Millətimizin şərəf və ləyaqət tarixi

Dövlətçilik tariximiz - iftixar yerimiz, müasir və qüdrətli Azərbaycan - qürur mənbəyimiz, qələbə müjdəli gələcəyimiz - məqsəd və hədəfimizdir. Əsrlər boyu xalqımız müstəqil dövlət və istiqlaliyyət arzuları ilə yaşamışdır. XIX əsrin ortalarında milli məktəbin, milli mətbuatın və milli teatrın təşəkkülü mədəniyyətimizi daha da zənginləşdirmiş, xalqımızın vətənpərvərlik hisslərini gücləndirmişdir.
1847-ci ildə dünyada ilk dəfə olaraq Azərbaycanda neftin sənaye üsulu ilə çıxarıldığı gündən başlanan iqtisadi yüksəliş ölkənin siyasi həyatına və mədəni inkişafına da böyük təsir göstərmiş, milli dirçəliş ruhu vüsət almış, istiqlal ideyasının reallaşması üçün zəmin yaranmışdı. XX əsrin əvvəllərində dünyada gedən mürəkkəb geosiyasi proseslərin məntiqi nəticəsi olaraq, Azərbaycan xalqı öz arzusuna çatdı və müstəqilliyini əldə etdi. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan bu suveren dövlət qısa ömür yaşasa da, milli dövlətçilik ənənələrimizin bərpasında müstəsna rol oynadı.
Sovet İttifaqının tərkibində olduğu son 30 ildə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etdi. Dahi öndər Heydər Əliyevin rəhbərliyi və xalqımızın gərgin əməyilə qüdrətli iqtisadi potensial yaradıldı. Bu illərdə Azərbaycanda yüzlərlə yeni istehsal müəssisəsi açıldı, zavod və fabriklər istifadəyə verildi, neftçıxarma və neft emalı, neft kimyası və maşınqayırma kompleksi, qara və əlvan metallurgiya, energetika və dağ mədən sənayesində, aqrar sektorda böyük uğurlar qazanıldı. Bütün bunlar, həmçinin həmin illərdə təhsil, elm və mədəniyyətdə əldə olunmuş böyük nailiyyətlər sayəsində hazırkı müstəqilliyimizin bünövrəsi qoyuldu.
1991-ci ilin avqust ayının 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Bəyannamə, həmin ilin oktyabr ayının 18-də "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Bununla da XX əsrin sonlarında SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
Müstəqilliyin ilk illərində respublikada cərəyan edən mürəkkəb proseslər, xüsusilə Dağlıq Qarabağda baş verən hadisələr fonunda idarəçilik üsulunun zəifliyi, siyasi səriştəsizlik halları cəmiyyətə parçalayıcı təsir göstərir, separatizm meyllərinin güclənməsi üçün zəmin yaradırdı. Azərbaycan yalnız 1993-cü ilin böhranlı yayında - ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadi dirçəliş strategiyası və azərbaycançılıq fəlsəfəsinə uyğun demokratik keçid yoluna qədəm qoydu. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. Hakimiyyətdə boşluqlar aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.
Ötən illər ərzində dövlət idarəçiliyi strukturunda əsaslı dəyişikliklər edilmiş, Milli Ordumuz, o cümlədən Azərbaycan Sərhəd Mühafizəsi formalaşdırılmış, ölkəmizin ardıcıl və dinamik inkişafı təmin olunmuşdur. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi mühüm xidməti nailiyyətlərin əldə olunmasına imkanlar yaratmışdır.
XX əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçmiş, müasir silah və texnika ilə təchiz edilmiş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə etmişdir.
Dövlət sərhədində və hərbi hissələrdə həyata keçirilmiş irimiqyaslı tikinti-quruculuq işləri sayəsində müasir sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin daha etibarlı mühafizəsi təmin olunmuşdur. Son illər ərzində Horadiz, Göytəpə, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizon kompleksləri, Sahil Mühafizəsinin yeni bazası, Akademiya, "Sərhədçi" idman-olimpiya və istirahət mərkəzləri, hərbi anbarlar, aviasiya dəstəsi, Cəlilabad rayonunda vahid tədris mərkəzi, atçılıq mərkəzi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzi, yüzlərlə sərhəd məntəqəsi və digər xidməti obyektlər istifadəyə verilmişdir. Təkcə 2011-ci ildə hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzil inşa edilmişdir və bu il bu say daha da artacaqdır.
Azərbaycan qısa zaman kəsiyində sürətli inkişaf yolu keçərək ciddi müvəffəqiyyətlər qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət nəticəsində dövlətimiz regionda lider mövqelərə nail olmuş, dünyada nüfuzlu və etibarlı tərəfdaş kimi tanınmışdır. 155 dövlətin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz, beynəlxalq müstəvidə milli maraqlarımıza cavab verən qərarların qəbul edilməsinə nail olmağımız dünya siyasətinin subyekti kimi beynəlxalq mövqelərimizi möhkəmləndirmişdir.
Bu günlərdə ölkəmizdə keçirilmiş möhtəşəm "Eurovision - 2012" mahnı müsabiqəsinin təkrarolunmaz səviyyədə təşkili dünya ictimaiyyətinin diqqət mərkəzində olmuş ölkəmizdə inkişaf və tərəqqinin, Odlar diyarının unikal təbiətinin və nemətlərinin, millətimizə xas olan qonaqpərvərlik və tolerantlıq keyfiyyətlərinin nümayişi və təbliği üçün mühüm əhəmiyyət kəsb etmişdir. Əcnəbiləri ölkə sərhədində birinci qarşılayan və sonuncu yola salan sərhəd nəzarəti məntəqələrinin əməkdaşlarının, müsabiqənin təhlükəsizliyi üzrə tədbirlərin təşkilində iştirak etmiş zabit və gizirlərin layiqli xidmətləri xüsusi qeyd olunmalıdır. 28 May - Respublika Günü ilə bağlı bayram tədbirinin Dövlət Sərhəd Xidmətinin yeni yaşayış massivində təşkil olunması təsadüfi deyil. Bu bina Azərbaycan dövlətinin öz sərhədçisinə diqqət və qayğısının növbəti göstəricisidir. Bu bina Azərbaycan sərhədçilərinin, onların ailələrinin sosial şəraitlərinə daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bilavasitə göstərişi əsasında inşa edilmiş, tam təmir olunmuş və şəxsi heyətin istifadəsinə verilmişdir. 2011-ci ilin may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti bu binalara baxış keçirmiş və görülmüş işlərə yüksək qiymət vermişdir. Builki Respublika Günü sərhədçilər üçün ikiqat bayrama çevrilimişdir.

{nl}

Məhəmməd ABBASQULİYEV, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında