Dünya siyasətçiləri respublikamızı "özü ilə fəxr etməyə haqqı olan ölkə" adlandırırlar
{nl}
Müasir dünyada gedən ictimai siyasi proseslərin istiqamətlərini və şaxələndirilməsini xarakterizə edən xüsusi instututlar və ayrı- ayrı ekspertlər belə qənaətdədirlər ki, həmin proseslərin mərkəzində məhz iqtisadi cəhətdən güclü olan dövlətlər dayanır. Geridə qalan illərdə dünyanın ictimai- siyasi proseslərinə ideoloji cəhətdən özünə güc toplamış ölkələr, bir qədər əvvəl isə güclü siyasi iradəsi olan dövlətlər təsir edirdilərsə, indi artıq birmənalı şəkildə iqtisadi inkişafı təmin etmiş dövlətlər söz sahibinə çevrilirlər.
Bu baxımdan gənc müstəqil Azərbaycan dövlətinin son 9 ildə əldə etdiyi nailiyyətlər Avrasiya məkanında nümunə kimi göstərilir. Mükəmməl dövlətçilik kursu, iqtisadi strategiya və müasir idarəetmə prinsplərinin əsasında fəaliyyət jöstərən dövlətimiz qısa müddət ərzində işsizliyin və yoxsulluğun azaldılması istiqamətində, adambaşına düşən ümumi daxili məhsulun artımında, bütün regionların bərabər şəkildə inkişaf etdirilməsində, insanların sosial- rifah halının yaxşılaşdırılmasında elə mühüm uğurlara imza atıb ki, başqa ölkələrin heç biri bu göstəriciləri təkrar edə bilməzdi.
Xarici ekspertlər, xüsusən, Türkiyə və Rusiya mütəxəssisləri bu fikirdədirlər ki, Azərbaycanın bugünkü uğurlarının təməlində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri dayanır. Avropalı mütəxəssislərin fikirincə, Azərbaycanın uğurlarını təmin edən əsas amillər sırasında ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti, eləcə də təbii sərvətləri də vardır. ABŞ politoloqları isə bir az fərqli düşünürlər. Onların fikirincə, mükəmməl siyasi idarəetmə olmadan heç bir ölkə heç nəyə nail ola bilmir. Öz fikirlərini əsaslandırmağa çalışan amerikalı ekspertlərin fikrincə müdrik Şərq fəlsəfəsi ilə silahlanmış, eyni zamanda zəngin təbii sərvətlərə malik olan bəzi Asiya ölkələrinin müasir tərəqqidən çox- çox geridə qalmasının əsas səbəbi məhz məkəmməl siyasi idarəetmənin olmamasıdır.
Bütün bunları yada salan ekspertlər təsdiq edirlər ki, müasir dünyada özünəməxsus nüfuza və ehtirama malik olan Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərin əsası məhz bu dövlətə rəhbərlik edən liderin şəxsi keyfiyyətləri ilə bağlıdır. Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini inkişaf etdirmək üçün öncə iqtisadi cəhətdən qüdrətli dövlət formalaşdırmağı zəruri hesab edirdi. Dövlət başçımız bu məqsədə cəmi 9 ildə çata bildi. Onun ən böyük uğuru isə ölkə iqtisadiyyatının neft amilindən asılılığını azaltmasıdır. Dövlət başçımızın özü bu məsələ ilə bağlı danışarkən demişdir: "İqtisadiyyatımızın mühüm bir hissəsini hələ ki, neft və qaz təşkil edir və bu, gələn illər ərzində də belə qalacaqdır. Lakin on il əvvəlki vəziyyətlə müqayisədə indi biz bu sektordan daha az asılıyıq. İndi biz neftin qiymətinə o qədər də bağlı deyilik.
İqtisadiyyatımız son 8 il ərzində sürətlə inkişaf edib, 3 dəfədən çox artıb. Biz artıq 3 dəfə artmış ümumi daxili məhsulumuzu 2023-cü ilə qədər - bundan sonrakı 10 il ərzində qeyri-neft sektoru hesabına daha 2 dəfə artırmaq fikrindəyik. Lakin, təbii ki, enerji sektoru maliyyə vəsaitlərinin formalaşdırılmasında bizə yardımçı oldu və dünyada özümüzü təqdim etməyə imkan yaratdı. Çünki 20 il bundan öncə çox az sayda insan Azərbaycan haqqında bilirdi..."
Bəli, 20 il əvvəl dünyada Azərbaycanı tanıyanlar, sözün həqiqi mənasında, həddən artıq az idi və buna görə heç kəsi qınamaq da mümkün deyildi.
Çünki biz özümüz özümüzü dünyaya təqdim edə bilməmişdik. Son illərdə isə, qeyd etdiyimiz kimi mükəmməl siyasi idarəetmənin nəticəsi olaraq artıq dünyanın hər yerində nəinki bizi tanıyırlar, hətta, bizimlə razılaşır, hesablaşır və bir çox hallarda məsləhətləşirlər. Ötən ilin oktyabr ayında Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun qeyri-daimi üzvü seçildi. 20 il əvvəl, demək olar ki, heç kəsin tanımadığı bir ölkə indi dünyanın 15 dövlətindən birinə çevrilib. Özü də bu quruma seçkilər zamanı Azərbaycan özünəməxsus bir nümunə də formalaşdıra bildi. İndiyədək heç bir ölkə BMT Təhlükəsizlik Şurasına seçilərkən quruma üzv olan ölkələrin dörddə üçdən çoxunun səsini qazana bilməmişdi. Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq həmin rekorda imza atmış oldu. Bu ilin fevralında isə Azərbaycan Respublikası "Böyük iyirmilər"in sammitinə dəvət olunaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi dünyanın kasıb ölkələrinin problemlərinin həllinə cəlb edildi. Heç kəs unutmayıb ki, biz cəmi 20 il əvvəl məhz bütün dünyanın köməyinə ehtiyacı olan bir ölkə idik. İndi isə "Böyük iyirmilər"in sırasına dəvət olunuruq. 20 il əvvəl Azərbaycan nəinki beynəlxalq, hətta, yerli mədəni tədbirləri də keçirə bilmirdi. Çünki mədəniyyət müəssisələri sökülüb dağılır, qışda soyuq, yayda isti bu müəssisələri dözülməz bir vəziyyətə gətirirdi. İndi isə Azərbaycan Avropa miqyaslı ən mötəbər siyasi, iqtisadi və mədəni tədbirlərin reallaşdırılmasında nümunə göstərir. "Eurovision - 2012" mahnı müsabiqəsinin təşkil edildiyi son günlərdə Bakıya gələn 20 mindən artıq turist və yüzlərlə mətbuat təmsilçisi dönə-dönə vurğulayır ki, 57-ci dəfə keçirilən bu tədbir qitənin heç yerində Bakıda olduğu kimi təşkil edilməmişdi.
Azərbaycanın xarici siyasətində xüsusi yer tutan NATO ilə əməkdaşlıq məsələləri də gündən-günə yeni müstəvidə inkişaf edir. Prezident İlham Əliyevin NATO-nun Çikaqoda keçirilən sammitindəki çıxışı təkcə bu qurum çərçivəsində deyil, bütövlükdə dünyada ölkəmizə olan inam və etimadı artırmışdır.
Yeri gəlmişkən, son zamanlar ölkəmizə gələn əcnəbi siyasətçilərin və dövlət başçılarının hamısı Azərbaycan həqiqətlərini yüksək qiymətləndirir, bu ölkənin siyasi və sosial-iqtisadi inkişafını nümunə göstərirlər. Məsələn, martın ortalarında Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosiroviç ölkəmiz haqqında söz açarkən çox maraqlı bir ifadə işlətmişdir: "Bu gün Azərbaycan özü ilə fəxr etmək üçün çox səbəbləri olan ölkədir. Biz bu səbəbləri yaxşı bilirik".
Martın 30-da ölkəmizə rəsmi səfərə gələn Qırğız Prezidenti Almazbek Atambayev isə Azərbaycanda öyrənilməli çox məqamların olduğunu söyləmişdir: "Bakıya baxdıqca yalnız yaxşı mənada həsəd aparmaq və fikirləşmək olar ki, bizim Bişkek də, əlbəttə, belə olmalıdır. Biz bunu öyrənəcəyik. Çox şey öyrənəcəyik". Əlbəttə, bunlar hələ mart ayında ölkəmiz haqqında söylənilən fikirlərdir. Lap son günlərədə isə ABŞ senatoru Rocer Uiker ölkəmiz haqqında söz açarkən deyib: "Azərbaycanın nüfuzu gündən-günə artır. Qlobal enerji bazarında Azərbaycan liderliyini və etibarlı tərəfdaş olduğunu nümayiş etdirməkdədir".
Bax belə, bu gün dünyanın istənilən ölkəsinin təmsilçiləri gənc müstəqil Azərbaycan haqqında ən səmimi hisslərlə, ürək dolusu söz açırlar. Bu tendensiyanı Heydər Əliyev siyasi kursu və Prezident İlham Əliyevin elmi şəkildə əsaslandırılmış siyasi fəaliyyəti təmin etmişdir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.