Avropa mədəni məkanının ən böyük mahnı müsabiqəsi "Avroviziya"nın növbəti 57-ci yarışması müstəqil Azərbaycan və onun paytaxtı Bakının daha bir beynəlxalq sınaqdan uğurla çıxması ilə tarixə qovuşdu. Tarixən xarici aləmə min bir tellə bağlı olan qədim "Odlar yurdu" çağdaş dünyanın mədəni mühitinə də qaynayıb-qarışmağının gerçəklərini musiqinin hüdudsuz, populyar çevrəsində nəhəng görüntülərlə sərgiləməklə dostlarını-yaxınlarını bir daha sevindirdi, düşmənlərini-bədxahların yenidən kədərləndirdi.
Dünya çapında nəhəng bir yükün ağırlığını kürəyimizdən yerə qoyar-qoymaz, ilk olaraq bizim üçün bu yarışmanın sevinci, şirinliyi, xoş əks-sədası önəmlidir. "Avroviziya" yarışması, hər şeydən əvvəl, Azərbaycan üçün dövlət müstəqilliyinin iki onilliyində çatdığı səviyyənin, qazandığı imkanların aşkar edilməsi, dünyaya göstərilməsi və xoş mərama qəbul olunması fürsətindən maksimum yararlanma hadisəsi oldu.
"Avroviziya" müsabiqəsi özünün nadir özəllikləri ilə Azərbaycanı tam bir il beynəlxalq mədəni aləmin nəzər-diqqətində saxladı. "Avroviziya" mədəni məkanının nəhəng ekranında Azərbaycan qədim və çağdaş, klassik və ultra-müasir dəyərlərin, Şərq və Qərb üslublarının birləşib-bütövləşdiyi nadir bir ölkə kimi göründü. Qabaqcıl Avropa meyarları qarşısında, sanki, hesabat verən xalqımız məzmun zənginliyi, forma əlvanlığı ilə dərinlik və yüksəklik arasında geniş amplitudanı eninə və uzununa sivil dəyərlər arenasına çevirməyi bacardı.
"Avroviziya" yarışmasına dövlət müstəqilliyinin 15-ci ilində qoşulan Azərbaycanın ötən 5 ildəki 5 çıxışının dinamikası müsabiqənin tarixində seçilən bir kardioqram cızmışdır. Xalqımızın çoxəsrlik mədəni dəyərlərini himayə edib dünyaya çatdıran Heydər Əliyev Fondunun ölkəmizin bu nüfuzlu beynəlxalq yarışmada uğurlu iştirakını təmin etməsi inanılımaz nəticələrə səbəb olmuşdur. İlk cəhddə 40-dan artıq məmləkət arasında birinci onluğa düşərək, 8-ci yerə çıxmaq Azərbaycan kimi təcrübəsiz bir ölkə üçün ilk qələbə demək idi. İkinci ildə üçüncü yeri qazanmaq real qələbə sayıldı. Üçüncü ilin dördüncü yeri qələbə marafonunda öncüllüyün qorunması oldu. Dördüncü cəhddə isə mütləq qələbə! Bu inanılmaz dərəcədə bir sıçrayış, əlçatmazlığın inamlı fəthi kimi hər kəsi və hamını heyrətdə qoydu. Bu dəfə isə ölkəmiz ev sahibi olmaqdan əlavə, həm də öndə görünən dördüncü yerdə qərarlaşmağı bacardı.
Dünyaca ünlü bir mahnı müsabiqəsində yarım əsrdən artıq yarış təcrübəsi, hədsiz mədəni-intellektual imkanları olan onlarla ölkənin arasından şimşək kimi sıyrılaraq, əlçatmazlıqdakı taca sahiblənmək ötən il əfsanəvi bir hünər idi. Lakin fərqinə varanda, hər şeyin təbii və gerçək olduğunu da görməmək mümkün deyildi. Şərqlə Qərbin qovşağında bir neçə min illik mədəni təbəqənin xalqımızın qanına, geninə, ruhuna, zəkasına da hopmasının nəticəsi idi ki, ölkəmiz ilk fürsətlərdə bu daxili etno-energetikanı inamla, cəsarətlə təzahür etdirdi.
Ötən bir ili Azərbaycan "Avroviziya" həqiqətləri ilə yaşadı. Ötən 10 günü isə "Avroviziya" məkanı Azərbaycan həqiqətləri ilə sıx təmasda oldu. Təkcə yarışmanın keçirildiyi Bakı Kristal zalı deyil, başdan-başa "Avroviziya" təntənəsinə bürünmüş Bakı, onun tarixi hissəsi olan Səbail rayonu, dənizkənarı zona nəhəng bir bayram meydanı kimi çoxmilyonlu xarici tamaşaçıların diqqət mərkəzində dayandı. Baş səhnədə 42 ölkənin təmsilçiləri öz məharətlərini nümayiş etdirirdisə, xarici teleməkanın informasiya və musiqili-əyləncəli verilişləri, bütövlükdə, Azərbaycanda tərəqqi və yüksəlişin ən parlaq görüntülərini yayımlayırdı. Azərbaycan səhnədə yarışdığı kimi, dünya üzrə yarışmada qazandığı uğurlarla da iri planda göründü, tanındı, sevildi.
Azərbaycan "Avroviziya" marafonuna qoşulmasının beşinci ildönümü günlərində bu beynəlxalq müsabiqəyə ev sahibliyi etdi və bu ağır, məsul işin öhdəsindən layiqincə gəldi. Ölkəmiz bu nəhəng, çoxşaxəli beynəlxalq məclisin tələb olunduğundan da yüksək səviyyədə keçirilməsi üçün mümkün olan bütün tədbirləri həyata keçirdi. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış nüfuzlu təşkilat komitəsi 1 il müddətində dəqiq, aydın proqram əsasında fəaliyyət göstərdi. Ötən 1 ildə ölkəmizdə "Avroviziya - 2012"yə hazırlıq ümumdövlət və ümumxalq işi kimi aparıldı.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsi müsabiqənin keçirilməsinin professional, təşkilati, mədəni və texniki məsələlərini, Azərbaycan hökuməti və Avropa Yayımları Birliyi ilə sıx əlaqədə, zərgər dəqiqliyi ilə işləyib hazırladı və gerçəkləşdirdi. Müsabiqənin təşkili ilə bağlı ölkə daxilində səslənən xırda-para qısqanclıq və inamsızlıq, xaricdən ara-sıra eşidilən şübhə və hədyanlar cəsarətli, ardıcıl, fədakar iş nəticəsində puça çıxarıldı. Azərbaycan Düsseldorf müsabiqəsinin qalibi olduğu kimi, Bakı yarışmasının təşkilində də qələbə çaldı.
"Avroviziya" müsabiqəsinin ortabab təşkili üçün Bakının kifayət qədər mədəni-texniki imkanları olsa da, demokratiya və modernləşmə yolunda atdığı ciddi addımlarla dünyanın diqqətini və marağını qazanmış Azərbaycan beynəlxalq şouya tarixi ənənəsinin və mövcud imkanların ən yüksək ölçüləri ilə hazırlaşdı. Bakının tarixi hissəsi qısa müddətdə restavrasiyadan keçirildi, yenidən quruldu. Şəhər yarışmanın ən müxtəlif yönlərinin tələbatına uyğunlaşdırıldı. Baş tədbir-yarışma üçün quru ilə dənizin qovuşduğu ən baxımlı məkanda - Bayraq Meydanının qonşuluğunda nadir memarlıq incisi olan, "Avroviziya" müsabiqəsinin nüfuz və ehtişamına layiq ayrıca Bakı Kristal Zalı yaradıldı. Bu möhtəşəm obyektin özü kimi, ən qısa müddətdə - bir neçə aya yaradılması da müsabiqə iştirakçılarını və onun beynəlxalq auditoriyasını heyrətdə qoydu.
Müsabiqənin əzəmətini möcüzəli görüntülərlə artıran Dənizkənarı bulvarın qeyri-adi tərtibatları, Qız qalası və İçərişəhər mənzərələri, "Alov qüllələri", "Teleqüllə", "Dövlət bayrağı qülləsi" kimi nadir memarlıq obyektlərində yaradılan heyranedici effektlər işitirakçılara da, turistlərə də, teleizləyicilərə də, ölkə əhalisinə də "Avroviziya - 2012"nin tarixi günlərinin sevinc və həyəcanlarını bütöv bir tamaşa kimi duymaqda və yaşamaqda yardımçı oldu. Qısa müddətdə "Avroviziya - 2012"nin istifadəsinə ən gözəl və rahat otellər, istirahət və əyləncə guşələri, taksilər, avtobuslar, yeraltı keçidlər... verildi.
Tədbirin təhlükəsizliyi ilə bağlı təxribat xarakterli siqnallar eşidilsə də Azərbaycan dövləti əmin-amanlığı yüksək səviyyədə təmin etdi. Müsabiqə yaxınlaşdığı həftələr və aylarda erməni təsirinə uyan və onların marağını ifadə edən xarici informasiya və bəyanatların əsassızlığı da Azərbaycan həqiqətlərinin bəşəriliyi, ölkəmizin və xalqımızın xoş məramının ucalığı ilə əriyib yox oldu. Yarışma ətrafında formalaşmış nəhəng publika Azərbaycanı sivil və demokratik dəyərlərə sadiq bir dövlət, inkişafda olan, dünya birliyində layiqli yerini tutan bir ölkə kimi daha yaxından gördü və dəyərləndirdi.
Müsabiqə ilə bağlı ölkəmizə gələnlərin qarşılanması, yerləşdirilməsi, təyinatı üzrə tədbirlərə qatılması, yarışmaya, onun yarımfinalına və finalına hazırlıq, mədəni-kütləvi tədbirlər ta yola salınmaya qədər yüksək səviyyədə keçdi. İki yarımfinal və final tədbiri Avropa Yayımları Birliyi tərəfindən canlı yayımla dünyaya təqdim olundu. Bakı şousu işıqlarının bolluğu və istisi, çıxışların əlvanlığı və təsirliliyi ilə bir illik gözləntilərə maksimal bir coşğu bəxş etdi.
May ayının əvvəlində BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu quruma müvəqqəti sədrliyə başlaması ilə dünya ictimaiyyətinin diqqətinə çıxan Azərbaycan sonrakı günlərdə xalqımızın ümummilli liderinə - müstəqil dövlətinin qurucusu Heydər Əliyevin xatirəsinə sonsuz ehtiramının ölkəmizin hüdudlarını belə aşması ilə gündəmdə qaldı. Bu təntənə "Avroviziya - 2012" dalğalarında may ayını "Azərbaycan ayı"na çevirdi. Müsabiqənin arxa, ön və ara görüntülərində baş mövzu şanlı tarix yaratmış, demokratiya və tərəqqi yoluna çıxmış, möcüzələri ilə diqqətlərə hakim kəsilmiş Azərbaycan həqiqətləri oldu.
Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə tarixi müstəqillik şansını qorumuş, taleyinə sahib olmuş Azərbaycan xalqı ötən 21 ildə bir sıra beynəlxalq iqtisadi, sosial və mədəni layihələrdə fəal iştirakı ilə Qafqazda lider ölkə kimi tanınmış, Şərqlə Qərbin etibarlı əməkdaşlıq timsalına çevrilmişdir. Xəzər regionunda beynəlxalq əməkdaşlığa etibarlı meydan açan quru, su, hava yolları, neft, qaz kəmərləri, rabitə və elektrik xətləri ilə Avrasiya kommunikasiya dəhlizi" kimi mühüm önəmə yiyələnən Azərbaycan "Avroviziya - 2012" təntənəsi ilə bu əməkdaşlığa möhtəşəm bir rövnəq gətirdi. Coğrafiya kitablarında Xəzər dənizinin nadir su hövzəsi kimi tanınması, Qafqaz dağlarının zirvələrinin barmaqla sayılan yüsəkliklər sırasında olması, tarix dərsliklərində isə bu regionun keçmişinin dərin izlər qoyması dünyanın hər yerində bəllidir. Lakin son 2 əsrdə rus və sovet imperiyaları bu regionun xalqlarını öz içərisində əritməyə çalışmaqla onların öz adları ilə tanınmasını əngəlləmişdi.
Son iki onillikdə isə region daha çox etnik münaqişələrin həllolunmazlığı ilə diqqət mərkəzindədir. Lakin Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri Azərbaycan dövlətini ümumi inkişafdan saxlaya bilməmiş, ölkəmiz islahatlar yolu, beynəlxalq aləmə inteqrasiya ilə əngəllər, bəlalar məngənəsindən qoparaq dünyanı heyrətə salan uğurlar qazanmışdır. "Avroviziya - 2012" müsabiqəsinin çoxmilyonlu auditoriyası yarışmanın əlvan işıqları altında hamıya bəlli Xəzər və Qafqaz regionunda Azərbaycan adlı parlaq bir ulduzu hər yöndən gördü, ona heyran qaldı.
Azərbaycan "Avroviziya - 2012"yə orijinal və ifadəli deviz seçmişdi: "Öz məşəlini alovlandır!" "Odlar yurdu"nun odu hər kəsə öz məşəlini yandırmağa alov verdi. Müsabiqənin nəhəng məşəli də gur alovlandı. Hər kəsin və hamının məşəli isə qovuşaraq Azərbaycanın üstünə düşən, onun hər yerdən görünməsinə imkan yaradan nəhəng bir işığa döndü. Azərbaycan dünyaya açdığı qapıdan xarici aləmə hərtərəfli çıxış əldə etdiyi kimi, dünya da bu geniş dəhlizdən Azərbaycana daxil olub özünü ifadə edə bilir, maraqlarını layiqincə cavablandırır.
"Avroviziya - 2012"nin musiqili işıqları ürəklərdə və yaddaşlarda sönməz çıraqlara çevrilib, tarixə qovuşdu. Bu çıraqların işığında çoxları Bakıya yenidən dönəcək. Bu çırağın işıqlarından Azərbaycanın adına həmişə nur ələnəcək.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.