Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnaməsi ictmaiyyət tərəfindən ciddi narazılıqla qarşılanıb. Çünki qətnamədə əks olunan "faktlar" reallıqdan tamamilə uzaqdır. Avropa Parlamenti kimi nüfuzlu bir qurumun( artıq bu qurum öz nüfuzuna xələl gətirdi) "Human Rights Watch", "Amnesty İnternational", Norveç İnsan Haqları Evi, Sərhədsiz Reportyorlar Təşkilatı kimi qeyri - ciddi qurumların əsassız , qeyri- obyektiv hesabatlarına əsaslanaraq ölkəmiz haqqında ədalətsiz qətnamə qəbul etməsi bu təşkilata olan inamı heçə endirdi. Artıq bu qurumun da ikili mövqe nümayiş etdirməsi açıq şəkildə özünü büruzə verdi.
Azərbaycanda demokratik proseslərin inkişafını, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını, azad sözə, müstəqil mətbuata geniş meydan verildiyini, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyona yaxın soydaşımızın öz yurd - yuvalarından didərgin salınmasını görməməzliyə vuran Avropa Parlamentinin qətnaməsi bu təşkilatı haqlı olaraq ictimai tənqidlərin hədəfinə çevirib.
Prezident Administrasiyasının ictimai - siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da Bakıda "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mözusunda keçirilən konfransda ikili mövqe nümayiş etdirən QHT - ləri ciddi tənqid etmiş onları ikili münasibətlərdən əl çəkməyə çağırmışdır. Ə.Həsənov demişdir ki, bizi istəməyənlər qazandığımız uğurları görməməzliyə vurur, Azərbaycanı əsassız olaraq qeyri-demokratiklikdə, insan haqlarının pozulmasında günahlandırırlar. Ermənistan 20 ildir ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı 20 ildir ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistan 20 ildir ki, nüfuzlu beynəlxalq qurumlara meydan oxuyur. Ermənistanda demokratiya, insan haqları kobud şəkildə pozulur, ancaq bizə dərs keçmək istəyən beynəlxalq təşkilatlar, KİV-lər bu barədə bircə kəlmə də yazmırlar.
Dünyanın heç bir ölkəsində vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə Azərbaycandakı qədər sərbəstlik verilmədiyini vurğulayan Əli Həsənov Avropa Parlamentinin bunların üzərinə kölgə saldığını, dövlətimizin nüfuzuna xələl gətirən, ölkəmizin reallıqları ilə bir araya sığmayan qətnamə qəbul etdiyini kəskin tənqid etmişdir. Şöbə müdiri demişdir ki, Avropa Parlamenti nə üçün bütün Avropanı bürüyən böhran, mitinqlər, aksiyalar barədə məsələ müzakirə etmir?! Tələm-tələsik, çox az sayda deputatın iştirakı ilə Azərbaycan haqqında bədnam qətnamə qəbul edir.
Avropa Parlamentinin rəhbərliyi dərk etməlidir ki, hansısa qərəzli qətnamə ilə, qarayaxma, qeyri - obyektiv məlumatlarla, vətəndaş cəmiyyətinin norma və prinsiplərinə əməl etməməklə heç nəyə nail olmaq mümkün deyil. Azərbaycan artıq dünyada söz və nüfuz sahibidir, bölgənin lider dövləti, dünya birliyinin layiqli üzvüdür. Hər hansı bir təşkilat tərəfindən hazırlanmış böhtanla dolu hesabatlar və ədalətdən uzaq olan qətnamələr beynəlxalq aləmdə qazandığımız uğurlara kölgə sala bilməz. Azərbaycanın getdikcə artan reytinqindən təşvişə düşmüş bəzi beynəlxalq təşkilatların qarayaxmaları və ölkəmizə qarşı qərəzli kampaniyaları iflasa uğrayacaq.
Ziyalılar, ictimaiyyətin nümayəndələri, deputatlar və hüquq müdafiəçiləri Avropa Parlamentinin ölkəmiz haqqında qəbul etdiyi qətnaməni kəskin pisləyir və ikili standartlara son qoymağı tələb edirlər.
Hadi RƏCƏBLİ, Milli Məclisin Sosial siyasət komitəsinin sədri:
- Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair əsassız bir qətnamə qəbul etməyə haqqı yoxdur. Bu Avropa Parlamentinin qətnaməsi tamamilə qərəzli və qeyri-obyektivdir. Bu "sənəd"də bizə qarşı səslənən iradların heç bir əsası yoxdur. Azərbaycan Avropa İttifaqına üzv olmadığı üçün bu təşkilat qarşısında da heç bir öhdəlik daşımır. Bu baxımdan, Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair əsassız bir qətnamə qəbul etməyə haqqı yoxdur.
Bu gün Avropa İttifaqında ikili standartların aparılması, sözün əsl mənasında, adamda ikrah doğurur. Biz Avropa yolunu seçdiyimiz təqdirdə, nə üçün Azərbaycana qarşı bu qədər qısqanclıq göstərirlər? Xüsusən də "Eurovision - 2012" yarışması ərəfəsində Avropa Parlamentinin belə qətnamə qəbul etməsi qısqanclıqdır. Biz öz yolumuzla gedirik. Kimsə də bizi mövqeyimizdən geri döndərə bilməyəcək. Biz hüquqi dövlətdə yaşayırıqsa, qanunların aliliyini qorumalıyıq. "Eurovision - 2012" ərəfəsində Azərbaycana gələn əcnəbilər ölkəmizi yaxından tanıdılar, hansı mühitdə, hansı cəmiyyətdə yaşadığımızın şahidi oldular. Qərəzli yanaşmalara baxmayaraq, biz Avropaya inteqrasiya edəcəyik. Amma Avropaya inteqrasiya o demək deyil ki, Azərbaycan öz milli-mənəvi dəyərlərini itirəcək. Biz bundan sonra da tarix boyu qoruyub saxladığımız milli dəyərlərimizi qoruyaraq öz yolumuzla Avropaya doğru irəliləyəcəyik.
Çingiz QƏNİZADƏ, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi:
- Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə Azərbaycanda ciddi narazılığa səbəb olub. Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56 üzvü iştirak edib və onların da 49 nəfəri sənədin lehinə səs verib. Qətnamə Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində qəbul olunub. İclas təxminən 30 dəqiqə çəkib.
Avropa Parlamentinin 56 deputatının iştirakı ilə keçirilən iclasında gündəlikdə olmayan məsələnin qəfil müzakirəyə çıxarılması və belə bir qətnamənin qəbul edilməsi əvvəlcədən hazırlanmış bir ssenarinin tərkib hissəsidir: Əgər Avropa Parlamenti ən azı bu məsələ ilə bağlı qərar qəbul edirdisə, Azərbaycan tərəfini məlumatlandırmalı və qabaqcadan belə toplantıya dəvət etməli idi. Ona görə də bu qərar təəssüf və narahatlıq hissləri doğurmaya bilməz. Çünki təxminən bir ay əvvəl Bakıda keçirilən "Avronest" Parlament Assambleyasının iclasında ölkəmizdə insan haqları, söz azadlığı ilə bağlı məsələlər geniş müzakirə olunmuş və Azərbaycanda insan hüquqlarının vəziyyəti qənaətbəxş qiymətləndirilərək bəzi sənədlər qəbul edilmişdi. İndi nə baş verdi ki, təxirə salmadan belə bir qərəzli qətnamə qəbul edildi? Bu, son dövrlər Avropa mətbuatında dərc edilən yazılar, ayrı-ayrı dövlətlərin siyasi partiyaların nümayəndələrinin adı ilə ölkəmizə qarşı edilən təzyiqlərlə əlaqəli bir qətnamədir: Çox təəssüf ki, Avropa Parlamenti araşdırma aparmadan, müxtəlif mövqelərdən informasiyaları əldə etməklə tələsik bir qətnamə qəbul edib və bu, qəbul olunmazdır. Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı hər hansı bir məsələni gündəmə gətirib onunla bağlı qətnamə qəbul etmək üçün əvvəlcə ölkənin mövqeyini öyrənmək, göstərilən faktların monitorinqini keçirmək lazımdır. Hansısa təşkilatlardan informasiyalar əldə edib və o məlumatlara köklənərək belə bir mühüm qurumun adından qərar qəbul etmək başa düşülən deyil. Bütün bu məsələlərin kökündə Azərbaycanın müstəqil siyasət aparması dayanır. Ona görə də bəzi qüvvələr Azərbaycanın sürətli inkişafından narahat olurlar: Bu məsələnin kökündə bizim bildiyimiz, lakin görünməyən məqamlar var. Artıq biz son dövrlər Azərbaycana qarşı başlanan kampaniyanın əsl məqsədini bilirik. Mən və bəzi deputat həmkarlarım aprel ayında Almaniyada səfərdə olarkən keçirdiyimiz görüşlərdən bu məsələni müəyyənləşdirmişdik. Artıq Azərbaycanın Cənubi Qafqazda deyil, keçmiş SSRİ və dünya məkanında söz sahibinə çevrilməsi və qüdrətli dövlət olaraq öz sözünü deməsi bəzi dövlətlərdə qısqanclıq yaradır. Azərbaycanın iqtisadi gücü günü-gündən artır, daxili və xarici siyasətində müstəqillik var, dövlətimiz hər hansısa bir ölkənin təsiri altında deyil və kiminsə diktəsi ilə hərəkət etmir. Eyni zamanda, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir"
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.