Azərbaycan tarixinin çox əhəmiyyətli səhifələrindən birini təşkil edən "Eurovision-2012" mahnı yarışmasının keçirildiyi günlər artıq arxada qalmışdır. Hər birimiz həmin anların xoş təəssüratlarını yaşamaqdayıq.
Azərbaycanın dünyaya tanıdılması yolunda bu bir neçə gün çox əhəmiyyətli hadisələrlə zəngin oldu. Dünyanın ən məşhur televiziya kanalları ölkəmiz haqqında, mahnı yarışması haqqında verilişlər yayımladı. Dünyanın diqqəti Azərbaycana yönəldi.
Azərbaycanın dünyaya tanıdılmasında reklam işi əhəmiyyətli rol oynadı. Bakının küçələrində asılmış reklam materialları göz oxşayırdı. Şəhərimiz "Eurovision" günlərində olduqca gözəl bəzənmişdi. Azərbaycanın tarixi, mədəniyyəti, abidələri, milli-mənəvi dəyərlərimiz haqqında olan reklamlar göz oxşayırdı.
Qonaqlar bu reklamlar vasitəsilə Azərbaycan haqqında ilkin təəssürat əldə edir, bu ölkəyə səfər etdiklərindən məmnun olduqlarını bildirirdilər. Küçə reklamlarında göstərilən reklam çarxları təkcə sosial reklamlar deyildi, onlar arasında həm də Azərbaycanın müxtəlif şirkətlərinin məhsulları da var idi. Bir sözlə, hər bir reklam Azərbaycan haqqında, onun son illər qazandığı nailiyyətlər haqqında idi.
Bu reklamlar arasında regionlarımızdakı quruculuq işləri, milli parklar, qoruqlar, müxtəlif bölgələrin təbiət mənzərələri, tarixi abidələr öz əksini tapırdı. O reklamların bir hissəsi müsabiqədən sonra da şəhərimizdə saxlanılmaqdadır.
İstər yarışmanın yarımfinal, istərsə də final mərhələlərində reklamçılarımızın yaratdığı mənzərələr həqiqətən ürəkaçan idi. Yarışmanın loqosu çox düşünülmüş, məntiqi cəhətdən kamil işlənmişdi. Burada mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs şəffaflıq, əmin-amanlıq, sülhpərvərliyi təcəssüm etdirən Günəş, Ay və ulduzlar təsvir olunmuşdu. Bu da təsadüfi deyildi. Çünki zəngin mədəniyyətimizdə xüsusi yeri olan od bu gün də bayramlarımız, incəsənət nümunələrimiz, memarlığımızda çox aktualdır. Od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər, qayğıkeş xüsusiyyətləində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov bir-birindən çox fərqli naxışlarla mədəniyyət incilərində əks etdirilmişdi. Ona görə də bu müsabiqə "Öz məşəlini alovlandır" şüarı altında keçirildi.
Bakı Kristal Zalı öz möhtəşəmliyi ilə qonaqları heyran etmişdi. Bu zalın qısa bir vaxtda inşa edilməsi əsl möcüzə idi. Cənab Prezidentin və onun xanımı Mehriban Əliyevanın səyləri nəticəsində bu möcüzə baş verdi. Azərbaycanın bu nailiyyəti dünyaya nümayiş etdirildi. Xarici televiziya verilişlərində onu Azərbaycanın böyük uğuru kimi dəyərləndirdilər.
Reklamlar isə bu zala gələn yolu bəzəyirdi. Zalın ətrafında yaradılan kompleks isə olduqca gözəldir. "Eurovision" mahnı müsabiqəsi dövründə xarici ölkələrin mətbuatında gedən yazılarda Azərbaycan çox geniş reklam olunurdu. Məsələn, "Hafftinqton Post" qəzetində gedən məqalədə deyilirdi: "Bakı İstanbulun qədim cazibəsi ilə Dubayın arxitektoru görünüşünün birləşdiyi bir paytaxta çevrilmişdir. İndi bu şəhər uzun illərdir ki, müşahidə olunan dəyişikliyini nümayiş etdirmək üçün yaxşı imkan əldə etmişdir. Burada "Eurovision - 2012" mahnı müsabiqəsi keçirilir. Bu möhtəşəm şou 125 milyon insan tərəfindən izlənilir".
Bəli, 125 milyon insan tərəfindən izlənilən şouda nümayiş etdirilən reklam çarxları, müxtəlif reklam materiallarının yaratdığı təəssürat, həqiqətən, Azərbaycana yeni turizm imkanları yaratdı. Gələn qonaqların əksəriyyəti müsahibələrində deyirdilər ki, biz yenidən Bakıya-bu möhtəşəm şəhərə qayıdacağıq.
Bunlar bütövlükdə dövlət başçımızın apardığı məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Ölkəmiz, doğrudan da, gözəlləşir, inkişaf edir, dünyanın qabaqcıl dövlətləri sırasına can atır.
Mən final yarışması vaxtı çıxışlar arasında verilən reklamlara diqqət yetirdim. Çox mükəmməl hazırlanmış materiallar idi. Burada, həm Bakının, həm də regionların çox yüksək səviyyədə işlənmiş reklam çarxları nümayiş etdirilirdi və ona dünyanın hər yerində baxılırdı.
Xüsusilə, vertolyotdan çəkilmiş Bakının işıqlı gecələri mənə Las-Veqası xatırlatdı. Hər şey gözəl idi.
"Eurovision - 2012" Azərbaycanın Avropaya intqerasiyasının yeni mərhələsini təşkil etdi. O, Azərbaycanı təkcə Avropaya deyil, dünyaya tanıtdı.
Bu yarışma ölkəmizin reklam bazarına güclü təsir göstərdi. İnanırıq ki, ölkəmiz belə nüfuzlu beynəlxalq tədbirlərə gələcəkdə də ev sahibliyi edəcək.
{nl}
Cahid HƏSƏNOV, Beynəlxalq Reklamçılar Assambleyasının üzvü, Türkdilli Ölkələri Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.