Lənkəran: uğurlar var, görüləsi işlər də yetərincədir

Ulu öndərimiz Heydər Əliyevin obrazlı şəkildə "cənub mirvarisi" adlandırdığı Lənkəran Talış dağlarının ətəklərində, qocaman Xəzərin qızıl qumlu sahillərində boy göstərən möhtəşəm bir mayak - şəhərdir. Adının etimologiyası haradasa "lövbər salınan yer" mənasını verir. Doğrudan da, burada sanki gözəllik lövbər salıb. Bu mayakın işığına müsafirlər hər zaman həvəslə gəlirlər. Ölkəmizin subtropik "paytaxt"ıdır Lənkəran. Bu şəhər qala-abidələri, milli park və qoruqları, xiyabanları, dövlət teatrı və universiteti, kollecləri, regional televiziyası, müasir hava limanı, modern istehsal sahələri, parlaq reklamları ilə öyünür. Sovet dövründə onilliklər boyu "ümumittifaq bostanı" kimi tanınsa da, hazırda zəruri infrastrukturu formalaşan böyük bir mədəni mərkəzdir.
Lənkəran qədim diyardır. Eyni zamanda, tikilən, böyüyən bir şəhərdir. Həm zamanın tələblərinə uyğun sosial sfera yaratmaq, həm də qədimliyi, ilkinliyi qorumaq heç də asan deyil. Bu amillər yerli rəhbərliyi daim qayğılandırır. Şəhərə yeni təyin olunmuş icra hakimiyyəti başçısı Taleh Qaraşov da fəaliyyətə başladığı ilk gündən mövcud problemlərin həllinə həmin vəhdəti pozmamaq, yəni mühafizəkarlıq və çağdaşlıq balansını saxlamaq məramı ilə yanaşır. Onun Lənkəran şəhər ictimaiyyətinin nümayəndələri, rayonun fəal gəncləri və qadınları, sahibkarlarla görüşlərində, kənd və qəsəbələrdə təşkil olunan çoxsaylı səyyar qəbullarında bu məsələ dönə-dönə vurğulanıb, analoji fikir mübadilələri aparılıb.
Aprel ayında yeni rəhbərliyin rayonda keçirdiyi ilk tədbirdə - ağsaqqallarla görüşdə mən də iştirak edirdim. Öncə onlara belə bir sayğı göstərilməsindən məmnunluq bildirən ağsaqqallar çıxışlarında məhz zəngin idarəetmə təcrübəsi olan kadrlardan birinin Lənkərana göndərilməsini hamılıqla alqışladılar. Sonra onlar Lənkəranın keçmiş şöhrətini qaytarmaq, ənənələrini yaşatmaq və inkişaf etdirməklə bağlı istəklərini dilə gətirdilər, yeni rəhbərliyə ürəkdən xeyir-dua verdilər.
İş elə gətirdi ki, Lənkərana növbəti səfərimdə mən daha bir işgüzar görüşün şahidi oldum. Xanbulan kəndində səyyar qəbul keçirilirdi. Hələ Bakıda ikən Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi veb-saytından öyrəndiyimə görə, buna qədər hər iki gündən bir T.Qaraşovun bu və ya digər ərazidə işgüzar görüşləri olub. Liman şəhərində, Gərmətük, Nəriman- abad, Aşağı Nüvədi, Hirkan qəsəbələrində, Girdəni, Veravul, Vilvan kəndlərində camaatla işgüzar görüşlər bu qəbildəndir. Bir qayda olaraq səyyar qəbul və görüşlərdə müvafiq idarə və təşkilatların rəhbərləri də iştirak ediblər. Vətəndaş müraciətlərinə son dərəcə həssaslıqla yanaşılıb, cari qayğılara diqqət göstərilib, problemlərin həlli yolları birlikdə araşdırılıb. Görüşlərin ilkin nəticəsi olaraq rəhbərliyə əməli dəstək nümayiş etdirən sakinlər hər şənbə günü şəhər, kənd və qəsəbələrdə iməciliyə çıxıb, təmizlik və abadlıq işlərini can-başla həyata keçiriblər.
N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında şəhər ictimaiyyəti nümayəndələri ilə keçirilən görüş xüsusilə yaddaqalan olub. Şəhər təsərrüfatı üzrə müavin Möhübbət Babayev görülən işlər barədə qısa məlumat verib. Sonrakı çıxışlar lənkəranlıların doğma yurda əsl qayğıkeş münasibətini, qədirbilənliyini bir daha sərgiləyib. Natiqlər yol-kanalizasiya çəkilişi, bina fasadlarının qaydaya salınması, küçələrin işıqlandırılması, bəzi yollara asfalt çəkilişinin sürətləndirilməsi, arx və kanalların davamlı təmizlənməsi, yaradılanların qorunub-saxlanması kimi məsələlərdən bəhs ediblər. İcra hakimiyyətinin başçısı çıxışların heç birinin diqqətsiz qalmayacağını söyləyib və bəzi planlarını da açıqlayıb. Məsələn, deyib ki, tezliklə şəhərdə Dövlət Bayrağı Meydanı, Gənclər Mərkəzi tikiləcək. İstifadəsiz qalmış hərbi hissə ərazisində sosial obyektlər salınacaq, infrastruktur yaradılacaq. Məhəllə və mikrorayonlarda kiçik parklar, uşaq-əyləncə guşələri, xeyir-şər evləri inşa olunacaq.
Rəhbərlik maraqlı görüşlərdən birini də Vilvan kəndində çaybecərənlərlə keçirib. Ənənəvi sahədə yığımın başlandığı vaxta təsadüf edən görüş İlyas Əliyevin fermer təsərrüfatında baş tutub. Təcrübəli mütəxəssis deyib ki, bir neçə il öncə bərpa etdiyi çay plantasiyasından bu il bol məhsul gözlənilir. Qocaman sahibkar gəlirli sahənin inkişafı ilə bağlı təkliflərini də söyləyib.
İcra hakimiyyətinin başçısı öz növbəsində vaxtilə ulu öndərin aqrar sahəyə yüksək diqqət göstərməsi və hazırda dövlət səviyyəsində çayçılığın inkişafı üçün mühüm sənədlərin qəbul edilməsi barədə fikirlərini çatdırıb. Lənkəran çayının şöhrətinin bərpası istiqamətində məqsədyönlü tədbirlər görüldüyünü bildirib. Çaybecərənlərin cari qayğıları ilə maraqlanıb...
Bu dəfə də iştirakçılarla dolu olan zalda "açıq mikrofon"a həm inam dolu, nikbin tonlu fikirlər, həm də adamları narahat edən məsələlər çıxarıldı. Qismən şəxsi, əsasən ümumi qayğılar önə çəkildi. Hüquq-mühafizə orqanlarının, ayrı-ayrı xidmət sahələri rəhbərlərinin də görüşə dəvət olunmaları məsələlərə aydınlıq gətirmək, şikayətləri operativ araşdırmaq baxımından özünü bir daha doğrultdu.
Əvvəlcə inzibati ərazi dairəsinin nümayəndəsi Faiq Köçəriyev və Xanbulan bələdiyyəsinin sədri Kazım Məmmədov abadlıq-quruculuq işləri barədə məlumat verdilər. Sonra sakinlər regional inkişaf Dövlət Proqramının uğurlarını qeyd etməklə bərabər, vacib saydıqları konkret məsələlərdən danışdılar. Xanbulan sakini Bayram Bağırov hələ 1960-cı ildə tikilmiş uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğunu söylədi. Daşdatük dini icmasının sədri Şahid Babayev 6 kilometrlik kənd yolunun və sel sularından zədələnmiş körpünün bərpası məsələsini qaldırdı. Bürcəli kənd sakini Həsənbala Qardaşov işıq dirəklərinin və naqillərin köhnəliyindən şikayət etdi. Müəllim Əliağa Lətifov son aylarda Lənkəranda başlanmış abadlıq işlərini təqdir elədi, onun həmkarı Məryəm Quliyeva isə uyğunlaşdırılmış binada yerləşən Xanbulan kənd orta məktəbi üçün yeni bina tikilməsini istədi. Digərləri pay torpaqlarının bölünməsində, ünvanlı dövlət sosial yardımlarının müəyyənləşdirilməsində rast gəldikləri çətinliklərdən, "Azfilial"da əvvəllər mövcud olmuş mənzil istismar sahəsinin ləğvindən sonra ərazidən məişət tullantılarının daşınmamasından, bəzi kəndarası yolların bərbad vəziyyətindən danışıb kömək dilədilər. Bu yaxınlarda əraziyə təbii qaz xəttinin çəkilişinə başlanmasından razılıq edənlər daha çox oldu. Onlar bu vacib məsələnin, nəhayət, həllini tapmasına görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər. İnam ifadə olundu ki, qalan məsələlərə də tezliklə diqqət yetiriləcək.
İcra hakimiyyətinin başçısı Taleh Qaraşov səslənən fikir, təklif və xahişlərə münasibətini bildirdi. Bəzilərinin elə yerindəcə həllinə göstəriş verdi. Bütün söylənilənlərin qeyd edildiyini və qarşıdakı fəaliyyət dövründə mütləq nəzərə alınacağını vəd etdi. Son illər ölkədə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, Azərbaycanın regionda vahid liderlik mövqeyini durmadan möhkəmləndirməsindən danışan natiq möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin əsasında insan amilinin durduğunu konkret faktlarla diqqətə çatdırdı. Sonra rayon rəhbəri tanışlıq xarakteri daşıyan bu kimi işgüzar görüşlərin əhəmiyyətini önə çəkərək bir daha vurğuladı ki, məsələlər mərhələ-mərhələ, amma sürətlə həll ediləcək.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında