunlar aydın əksini tapıb və həlli mərhələ-mərhələ həyata keçirilir. İnanıram ki, növbəti görüşlərimizdə artıq bu gün sadalanan problemlərin həllinə görə razılığınızı bildirəcəksiniz.
Şahağacdakı görüşdə kənd inzibati dairəsi üzrə nümayəndə Tərifə Ərəbova ərazinin sosial-iqtisadi inkişafı, əhalinin məşğulluğu ilə bağlı məlumat verdi. Sakinlər Hənifə Bağırov, Şərəf Səmədova, Sultanağa Həsənov, Maqsud Mirzəyev, Solmaz Mirzəyeva çıxış etdilər. Onlar kəndə təbii qaz verilişinin sürətləndirilməsi, təzə yaşayış massivinə telefon xəttinin çəkilməsi və digər məsələlər barədə təkliflərini, sosial-kommersiya obyektləri tikintisi üçün yer ayrılması ilə bağlı xahişlərini çatdırdılar.
Qəzənfər Ağayev kəndə təbii qaz xəttinin çəkilişi ilə əlaqədar müəyyən tədbirlər görüldüyünü xatırladaraq işlərin sürətləndirilməsinə və tezliklə başa çatdırılmasına çalışacağını söylədi. Sonra dedi ki, cənab Prezidentin sərəncamı ilə ayrılan vəsait hesabına rayon mərkəzindən bu kəndə qədər olan 18 kilometrlik məsafədə yüksək keyfiyyətli avtomobil yolu çəkilmiş, yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Kənddə elektron ATS qurulmuşdur. Əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Yaxın vaxtlarda təbii qazın verilməsi də, digər təminatlar da olacaq. Bütün bunlar ölkəmizin vətəndaşlarına olan böyük diqqət və qayğının bariz nümunəsidir. Bu gün hərtərəfli, sürətli inkişaf mərhələsində olan Azərbaycan dövləti üçün bu və digər sosial məsələlərin həllində heç bir maneə ola bilməz. Sadəcə olaraq, bunlar ardıcıllıqla, mərhələ-mərhələ həyata keçirilir.
Onu da qeyd edək ki, yerlərdə görüşlərə hüquq-mühafizə orqanlarının, əlaqədar idarələrin rəhbərləri ilə bərabər gələn rayon rəhbərliyi bəzi şəxsi məsələlərin yerindəcə həllinə göstərişlər vermiş, eyni zamanda, ərazilərdəki sosial-mədəni obyektlərə, tikinti sahələrinə baş çəkmiş, işlərin gedişatı ilə maraqlanmışdır. Telman kəndində 220 yerlik müasir məktəb binasının inşası, Kijəbə ərazisində Lovayın su anbarının əsaslı təmiri, Səncərədi ətrafında təməlqoyma mərasimində Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi su-elektrik stansiyasının vəziyyəti, İstisu ərazisində turizm imkanları və Kakalos mədəniyyət evində "Nəcib qızlar" klubu üzvlərinin əl işləri - dekorativ sənət nümunələri ilə tanış olmuşdur. Səmimi ünsiyyətin, işgüzar söhbətlərin adamların dövlətçiliyə inamını daha da artırması, doğma rayonun inkişafına şəxsi töhfələr vermək əzmini xeyli gücləndirməsi fərəh doğuran amillərdir.
Gözəlliklər məskəni Astarada yeni müasir layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Səyyar qəbullarda, görüşlərdə, yığıncaqlarda bu barədə inamla söhbət açılır. İnamın isə tezliklə əməli işlərə çevriləcəyinə kimsənin şübhəsi yoxdur.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında