Digər ölkələrin də bizim daxili işlərimizə qarışmasına heç vaxt imkan verilməyəcəkdir
{nl}
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın iradəsini əsas götürərək özünün dünyəvi, demokratik, hüquqi əsaslara söykənən siyasi idarəçilik sistemini müəyyənləşdirmişdir. Ölkəmiz həmin idarəçilik sisteminə uyğun olaraq daxili siyasətini qurur, inkişaf startegiyasını müəyyənləşdirir, xarici əlaqələrini milli maraqları çərçivəsində həyata keçirir.
Bunu reallaşdırarkən heç bir dövləti inkişafı qarşısında maneə hesab etmir, onun daxili işlərinə qarışmır. Əksinə, ölkəmiz müəyyən bir qlobal xarakterli addım atarkən, təcavüzkar Ermənistan xaric olmaqla, regiondakı digər dövlətlərin maraqlarına hörmətlə yanaşır, sülhə, sabitliyə, inkişafa söykənən tarazlı siyasət yeritməklə beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Həmin dövlətlər arasında qonşu İran İslam Respublikasının özünəməxsus yeri var. Quruluşu, siyasi sistemi və rejimi fərqli olsa da Azərbaycan Respublikası İranla əlaqələrinin inkişafına xüsusi önəm verir, rəsmi Tehran ilə mehriban qonşuluq munasibətlərinin davam etdirilməsinin tərəfdarı kimi çıxış edir. Ancaq bununla belə, Azərbaycan Respublikası heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmadığı kimi, digər ölkələrin də bizim daxili işlərimizə qarışmasına imkan vermək fikrində deyil.
Bir ölkə qonşu dövlətin siyasi quruluşuna hörmətlə yanaşırsa, onun daxili işinə müdaxilə etmirsə, onda bu, qiymətləndirilməli, münasibətlər də bu çərçivədə qurulmalıdır. Lakin İran ilə Azərbaycan arasında tarixən mövcud olan tarixi, mədəni, dini və humanist yaxınlığa baxmayaraq, bu gün qonşu ölkədəki bəzi dairələr respublikamıza qarşı qərəzli mövqedən çıxış edir, dünya erməniliyinin apardığı təbliğatın bayraqdarı kimi fəaliyyət göstərir. Keçən il ölkəmiz "Eurovision-2011" mahnı yarışmasında böyük uğur qazandıqdan və 193 dünya dövlətindən 155-nin dəstəyini, etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçildikdən, yəni respublikamız dünya ictimaiyyətinin maraq mərkəzinə çevrildikdən sonra bu hallar daha da artmağa başladı. Ötən ildən başlayaraq İranın bəzi dairələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünü təhdid edən açıqlamalar günü-gündən sərtləşdi. 2011-ci il dekabrın 21-də İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdinin başçılığı və xarici işlər naziri Əli Əkbər Salehinin iştirakı ilə İran-Azərbaycan Respublikası münasibətləri barədə keçirilən iclas kəskin antiazərbaycan çıxışlarla yadda qaldı. Buna paralel olaraq, İran tərəfdən sərhədin pozulması hallarının sayı nəzərəçarpacaq dərəcədə artdı. Keçən ilin iyulunda Yardımlı rayonu ərazisində baş verən hadisə zamanı sərhəd naryadının başçısı, leytenant Rüfət Quliyev öldürülmüşdü. Həmin hadisə Azərbaycanda ciddi narahatlığa səbəb olmuşdu. Bundan bir müddət sonra, oktyabrın 19-unda isə Biləsuvar rayonunda Azərbaycan - İran sərhədinin pozulması müşahidə edilmişdi. Əraziyə əlavə sərhəd naryadı çıxarılmış və axtarış təşkil olunmuşdu. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanmış, sərhəd naryadına hücum etdikdə ona atəş açılmışdı. O, aldığı güllə yarasından xəstəxanada ölmüşdü. Sonradan məlum olmuşdur ki, sərhəd naryadına hücum edən şəxs İran əsgəriymiş.
İki ölkə münasibətlərinə kölgə salan digər bir hadisə isə daha təhlükəli məqamlardan xəbər verir. Belə ki, bu ilin yanvarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkədən olan və ölkəmizdə fəaliyyət göstərən ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanmış, qətlləri planlaşdıran iki Azərbaycan vətəndaşı - Rasim Əliyev və Əli Hüseynov həbs edilmişdir. Sevindirici haldır ki, son hadisədə cinayətkarlar terror əməllərini həyata keçirmədən MTN əməkdaşları tərəfindən yaxalanıblar. Əgər pis niyyətləri baş tutsaydı, onda Azərbaycanda nələrin baş verə biləcəyini əvvəlcədən demək çətindir. Maraqlıdır ki, hazırlanan terror aktlarının digər mühüm və bəlkə də əsas iştirakçısı - əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş Balaqardaş Dadaşovun hazırda da İrandakı məlum dairələrin himayəsi altında Ərdəbildə yaşadığı bildirilir.
Son vaxtlar xüsusən böyük mədəni tədbir olan "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində və müsabiqə davam etdiyi bir vaxtda bəzi dairələr İranda Azərbaycana qarşı növbəti böhtan kampaniyasına start veriblər. Ölkənin bəzi kütləvi informasiya vasitələrində heç bir əndazəyə sığmayan məlumatlar yayılır, gülünc olsa da bəzi din xadimləri rəsmi Bakını İsrail, ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq etməkdə "ittiham" edirlər. İddia olunur ki, guya, Azərbaycan xalqının iradəsinə zidd olaraq Bakıda cinsi azlıqların paradı keçiriləcəkdir. Bugün artıq hər kəs tərəfindən görüldü ki, bu barədə yayılan xəbərlər dezinformasiyadan ibarətdir və qaldırılan hay-küy ancaq qonşu Azərbaycanın daxili işlərinə müdaxilədən başqa bir məqsəd daşımayıb. Digər tərəfdən, Azərbaycan heç kəsdən siyasi, iqtisadi, hərbi asılılığı olmayan müstəqil dövlətdir, daxili və xarici siyasətini də özü müəyyənləşdirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, öz ərazisindən qonşu İrana qarşı istifadə olunmasına imkan verməyəcək və ölkəmiz heç vaxt Tehranın milli maraqlarına zərbə vuracaq addımlar atmayacaqdır.
Halbuki, yuxarıda adıçəkilən ölkələrin heç biri İranın bir qarış torpağını belə işğal etməyib. Buna baxmayaraq, tarixi, dini baxımdan bizə çox yaxın olan İran Azərbaycanın milli maraqlarına böyük zərbə vuraraq, onun torpaqlarının 20 faizini işğal altında saxlayan, bir milyonadək müsəlman qaçqın və məcburi köçkünün yurdundan-yuvasından didərgin düşməsinə səbəb olan təcavüzkar Ermənistan ilə çox sıx münasibətlər qurur, ona hər cür dəstəyi verir. Xatırlayırsınızsa, vaxtilə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan İranın Ermənistan üçün "nəfəs borusu" funksiyasını yerinə yetirdiyini bildirmişdi. İki ölkə arasında möhkəmlənən dostluq əlaqələrinin bariz nümunəsi İrandan İrəvana yeni, daha həcmli boru kəmərinin tikintisidir. 2014-cü ildə tikintisi yekunlaşacaq uzunluğu 365 kilometr olan Təbriz-İrəvan neft kəməri artıq dünya erməniləri tərəfindən alqışlanır, tarixi hadisə kimi qiymətləndirilir. Təbrizdən Araqçaya qədər olan neft boru kəmərinin Ermənistan ərazisində uzunluğu 265, İran ərazisində isə 110 kilometrdir. İran bu kəmərlə Cənubi Azərbaycanın Təbriz şəhərində yeni tikilən "Şəhriyar" NEZ-də istehsal edilən neft məhsullarını Ermənistana satmağı planlaşdırır.
Görün, Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov bu barədə nə deyib. O bildirib ki, Ermənistan çox ağır vəziyyətdədir: o, demək olar ki, izolyasiyadadır. Dünyaya çıxış ancaq İrandandır, əgər bu yol bağlansa, Ermənistan çökəcək və İrəvan Azərbaycanın torpaqlarının işğalından əl çəkmək məcburiyyətində qalacaq. Belə vəziyyətdə İran Ermənistanın işğalçı siyasətinə, qonşu dövlətlərə torpaq iddialarına görə bu ölkəyə qarşı sərt mövqe tutsaydı, Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən başqa çıxış yolu qalmazdı. Yanacaqsız, hərbi dəstəksiz, dünyaya birbaşa çıxışı olmadan öz xarici siyasətini sivil qaydada düşünməli olardı.
Təbii ki, bütün bunları Azərbaycanda evindən-eşiyindən didərgin düşmüş yüzlərlə insan bilir. Ona görə bəzən həmin şəxslər ölkəmizdəki demokratik şəraitdən faydalanaraq müxtəlif yollarla İrana qarşı etirazlarını bildirirlər. Bakıda İranın Azərbaycandakı səfirliyinin qarşısında baş tutan, ancaq icazəsiz olduğu üçün Azərbaycan polisi tərəfindən qısa zamanda qarşısı alınan etiraz aksiylarının səbəbi də budur. Bunu Azərbaycan dövlətinin mövqeyi kimi qəbul etmək qətiyyən yolverilməzdir. Bu barədə açıqlama verən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov demişdir: "Biz dəfələrlə İrana olan münasibətimizi bildirmişik, dövlət başçısından tutmuş bütün səviyyələrdə İranla dost münasibətləri davam etdirməyə hazır olduğumuzu və bunun zəruriliyini açıqlamışıq. Azərbaycandan İrana heç bir ziyan gəlməyəcəyini dəfələrlə bəyan etmişik. Eyni zamanda, çağırışlar da etmişik ki, İran tərəfi Azərbaycanla, onun seçimi, onun xalqının iradəsi, dövlət quruluşu, daxili və xarici siyasəti ilə bağlı ehtiyatlı olmalıdır. Xüsusən, son zamanlar İran ruhaniyyətinin antiazərbaycan çağırışlarına reaksiya verməlidir. Azərbaycanda keçirilən beynəlxalq tədbiri "gey-parad" adı ilə ləkələmək istəyirlər. Azərbaycan xalqına beynəlxalq aləmdə, o cümlədən İran səviyyəsində böhtan atmaq istəyirlər. Biz bu böhtana etirazımızı bildirmişik. İran səfirliyi qarşısında keçirilən piketlərdə İranın dini rəhbərinin portretinin qaldırılması, "Ermənistana dəstək verməkdən imtina et!", "Antiazərbaycan fəaliyyətinin qarşısını alın!" şüarları isə çağırışdır. Burada böhtan, təhqir yoxdur".
Son günlərdə İranda Azərbaycana qarşı antitəbliğatın daha da genişlənməsinə gəlincə, ekspertlər həm də belə hesab edirlər ki, "Eurovision-2012" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən İrandan çoxlu sayda turistlər gəliblər. Gələn turistlər Azərbaycanın inkişafını, insanların azad və firavan yaşayışını görürlər və bunu yüksək qiymətləndirirlər. Ölkəmizdə əhalinin sərbəst və maddi baxımdan təminatlı şəraitdə yaşamasının təbliğ olunması İrandakı bəzi qüvvələrin maraqlarına uyğun gəlmədiyinə görə iki qonşu dövlətin münasibətlərini korlamağa və bölgədə gərginlik yaradıb korporativ maraqlarına nail olmağa çalışırlar. Bu məqsədlə qonşu ölkədəki bəzi dairələr Azərbaycan barədə heç bir əndazəyə sığmayan mənfi planlar həyata keçirməyə çalışır. Ancaq bu, nəyin müqabilində baş verir? Azərbaycan öz qonşusunda daxili sabitliyin pozulmasına yönəlmiş addımlar atmır və yuxarıda da işarə etdiyimiz kimi, ölkəmiz ABŞ kimi supergüc tərəfindən İrana tətbiq olunan sanksiyalar fonunda İranla münasibətləri inkişaf etdirir, öz ərazisindən Tehrana qarşı istifadə edilməsinə imkan verməyəcəyini bəyan edir. Bunun müqabilində qonşu ölkədəki bəzi dairələr bizə təşəkkür etmək əvəzinə, daxili işlərimizə qarışmağa səy göstərirlər. Bu, ölkəmizdə ictimai qınaqla qarşılanır və ictimaiyyət əmindir ki, qüdrətli Azərbaycan dövləti həmin dairələrə lazımi cavabı verəcək, kənardan süni şəkildə hansısa məzhəbçiliyin, dini təriqətçiliyin və süni demokratiya adı altında ölkəmizin daxilində anarxiya yaratmanın, fərqli-fərqli siyasi, ideoloji, mənəvi təriqətlərin və meyillərin ixrac olunmasının, süni şəkildə yeridilməsinin qarşısını bundan sonra da qətiyyətlə alacaqdır.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.