Fransanın bir qrup senatoru Biləsuvar rayonunun ərazisində məskunlaşmış cəbrayıllı məcburi köçkünlərlə görüşmüşdür

Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Azərbaycana gələn Fransanın bir qrupu senatoru - xanım Natali Qule, Serdon şəhərinin meri xanım Silvi Qo-Şavan, Bernay şəhərinin meri Erve More və onun həyat yoldaşı xanım Lorans More, Alzas regionunun Ali Şurasının birinci vitse-prezidenti Andre Reşart, Fransanın Milli Assambleyasının deputatı, Chalons-en Champagne şəhərinin meri Bruno Burq-Brok, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Fransanın Aşağı Normandiya regionunun Le Mon San Mişel şəhərinin meri Erik Vaniye və həyat yoldaşı xanım Laura Reyes mayın 27-də Biləsuvar rayonunun ərazisində məskunlaşmış cəbrayıllı məcburi köçkünlərlə görüşmüşlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev çıxış edərək bildirmişdir ki, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan rayonlarından biri də Cəbrayıldır.
Ərazisi 1050 kvadratkilometr, işğal zamanı əhalisinin sayı 52 min 604 nəfər, hazırda isə 65 min 542 nəfər olan Cəbrayıl rayonunun məcburi köçkünləri Azərbaycanın 58 şəhər və rayonunun 2 minə yaxın yaşayış məntəqəsində, o cümlədən 20 min nəfəri (4 min 456 ailə) 2003-2007-ci illərdə Biləsuvar rayonunun ərazisində salınmış 11 qəsəbədə məskunlaşmışdır.
Yeni salınmış qəsəbələrdə məskunlaşmış cəbrayıllılar üçün hər cür şəraitin, ərazidə bütün sosial infrastrukturun yaradıldığını vurğulayan M.Quliyev burada yaşayan əhalinin məşğulluğu və həyat tərzi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Fransa Senatında ermənilərin qondarma soyqırımı məsələsinin müzakirəsi zamanı obyektivlik nümayiş etdirən senatorlara minnətdarlığını bildirən M.Quliyev həmin müzakirələrdə daha fəal mövqe nümayiş etdirən, erməni yalanlarının, onların əsl xislətinin üzə çıxarılmasında böyük zəhməti olan xanım senator Natali Qulenin əməyini yüksək qiymətləndirmişdir.
M.Quliyev qeyd etmişdir ki, ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşmış cəbrayıllılar dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunsalar da, onlar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Məlumat verilmişdir ki, Qarabağ müharibəsində şəhid olmuş 20 min azərbaycanlının 368 nəfəri Cəbrayıl rayonundandır. Cəbrayıllılar zəbt edilmiş torpaqlarımızın azad olunması üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazırdırlar.
Fransalı senatorların müxtəlif suallarına cavab verən M.Quliyev bu yaxınlarda bir qrup fransalı deputatın Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsini pisləmişdir.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov bildirmişdir ki, rayonun ərazisində çadır şəhərciyində məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti əvvəllər çox ağır idi. Həmin dövrdə yerli əhali də məcburi köçkünlərə lazımi kömək göstərmişdir. Azərbaycan Prezidentinin böyük diqqət və qayğısı sayəsində çadır şəhərcikləri ləğv edilmiş, onların yerində hər cür infrastruktura malik gözəl və yaraşıqlı qəsəbələr salınmışdır.
Fransalı senatorlar 4 nömrəli qəsəbə klubunun qarşısında məcburi köçkünlərlə görüşərək onların qayğı və problemləri ilə maraqlanmış, xatirə şəkli çəkdirmişlər.
Şəhid anası Səkinə Quliyeva məcburi köçkünlər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək qeyd etmişdir ki, biz hamımız doğma torpaq həsrəti ilə yaşayırıq, torpaq uğrunda ölməyə də hazırıq. Dünyanın bütün analarından xahiş edirəm ki, bizə dəstək olsunlar.
Qonaqlar klubda rayonun tarixi ilə bağlı təşkil edilmiş guşədə "Cəbrayıl rayonu işğaldan əvvəl", "Çadır şəhərciyindəki həyat tərzi", "Ulu öndər Heydər Əliyevin 1998-ci ildə məcburi köçkünlərlə görüşü", "Yeni qəsəbənin tikintisi", "Çadır şəhərciklərinin sökülməsi", "Prezident İlham Əliyevin yeni salınmış qəsəbələrdə məcburi köçkünlərlə görüşü" başlıqlı fotoşəkillərlə, tarixi sənədlərlə tanış olmuş, "Xatirə kitabı"nda rayonla bağlı təəssüratlarını yazmışlar.
Klubda yerli sakinlərin iştirakı ilə keçirilən mətbuat konfransında fransalı senatorlar jurnalistlərin suallarını cavablandırmışlar.
AzərTAc-ın müxbirinin senatorlara ünvanladığı "Həmsədr ölkə kimi Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətindən razısınızmı?" sualını xanım senator Natali Qule belə cavablandırmışdır: "Əlbəttə, razı ola bilmərik, ancaq nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk qrupunda həmsədr olan başqa ölkələr də vardır".
Mətbuat konfransında fransalı senatorlar Azərbaycan-Fransa əlaqələrinin möhkəmləndirilməsi sahəsində həyata keçiriləcək layihələr barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, səfər zamanı Fransa və Azərbaycan şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması istiqamətində konkret addımlar atılmışdır. Bu sırada Gəncə, Şəmkir və Göygöl şəhərləri ilə Fransa şəhərlərinin qardaşlaşmasını qeyd etmək olar.
Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin təşkilindən razılıqlarını ifadə edən senatorlar, bunun Azərbaycanın potensialını dünyada tanıtmaq üçün geniş imkanlar açdığını diqqətə çatdırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında