Söhbət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sel və daşqın təhlükəsi ilə əlaqədar olaraq həyata keçirdiyi konkret tədbirlərdən gedir
{nl}
Zərdab rayonuna budəfəki səfərimizin məqsədi də elə bu idi: yaz-yay aylarında Kür çayında sel və daşqın təhlükəsi ilə bağlı görülmüş və hazırda davam etdirilən işlər barədə yazı hazırlamaq.
Nigarançılığımız heç də təsadüfi deyildi. Əvvəla, son vaxtlar Kür çayının səviyyəsi xeyli qalxmışdır. Digər tərəfdən, iki il əvvəl Kür və Araz çaylarında güclü sel və daşqın baş vermişdi. Təbii fəlakət zamanı neçə-neçə yaşayış məntəqəsi, yüz hektarlarla əkin sahələri su altında qalmışdı. Deməli, bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işlər daim diqqət mərkəzində olmalı, hər hansı gecikmə hallarına yol verilməməlidir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev məqsədimizi biləndə: - Respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev bir azdan rayonumuza gələcək, - dedi - daha geniş məlumatı ondan ala bilərsiniz...
Sözün düzü, bu xoş təsadüfə sevindik. Ona görə ki, belə vacib məsələni, bir rayonun timsalında məhdudlaşdırmaq düzgün olmazdı. Zakir müəllimə ilk sualım belə oldu:
- Əvvəlcə istərdik ki, 2010-cu ildə baş vermiş sel və daşqınlardan sonra həyata keçirilmiş tədbirlər barədə məlumat verəsiniz.
- Həqiqətən, 2010-cu ildə intensiv yağan yağışlar nəticəsində çaylarda suyun normadan bir neçə dəfə artıq olması bizi ciddi imtahan qarşısında qoydu. Belə ki, respublikanın ayrı-ayrı yaşayış mənətəqələri, kənd təsərrüfatı, digər istehsal və sosial sahələrlə yanaşı, o vaxt meliorasiya və irriqasiya sistemi də ciddi ziyan çəkmişdi.
Ona görə də, fəlakət baş verən ilk gündən bütün qüvvə və səyləri sel və daşqının vurduğu ziyanın qısa müddət ərzində aradan qaldırılmasına yönəltdik. Əlbəttə, vurulmuş ziyanın tam aradan qaldırılması təkcə səhmdar cəmiyyətin imkanları səviyyəsində deyildi. Respublika Nazirlər Kabineti bu məqsədlə xüsusi vəsait ayırdı.
Mən yeri gəlmişkən, ölkə Prezidenti İlham Əliyevin təbii fəlakətdən ziyan çəkmiş yerlərə səfərini, orada keçirilən operativ müşavirəni, dövlət başçısının gündəlik diqqət və qayğısını ayrıca qeyd etmək istəyirəm.
Nəticədə, mühafizə bəndlərinin 324,65 kilometr - Sabirabadda 188,45 kilometr, Salyanda 37,1 kilometr, Hacıqabulda 24,6 kilometr, Saatlıda 17 kilometr, Neftçalada 16,8 kilometr, Kürdəmirdə 11,3 kilometr, İmişlidə 10,1 kilometr, Ağcabədidə 4,9 kilometr, Zərdabda 3,7 kilometr, Şirvan şəhərində 10,1 kilometr hissəsində zəruri təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi Sarısu gölünün ətrafında və Kür çayının sahili boyunca 40 kilometr uzunluğunda torpaq bəndləri təmir etmişdir.
Ümumiyyətlə, bu gün səhmdar cəmiyyətin balansında 1595,2 kilometr uzunluğunda torpaq mühafizə bəndi vardır. Bundan 1016 kilometr Kür çayında, 127,56 kilometr Araz çayında, 451,7 kilometr isə Kür çayına qovuşan dağ çaylarındadır. Onu da əlavə edək ki, bu bəndlərin istismarı ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad rayonunda yerləşən xüsusi qurumun - Kür - Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi məşğul olur.
Sadaladığımız rəqəmlər 2010-cu ildə görülmüş işləri əks etdirir. Bu cür qabaqlayıcı tədbirlər ötən il də eyni sürət və ardıcıllıqla davam etdirilmişdir. Nazirlər Kabinetinin 7 mart 2011-ci il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Kür və Araz çayları boyunca mühafizə bəndlərinin 272,15 kilometr, o cümlədən Zərdab rayonunda 60,7 kilometr, Kürdəmirdə 56,62 kilometr, Ağcabədidə 41,75 kilometr, Salyanda 43,25 kilometr, İmişlidə 27,8 kilometr, Saatlıda 21,5 kilometr, Neftçalada 12,3 kilometr, Hacıqabulda 7,8 kilometr, Girdmançayda 4,92 kilometr məsafədə təmir-bərpa işləri yerinə yetirilmişdir. Ümumiyyətlə, ötən iki il ərzində 642,7 kilometr uzunluğunda bəndlər bərpa edilmişdir.
- Son günlər havalar tez-tez dəyişir, güclü yağışlar yağır. Bu isə sahilboyu yaşayış məntəqələrinin sakinlərində müəyyən narahatlıq yaradır. İnsanlar güclü sel və daşqın təhlükəsi ilə bağlı görülmüş işlər barədə konkret məlumat almaq istəyirlər.
- Mən onların narahatlığını başa düşürəm. Əlbəttə, təbiətlə heç kim, necə deyərlər, müqavilə bağlaya bilməz. Bununla yanaşı, qətiyyətlə deyə bilərik ki, təbiətin hər hansı şıltaqlığına qarşı mümkün olan bütün zəruri tədbirlər yüksək səviyyədə həyata keçirilir. Hər hansı həyəcan və təşvişə heç bir əsas yoxdur. Yeri gəlmişkən, deyək ki, cari ilin ötən ayları ərzində Kür çayının 107,2 kilometr, Araz çayının 43,8 kilometr, Girdmançayın 28,4 kilometr uzunluğunda bəndlərində təxirəsalınımaz təmir-bərpa işləri aparılmışdır.
Zakir Quliyevlə söhbətimizi yekunlaşdırıb konkret olaraq Zərdab rayonunda bu istiqamətdə başa çatdırılmış və hazırda davam etdirilən tədbirlərlə daha yaxından tanış olmaq istədik. Əvvəlcədən onu deyək ki, 2010-cu il Kür daşqınları zamanı ən çox zərər çəkən bölgələrdən biri də Zərdab rayonu olmuşdu. Onlarla yaşayış evi və ictimai binalar uçmuş, yüzlərlə tikili qəzalı vəziyyətə düşmüş, əkin sahələri, taxıl zəmiləri su altında qalmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində dərhal təxirəsalınmaz tədbirlər hazırlanıb həyta keçirilmişdi.
Müvafiq vəsait ayrılmış, zərər çəkmiş ailələrin siyahısı dəqiqləşdirilmişdi. O da müəyyən edilmişdi ki, uçmuş, yaxud ciddi zədə almış mənzillərin yerində yeni evlər tikmək təhlükəsizlik baxımından o qədər də məqsədəuyğun deyil. Ona görə də Zərdab - Ucar yolunun üstündə, "32 hektar" adlanan ərazidə ayrıca qəsəbə salmaq qərara alındı. Qısa müddət ərzində tikilib başa çatdırılmış bu qəsəbə hər cür müasir infrastrukturla təmin edilmişdir. Bundan başqa, təmirə və bərpaya ehtiyacı olan evlərdə də işlər sürətlə davam etdirilmiş, vətəndaşların rahat və təhlükəsiz yaşayışı təmin edilmişdir.
Yolumuz Kür çayı boyuncadır. Zərdab şəhəri də daxil olmaqla bu çay rayonun 25 yaşayış məntəqəsinin ərazisindən keçir. Başqa sözlə desək, rayonun coğrafi vəziyyəti və relyefi elədir ki, sel və daşqın təhlükəsi ilə bağlı nəzərdə tutulan tədbirlər müntəzəm xarakter almalı, ardıcıl və sistemli şəkildə qurulmalıdır. İşlərin gedişi ilə yaxından tanışlıq göstərdi ki, Kürün istənilən şıltaqlığı artıq sahilboyu sakinləri narahat etmir.
İndiyə kimi 64,4 kilometr ərazidə təmir-bərpa işləri aparılmışdır. Bəndbərkitmə tədbirləri indi də davam etdirilir. Öyrəndik ki, nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, 2012-ci ildə 15,1 kilometr məsafədə bəndbərkitmə işləri aparılmalıdır. İşlərin əksəriyyəti görülüb başa çatdırılmışdır. Körpükənd, Pərvanlı, Əlibəyli, Əlvənd, Otmanoba, İsaqbağı, Qaravəlli kəndləri ərazisində bəndbərkitmə işləri yüksək səviyyədə aparılmışdır.
Biz Kürün Sarıqaya kəndi ərazisindən keçən hissəsində Respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Sabirabad rayonunda yerləşən Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin Zərdabdakı sahə rəisi ilə görüşdük. Habil İsayev işlərin gedişi barədə bunları bildirdi:
- Havalara bel bağlamaq olmaz. Ona görə də işlərimizi etibarlı şəkildə qurur, təmir-bərpa tədbirlərini nəzərdə tutulmuş vaxtda həyata keçiririk. İndi gördüyünüz kimi, Kürün nisbətən sakit, təhlükəsiz vaxtıdır. Ancaq suların öz məcrasından çıxdığı, sahilləri aşdığı vaxtları da çox görmüşük. Hazırda isə narahatlığa heç bir səbəb yoxdur. Ona görə ki, 4 metr hündürlükdə, 8 metr enində bəndbərkimə işləri yüksək səviyyədə aparılmışdır.
İndi Sarıqaya və Körpükənd kəndləri ərazisində aparılan bəndbərkitmə işlərində 130 nəfər canlı qüvvə, 112 ədəd maşın-mexanizm iştirak edir. Hər günün sonunda burada keçirilən operativ müşavirədə yekunlaşdırılır, çatışmayan cəhətlər aşkara çıxarılır, müvafiq tədbirlər görülür.
Zərdab Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqovun verdiyi məlumata görə, rayon ərazisində yerləşən kollektor-drenaj şəbəkəsində 22 kilometr uzunluğunda, 61,8 min kubmetr lildən təmizləmə işi görülmüş, 3 hidrotexniki qurğu cari təmir edilmişdir. Cari ilin ötən ayları ərzində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Kür boyunca 244 kubmetr sahilbərkitmə işi aparılmışdır. 17 min kubmetr torpaq işi, Körpükənd və Bıcaqlı kəndləri ərazisində yeni layihə üzrə 15 kilometr məsafədə bəndlərin bərkidilməsi və hündürləşdirilməsi işi aparılmışdır.
... Kür çayı boyunca gördüklərimiz, müşahidə etdiklərimiz, əlimizdə olan arayış, fakt və rəqəmlər belə deməyə əsas verir ki, təbiətin hər hansı bir şıltaqlığı, sel və daşqın təhlükəsi bu bölgələrdə yaşayan insanları əsla narahat etmir. Ona görə ki, vaxtında hər şey dəqiq ölçülüb-biçilmiş, etibarlı şəkildə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.