Şriftin ölçüsü:
31.05.2012 12:40 | Oxunma sayı: 422
Son illər ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlar bir çox sahələrdə olduğu kimi, sosial infrastrukturun tamamilə yenidən qurulması üçün geniş imkanlar yaratmışdır. Bu baxımdan içməli su sektorunda və kanalizasiya şəbəkəsinin yaradılması sahəsində həyata keçirilən işlər diqqəti daha çox cəlb edir. Artıq ölkəmizin 40-dan çox şəhərində bu istiqamətdə geniş layihələr icra olunur.
Dünən Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirildi. Mərasimdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, hazırda Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir. Qeyd olundu ki, bu tədbirlər çərçivəsində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına başlanılmışdır. Ölkə Prezidenti İlham Əliyevin əhalinin 24 saat keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsini prioritet məqsəd kimi qarşıya qoyduğunu diqqətə çatdıran Q. Hüseynov bildirdi ki, 2011-ci ildən başlayaraq həm büdcə vəsaiti, həm də beynəlxalq qurumlardan dövlət zəmanəti ilə cəlb olunan kreditlər hesabına ölkəmizin içməli su sektorunda bir sıra layihələr reallaşdırılır.
Ölkəmizin iqtisadi imkanlarının getdikcə artması ilə belə layihələrin reallaşdırılması üçün geniş imkanların yarandığını vurğulayan natiq bu sahədə xarici şirkət və təşkilatlarla, eləcə də maliyyə qurumları ilə əməkdaşlığa da xüsusi önəm verildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, hazırda beynəlxalq maliyyə qurumlarının vəsaitləri hesabına Gəncə, Şəki, Qəbələ, Şamaxı, Göyçay və Ağdaş şəhərlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. 1992-ci ildən Azərbaycan Respublikası ilə çox fəal əməkdaşlıq edən Dünya Bankının ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində yaxından iştirakını yüksək dəyərləndirən Q. Hüseynov adı çəkilən qurumun Azərbaycan hökuməti ilə birgə reallaşdırdığı "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində görülən işlərdən bəhs etdi. Qeyd olundu ki, layihə çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Şamaxı və Qəbələ şəhərlərində işlərin birinci mərhələsi tamamlanmış, ikinci mərhələnin tenderi yekunlaşmış, yaxın günlərdə isə tikinti işlərinə başlanması gözlənilir. Sabirabad şəhəri üzrə də tender yekunlaşmış, gələn ayın əvvəlində bu şəhərdə də işlərə start veriləcək.
"Azərsu" ASC-nin sədri onu da dedi ki, Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev 2014-cü ilin sonuna qədər bütün şəhər və rayon mərkəzlərinin içməli su, kanalizasiya layihələri ilə təmin edilməsini qarşıya əsas məqsəd qoymaqla yanaşı, rayon mərkəzlərinə yaxın yerləşən böyük yaşayış yerlərində və kəndlərdə də bu layihələrin icra olunması ilə bağlı konkret tapşırıq vermişdir. Həmin tapşırığa uyğun olaraq yaxın vaxtlarda Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğular kompleksindən Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərlərini və 97 kəndi içməli su ilə təchiz edəcək Şirvan-Muğan qrup su kəmər layihəsinin icrasına başlanılacaq.
Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov son illər ölkəmizin tarazlı və hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyini bildirdi. Ölkə Prezidenti İlham Əliyevin regionların sürətli inkişafının təmin edilməsi, bölgələrdə sosial infrastrukturun yaradılması məqsədilə həyata keçirdiyi tədbirlərdən söhbət açan S. Cabbarov "Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin icrasına başlanılmasını 15 İyun-Milli Qurtuluş Günü ərəfəsində dövlət başçısının rayon sakinlərinə ən böyük hədiyyəsi kimi dəyərləndirdi. Bu qayğı və diqqətə görə bütün rayon sakinləri adından ölkə Prezidentinə minnətdatlıq etdi.
Xatırladaq ki, "Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində Saatlı şəhərində 21312, Bəylik, Qıraqlı, Mustafabəyli kəndlərində isə 17219 nəfər olmaqla 38531 sakinin su təchizatı və kanalizasiya xidmətləri əsaslı şəkildə yaxşılaşdırılacaq. Bununla yanaşı, hazırda Əlisoltanlı, Mollavəzli, Bəylər və Potubəyli kəndlərinin də gələcəkdə bu layihə çərçivəsində içməli su ilə təmin edilməsi imkanları nəzərdən keçirilir.
Saatlı şəhəri və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Kür sutəmizləyici qurğular kompleksindən yeni magistral xətt çəkiləcək və bu kəmərlə rayona saniyədə 80 litr su ötürüləcək. Layihəyə uyğun olaraq adıçəkilən yaşayış məntəqələrində yüksək sıxlıqlı polietilen borulardan 120,5 kilometr uzunluğunda içməli su və 139,7 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 3170 ünvanda qoşulma işləri aparılacaq, 395 yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 3100 kubmetr olan su anbarı inşa ediləcək. Çirkab sular kənarlaşdırılarkən özüaxımlı rejimi təmin etmək məqsədilə mikrotuneldən istifadə olunacaq və tunelin çıxışında toplanan tullantı sularını təmizləyici qurğuya nəql etmək üçün kanalizasiya nasos stansiyası tikiləcək. Çirkab suları emal edib zərəsizləşdirmək üçün isə Saatlı şəhərinin kənarında məhsuldarlığı sutkada 6500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaq.
Qeyd edək ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi bu layihənin ilkin ehtimal olunan qiyməti 39,3 milyon dollar təşkil edir. Layihə çərçivəsində işlərin isə 2014-cü ilin ikinci rübünə qədər başa çatdırılması nəzərdə tutulur.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.