AMEA İqtisadiyyat İnstitutunda akademik Əhməd Mahmudovun anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

AMEA-nın İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, akademik Əhməd Mahmudovun anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 
AMEA-dan bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları alimin məzarını ziyarət etmişlər.
Tədbirdə institutun direktoru, professor İsa Alıyev Ə.Mahmudovun mənalı ömür yolundan, səmərəli elmi fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən, İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi dövrlərdə kollektivə göstərdiyi qayğı və diqqətdən, onun təhsil və elmi-tədqiqat müəssisələrində yetişdirdiyi elmi kadrlardan, iqtisad elminə verdiyi töhfələrdən danışmışdır.
Bildirilmişdir ki, akademik Ə.Mahmudov 1958-1964-cü illərdə İqtisadiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1964-cü ildən ömrünün sonunadək bu elm mərkəzinin direktoru olmuşdur. Ə.Mahmudov 1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Ə.Mahmudovun AMEA İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində əvəzsiz xidmətləri olduğunu qeyd edən İ.Alıyev akademikin 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliyin, metodik vəsaitin müəllifi olduğunu da diqqətə çatdırmışdır. Alimin elmi axtarışlarında aqrar-sənaye inteqrasiyası, ictimai istehsalın intensivləşdirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesabı problemlərinin tədqiqi məsələlərinin əsas yer tutduğu bildirilmişdir.
Ə.Mahmudovun Azərbaycan torpağının imkanları haqqında geniş informasiyaya, ətraflı biliyə malik olduğu, Azərbaycan iqtisad elminə böyük töhfələr verdiyi, alimin qayğı və himayəsi ilə çoxsaylı elmlər namizədləri və doktorların yetişdiyi vurğulanmışdır.
Görkəmli alim və elm təşkilatçısı olan Ə.Mahmudov institutun elmi istiqamətləri hazırlanarkən Azərbaycan xalq təsərrüfatının inkişafı ilə bağlı problemlərə üstünlük vermiş, iqtisad elminin Azərbaycan xalqının mənafeyinə uyğunlaşdırılması istiqamətində cəsarətli addımlar atmışdır.
Tədbirdə Ə.Mahmudov haqqında xatirələr də söylənilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında