Lerik şəhərinin su-kanalizasiya sistemləri yenidən qurulur
Bildiyimiz kimi, dünyada yetərli qədər suyu, təmiz ekoloji durumu olan ölkələr yaşıllığı və gözəlliyi, əhalisinin sağlamlığı ilə seçilir. Azərbaycanda su təchizatının yaxşılaşdırılması, insanların həyatının zəruri sanitar-gigiyena tələblərinə uyğunlaşdırılması üzrə müvafiq proqramlar həyata keçirilir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin ilk rübünün yekunlarına həsr olunmuş iclasında bu məsələlərin vacibliyini önə çəkmişdıir: "Su və kanalizasiya layihələrinin icrası bütün ölkə üzrə gedir. Hər bir yerdə, hər bir rayon mərkəzində işlər ya başlamışdır, yaxud da ki, bu yaxınlarda başlanacaqdır... Bu, doğrudan da çox böyük layihədir. Şəhərlərimizin əksəriyyətində kanalizasiya sistemi, ümumiyyətlə, heç vaxt olmamışdır. İçməli su xətləri də heç vaxt olmamışdır. Yəni biz bunları sıfırdan yaradırıq... 2014-cü ilin sonunadək bütün şəhərlər və rayon mərkəzləri içməli su, kanalizasiya layihələri ilə təmin edilməlidir".
Hazırda "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış Kredit Sazişinə əsasən ölkəmizin bir sıra rayonlarında "Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində su-kanalizasiya sistemlərini yenidən qurur. Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Cəlilabad, Masallı, Yardımlıda müvafiq tədbirlər həyata keçirilir. Layihənin reallaşdırıldığı rayonlardan biri də Lerikdir.
Bu dağlıq rayonun mərkəzində səkkiz minədək əhali yaşayır. Şəhərin mövcud su təchizatı Zuvand çayının yatağında qurulmuş, dəniz səviyyəsindən 1333 metr yuxarıda yerləşən mövcud horizontal suqəbuledicidən 6 horizontal quyu vasitəsilə fasilələrlə təmin edilir. Buradan su 1000 kubmetrlik anbara nəql olunur və şəhərin müxtəlif hissələrinə paylanır. Mövcud supaylayıcı şəbəkənin ümumi uzunluğu 14,02 kilometrdir. Şəhərdə kanalizasiya şəbəkəsi olmadığına görə ictimai sektor və əhalinin 60-70 faizi çirkab sularını küçə kənarlarındakı açıq arxlara axıdır. Yalnız Lerikin yenidən qurulmuş mərkəzi hissəsində 3 ötürücü polad boru qoyulub və bir neçə böyük evdə şambolar var. Vaxtilə şəhərdə çirkab sutəmizləyici qurğunun inşası üçün ərazi ayrılmasına baxmayaraq, bu reallaşdırılmayıb.
Mütəxəssislərin hesablamalarına görə, 2030-cü il üçün şəhərin supaylayıcı şəbəkəsinə 24 saat ərzində vurulmaqla ildə 490 min kubmetr suya tələbat yaranacaq.
Su təchizatı sistemini yaxşılaşdırmaq məqsədilə Zuvand çayı yatağındakı suqəbuledici qurğunun yenidən tikilməsi nəzərdə tutulmuşdur. Su horizontal suqəbuledicinin çıxışından diametri 315 millimetr olan yüksək sıxlıqlı polietilen boru ilə təxminən 15,5 kilometr məsafədə yerləşən Su Təmizləyici Stansiyaya öz axını ilə nəql olunacaq. STS-nın maksimal gücü gün ərzində 2570 kubmetr təşkil edir ki, bu da Lerik şəhərini içməli su ilə təmin etmək üçün kifayətdir. STS-dən gündəlik 1350 kubmetr həcmində su Lerik şəhərinin müxtəlif yerlərində yerləşən ikisi 500, qalanı 400 və100 kubmetrlik dörd yeni su anbarlarına veriləcək. Buradan su öz axını üzrə boru xətti ilə supaylayıcı şəbəkəyə ötürüləcək.
Zuvand çayında horizontal suqəbuledici qurğunun yenidən qurulması zamanı Lerik şəhərini içməli su ilə təchiz etmək məqsədilə Bilnə çayında əlavə yataqaltı sugötürücü qurğusunun tikilməsi nəzərdə tutulur. Buradan saniyədə 10 litr həcmində su götürülərək nasos vasitəsi ilə magistral boru xəttinə vurularaq Lerik şəhərinə ötürüləcək. Tikinti işləri başa çatdıqdan sonra isə bu qurğu ehtiyat su mənbəyi kimi saxlanılacaq.
Lerikdə su-kanalizasiya sisteminin yenidən qurulması üçün şəbəkələrin, həmçinin su və çirkli su qurğularının təkmilləşdirilməsi məqsədilə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş Türkiyənin "Gelişim İnşaat, Turizm, Sənaye və Ticarət LTD"nin "Gelişim Qroup" şirkəti tərəfindən işlər davam edir.
Biz Lerikdə olarkən su-kanalizasiya şəbəkələrini təkmilləşdirmə işlərinin gedişi ilə maraqlandıq. "Gelişim Qroup" şirkətinin tikinti rəisi Mustafa Yalçınkaya bu barədə ətraflı məlumat verdi:
-Azərbaycan hökuməti tərəfindən elan olunmuş beynəlxalq tenderdə şirkətimizin qalib gəlməsi təsadüfi deyil. Biz həm Türkiyədə, həm də digər ölkələrdə bu tipli layihələrin həyata keçirilməsində iştirak etmişik. Amma Lerik rayonunda işləmək bir qədər çətindir. Çünki rayon dağlıq relyefə malikdir. 16 kilometrdən çox məsafədən çəkilən ana su xəttinin 3 kilometri sərt qayalıqlardan keçir. Buna baxmayaraq, artıq 12 kilometrlik məsafədə xəttin keçəcəyi kanal qazılmış, 315 millimetr diametrli yüksək sıxlıqlı polietilen boruları (HDPE) qaynaq olunaraq basdırılmışdır. Qalan hissələrdə də tikinti işləri sürətlə aparılır. Boruların alt və üst qatlarına tökülən qum Divağac kəndi yaxınlığında quraşdırılmış, gücü saatda 250 kubmetr olan qumələyən qurğu vasitəsilə əldə edilib daşınır. Qum makina-kompressor vasitəsilə sıxılandan sonra üst qat torpaqla örtülür. Yoldakı körpü yararsız olduğundan biz maşınların təhlükəsiz keçməsi üçün əlavə bir yol çəkmişik. Əsas məqsədimiz Zuvand çayı üzərində xəttin mənbəyində standartlara cavab verən suqəbuledici qurğu tikərək ekoloji cəhətdən təmiz suyun şəhərə ötürülməsini təmin etməkdir. Onu da deyim ki, çalışmağımız üçün rayonda hər cür şərait yaradılıb. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Layihənin həyata keçirilməsi üzrə işçi qrupunun mütəxəssisləri tez-tez buraya baş çəkir, görülən işlərin standartlara uyğunluğuna və keyfiyyətinə nəzarət edirlər. Lerik rayonunun rəhbərliyi də cari qayğılarımızla hər gün yaxından maraqlanır və bizə hər cür diqqət göstərir.
Ana xətt üzərində suyun təzyiqini tənzimləyən qurğular, açma-qapama siyirtmələri qoyulacaq. Şəhərin ən yüksək nöqtəsində sutəmizləyici qurğu inşa ediləcək, daxil olan su təmizlənərək öz axını ilə məhəllələrdə tikiləcək yeni su anbarlarına vurulacaq. Bu da bütün şəhərin su ilə fasiləsiz təmin edilməsinə imkan verəcək. Əsas suqəbuledici qurğunun tikintisi ərəfəsində Lerik şəhərini su ilə təmin etmək məqsədilə Nisli kəndindən axan çayın üzərində əlavə sugötürücü qurğu tikilərək suyunun nasos vasitəsilə ana xəttə ötürülməsi nəzərdə tutulub və tikinti işləri başa çatdıqdan sonra əlavə su mənbəyi kimi saxlanılacaq. Şəhərdaxili su şəbəkəsində müxtəlif ölçülü HDPE borularından istifadə olunacaq. Eyni zamanda, məhəllədaxili və evlərə çəkilən xətlərdə suyun qoşulub-ayrılması üçün siyirmələr, yanğın hidrantları qoyulacaq. Şəhərdaxili şəbəkə xətti üzərində təzyiqdüşürücü qurğu olacaq. Bu da abonentlərin sudan təhlükəsiz istifadəsinə təminat verəcək. Su anbarlarından evlərə su öz axını ilə gedəcək...
Lerik şəhərinın supaylayıcı şəbəkəsi 3 təzyiq zonasından ibarətdir. Təzyiq zonalarının su tələbatı və coğrafi hündürlük sərhədləri texniki sənədlərdə dəqiq müəyyənləşdirilib. Qeyd etmək lazımdır ki, hər bir evin şəbəkəyə qoşulması nəzərdə tutulub. Buraya atmosfer təsirlərindən və digər müdaxilələrdən qorunma kamerasının, su sayğacının quraşdırılması da daxildir. Paylama şəbəkəsinin ümumi uzunluğu 42 kilometrə qədər olacaq.
Layihə üç mərhələdə reallaşdırılacaq. İlkin olaraq ana xətt çəkilir. Sonra içməli su, kanalizasiya şəbəkələri və su anbarları inşa ediləcək. Üçüncü mərhələdə isə çirkab su təmizləyici qurğu tikiləcək. Hazırda "Gelişim Qroup" ana xəttin çəkilişində işləri sürətlə yekunlaşdırmağa çalışır. Burada təkcə boruların qaynaq edilərək xəndəyə salınması, üstünün örtülməsi ilə 8 briqadada 48 nəfər çalışır. Ümumiyyətlə, bütün sahələr üzrə hazırda 120 işçi çalışır və onların əksəriyyəti yerli adamlardılr. Buraya cəlb edilən texnikanı da yerli sakinlər bacarıqla işlədir. Sonrakı mərhələlərdə təqribən daha 180-200 nəfər işlə təmin olunacaq.
Çirkab su toplayıcı xəttin uzunluğu 1300 metrdir. Bu məsafə KORER borularla çəkiləcək və çirkli suları təmizləyici qurğuya ötürüləcək. Qurğunun əsas komponentləri giriş nasos və ifrazat lil qəbul stansiyalarından, xırda ələkdən, aeroasiya edilmiş iri qum və yağ kənarlaşdırma kamerasından, aktivləşdirilmiş lil və yekun çökdürücü çənlərdən, qayıdan və artıq lil üçün nasos stansiyasından, lil quruducu yataqdan ibarət olacaq. Kanal şəbəkənin uzunluğu isə 36 kilometrədək olacaq. Burada da çirkli suların öz axarı ilə təmizləyici qurğuya ötürülməsi nəzərdə tutulur. Təmizləmə prosesi tam müasir standartlar səviyyəsində olacaq. Kanalizasiya qurğuları üçün beton bacası, qapaqlar, bilərziklər, su anbarlarının dəmir-beton konstruksiyaları buradakı beton zavodunda hazırlanacaq. Bundan ötrü zəruri xammal ehtiyatları tədarük olunub.
Nəhayət, onu da deyək ki, Lerikdə həm su xətlərinin, həm də kanalizasiya sisteminin inşasının gələn ilin əvvəlində tam başa çatdırılması nəzərdə tutulur.
Lerikdə bundan əlavə 30 milyon manat dəyərində olan, 17 meqavat gücündə modul tipli elektrik stansiyası tikilir. Rayon icra hakimiyyəti tərəfindən stansiyanın inşası üçün 5 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda tikintidə işlər sürətlə gedir. Stansiya tam hazır olandan sonra isə burada 80 nəfər daimi işlə təmin ediləcək.
Ümumiyyətlə, indi Lerik əsl tikinti meydanını xatırladır: 14 kənddə yeni məktəb tikilir, Piran-Daster, Piran-Bürsülüm yolunda, Əliabad-Şingədulan-Xanəgah kəndarası yollarında əsaslı təmir işləri aparılır. Azərbaycan Prezidentinin 3 aprel 2012-ci il tarixli sərəncamı ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Hazırda burada layihə və geodeziya işləri aparılır. Rayonun daha 9 kəndinə qaz xətti çəkilir, 37-ci kilometrdə süfrə suyu və şirə sexi tikilir. Şəhərdə yeni bazar istifadəyə verildikdən sonra köhnə bazar ərazisində abadlıq işləri görülür. Yaponiya dövlətinin maliyyə dəstəyilə Şingədulanda tibb məntəqəsi inşa olunur. Piran kəndində broyler fabrikinin tikintisi sona çatmaqdadır.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.