Azərbaycanın daxili və xarici siyasətinin uğurları dünya ictimaiyyətinin diqqətini ölkəmizə getdikcə daha çox cəlb edir. İqtisadiyyatın artım tempinə görə regionun və dünyanın lider dövlətinə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, həmçinin bu ilin may ayında quruma sədrlik etməsi, "Eurovision-2012" mahnı müsabiqəsini çox yüksək səviyyədə təşkil etməsi Azərbaycanın dünya birliyindəki reytinqini daha da artırıb.
Avropanın böyük mədəni tədbiri hesab edilən "Eurovision" mahnı müsabiqəsində iştirak etmək üçün ölkəmizə qələn musiqiçilər, jurnalistlər, həmçinin əcnəbi turistlər Azərbaycanda gördükləri qonaqpərvərlikdən və inkişafdan heyrətlə danışırlar. Belə bir beynəlxalq miqyaslı tədbirin ölkəmizdə keçirilməsi, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində bir miyona yaxın soydaşımızın öz yurd - yuvalarından didərgin salınmaları barədə dünya ictimaiyyətinə dolğun məlumat vermək üçün əlverişli şərait yaradıb. Azərbaycanda yüzlərlə xarici jurnalistin olmasından istifadə edib Dağlıq Qarabağ problemini, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və bu işğal zamanı minlərlə tarixi - mədəni abidələrin yerlə-yeksan edilməsi faktını qabartmaq üçün yaxşı məqam yetişmişdir. Təəssüf edirik ki, öz şəxsi mənafelərini xalqın taleyüklü məsələlərindən üstün tutan dağıdıcı müxalifət liderləri yaranmış fürsərdən istifadə edərək bu dəfə də çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Belə məqamlardan həmişə öz şəxsi mənafeyi naminə yararlanmağa çalışan AXCP sədri Əli Kərimli bu dəfə də fürsəti əldən verməyib. İranın ölkəmizə qarşı sərt və qərəzli mövqeyinin tənqid atəşinə tutulduğu, hətta bütün dünyanın fars rejiminə etiraz etdiyi bir vaxtda AXCP sədri siyasi divident qazanmaq üçün İran mollalarınin müdafiəsinə qalxıb. Guya İranın din xadiminin "təhqir" olunması Əli Kərimlinin heysiyyətinə toxunub. Bəs görəsən İranda hər addımbaşı hüquqları pozulan azərbaycanlıların taleyi niyə Ə.Kərimlini maraqlandırmır? İranın Azərbaycana qarşı yeritdiyi düşmənçilik siyasətinə, ən azı ayda bir dəfə Ermənistan prezidenti ilə qucaqlaşan İran prezidentinin ermənipərəst mövqeyinə niyə bir dəfə də olsun etirazını bildirməyib? Budurmu Ə.Kərimlinin milli təəssübkeşliyi? Peyğəmbərimiz haqqında müxtəlif Qərb ölkələrinin mətbuatında karikaturalar yayımlananda, Qurani - Kərim yandırılanda Əli Kərimli susdu. İndi isə ölkəmizə meydan oxuyan, hər an təxribatlar törətməyə hazır olan, bununla bağlı müxtəlif çirkin planlar hazırlayan antiAzərbaycan dairələrin təəssübünü çəkən olub. O, bu hərəkəti ilə antimilli mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycana düşmən olan qüvvələrin, habelə erməni lobbisinin təsiri altında fəaliyyət göstərən "İctimai Palata" adlı qeyri - formal qurumun təsisçiləri gah qanunsuz piketlər, gah da aclıq aksiyası təşkil etməklə ölkəmizi dünyada qeyri - demokratik dövlət kimi tanıtmağa cəhd edirlər. Təbii ki, belə antimilli qüvvələr - xüsusilə Əli Kərimli və İsa Qəmbər öz çirkin niyyətlərinə nail ola bilmirlər. Çünki Azərbaycana gəlmiş əcnəbi jurnalistlər və musiqiçilər hər şeyin canlı şahidi olurlar. Onlar ölkəmizlə tanışlıqdan sonra bir daha əmin oldular ki, Azərbaycanda insan huquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyəti normaları heç də Avropanın inkişaf etmiş ölkələrindən geri qalmır. Əksinə, bir sıra sahələr üzrə irəlidədir. Bu isə "İctimai Palata" adlı oyuncaq qurumun üzvlərinin antimilli təbliğatlarının iflası deməkdir.
"Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində və bu böyük mədəni tədbirin başlandığı gündən "İctimai Palata" adlı qeyri - formal qurumun üzvləri dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəlməsindən istifadə edərək min oyundan çıxırlar. Onlar ölkəmizi nüfuzdan salmaq üçün xaricdəki anti-Azərbaycan dairələrlə əlbir olaraq "Eurovision-2012" mahnı müsabiqəsini boykot etməyə çalışdılar. Bundan əlləri çıxdıqdan sonra tədbirin iştirakçıları arasında özləri əqidədə iştirakçı "ovuna" çıxıblar. Hətta bu işdə onlara yardımçı olmaq üçün ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə də yalvarıb - yaxarırlar. Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli bu günlərdə Bakıdakı "Villa Petroleum"da yerləşən restoranda İsveçin Azərbaycandakı səfiri Mikael Erikssonla görüşərək "Eurovision-2012" mahnı müsabiqəsindən siyasi məqsədlər, daha dəqiq desək, antimilli məqsədlər üçün yararlanmaq istədiklərini bildirmiş və bu işdə onlara yardımçı olmaq üçün minnətçi düşmüşlər. Səfir də beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozaraq xəyanətkarlara kömək məqsədilə İsveçi "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Mərakeş əsilli müğənni Lorinlə görüşmüş, guya AXCP sədri və Müsavat Partiyasının başqanını onunla tanış etmək istədiyini bildirmişdir. İsveç kimi demokratik bir ölkənin diplomatı Azərbaycan müxalifətçilərinin və özünün istəyi ilə Lorindən "Eurovision-2012" səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş etmişdir.
Müsabiqə günləri əcnəbilərin "Eurovision"a olan rəğbət və ehtiramından xofa düşən "İctimai Palata" adlı oyuncaq qurumun təsisçiləri Müsavat Partiyasının qərargahında keçirdikləri "aclıq aksiyasını" davam etdirməklə antimilli mövqelərdən əl çəkmədilər. Aksiyadan bir qədər əvvəl icazəli mitinq keçirən "İctimai Palata" adlı qeyri - formal qurumun üzvləri özlərinə tərəfdar tapa bilmədiklərindən aclıq aksiyasına əl atmışdılar. Müsavat Partiyası bir həftəyə yaxın idi ki, gərargahını "aclıqxana"ya çevirmişdi. Əslində gündüzlər aclıq edir, axşamlar isə "ley - pey", yemək - içmək məclisi qururdular. Onlar çirkin niyyətlərini davam etdirərək əlavə qrant alacaqlarına sevinir və axşamlar bunu xüsusu "qeyd edirdilər". "İctimai Palata" aclıq aksiyası keçirməklə hakimiyyətdə olduqları dövrü xatırlatmaq istəyirdi. Yəqin ki, AXC - Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrü heç kim unutmayıb. Axı, o illər Azərbaycan tarixində aclıq illəri kimi qalıb. Ölkədə baş alıb gedən anarxiya, başıpozuqluluq, dövlət idarəçliyindəki naşılıq və savadsızlıq vəziyyəti son dərəcə kəskinləşdirmiş və ərzaq qıtlığı yaranmışdı. Çörək almaq üçün uzun növbələr yaranmışdı. Çörək isə heyvan yemlərindən bişirilirdi. Çünki AXC - Müsavat hakimiyyətinin başı daxili didişmələrə, birincilik uğrunda mübarizəyə qarışdığından əhalinin ərzaqla təminatını düşünən yox idi. Görünür, "İctimai Palata"nın üzləri yenidən insanları həmin o məşəqqətlər dövrünə qaytarmaq istəyirdilər.
Aclıq aksiyasını təşkil edənlər öz "qəhrəmanlıqlarını" xarici ölkə nümayəndələrinə və jurnalistlərə nümayiş etdirmək üçün onları Müsavatın qərargahına dəvət edir və ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırdırdılar. Sonra isə aclıq aksiyasına baş çəkmək üçün əcnəbi jurnalistlərin və turistlərin gəlməməsi "İctimai Palata" nın üzvlərini ciddi narahat edibdi. Turistlər və jurnalistlər bildiriblər ki, onlar Azərbaycana "Eurovision-2012" mahnı müsabiqəsinə tamaşa etməyə gəliblər. Müxalifətin təşkil etdiyi şoular isə onları maraqlandırmır. Hər hansı bir qatilin tapılması çətinləşəndə qiymətli mükafatlar vəd olunur və bu yolla qatilin axtarışında maraqlı olanların sayı artır. İsa Qəmbərlə Əli Kərimli də bu üsuldan istifadə edərək aclıq aksiyası keçirənlərlə görüşə əcnəbi jurnalist və turist gətirənlərə müəyyən məbləğdə pul verəcəklərini vəd etmişdilər. Asan yolla pul qazanmaq istəyənlər neçə vaxt idi ki, turistlər və jurnalistlərin məskunlaşdıqları hotellərin qarşısında növbə çəkirdilər. Onlar "Eurovision-2012" mahnı müsabiqəsi başa çatana qədər 4-5 turisti və jurnalisti Müsavatın qərargahına aparıb pul qazanmaq istəyirdilər. Aclıq aksiyasına qoşulanlara da hər gün üçün xeyli pul verirdilər ki, daha çox qrand qopara bilsinlər. Azərbaycanda keçirilən böyük mədəni tədbirdən istifadə edərək xalqımıza, dövlətimizə çirkin vasitələrlə zərbə vurmağa, ölkəmizi dünyada nüfuzdan salmağa cəhd göstərən radikal müxalifət həmişə olduğu kimi, bu dəfə də iflasa uğradı. Azərbaycan dövləti öz siyasətini, öz xalqının iradəsini hansısa sifarişli fikirlərə görə dəyişmək niyyətində deyil. Çünki dövlətimizin siyasi xəttinin əsasını Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artırılması, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşdırılması təşkil edir.
Hər halda 20 mindən artıq əcnəbi arasında bir neçə nəfərin müxalifətin toruna düşməsi heç də uğur sayıla bilməz.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.