Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrini dünya təcrübəsi əsasında yenidən qurur

Avropa Parlamentinin ölkəmiz haqqında qərəzli, qeyri-obyektiv qətnamə qəbul etməsi bu beynəlxalq qurumun nüfuzuna ciddi zərbə vurur
İstənilən sahədə özünəməxsus nailiyyətlər qazanan, hətta, bir neçə məsələdə rekordlara, ən yüksək uğurlara imza atan Azərbaycan Respublikasının beynəlxalq aləmdəki nüfuzu bədxahlarımızı ciddi şəkildə narahat edir. Dünya ictimaiyyəti ölkəmiz haqqında təqdiredici fikirlər söylədikcə hansısa gözəgörünməz qüvvələr yeni çirkin ssenarilər işləyir, ortaya məkrli variantlar atırlar. Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatın adından böhtan və iftiralar dolu qətnamənin yayılması isə kifayət qədər təəssüfləndirici və hətta inanılmaz bir faktdır.
Bu faktı inanılmaz edən odur ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən keçən 11 il ərzində dövlətimiz qitə miqyaslı bütün qurumlarla əməkdaşlığa daim böyük önəm verib. Qarşılıqlı inam və etimadın nəticəsidir ki, Avropa Şurası hələ 2002- ci ilin payızında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını təsdiq edən ilk beynəlxalq sənədi qəbul etmişdir. O vaxt Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri olan deputat İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seçilən ilk MDB siyasətçisi idi. Sonralar Avropa İttifaqının "Şərq tərəfdaşlığaı proqramı"nın fəal iştirakçılarından birinə çevrilən Azərbaycan Respublikası həm də Avropa Parlamenti ilə səmərəli əməkdaşlıq edir. Təsadüfi deyil ki, Avropa Parlamentinin qəbul etdiyi bir neçə qətnamədə Azərbaycanın ərazi bütövlüyünün bərpası zərurəti dəfələrlə gündəliyə gətirilib. Bu il aprel ayının əvvəlində isə Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda ilk sessiyası Bakıda keçirilib. Yəni, yuxarıda qeyd etdiyimiz kimi gənc müstəqil Azərbaycan Respublikası Avropa qurumları ilə daim əməkdaşlıq edib, bu qurumların təcrübəsinin öyrənilməsinə və respublikamızda tətbiqinə xüsusi önəm verib.
Azərbaycan dövləti ölkə daxilində demokratiyanın genişləndirilməsində, insan hüquqlarının və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin olunmasında və bir çox başqa məsələlərdə daim Avropa Parlamenti ilə məsləhətləşib və Avropa təcrübəsinə istinad edib. İndiyədək atdığımız bütün addımlar Avropa Parlamentinin gözü qarşısında olub və bu qurum tərəfindən təqdir edilib. Bəs indi nə oldu? Avropa Parlamenti mayın 24-də qəbul etdiyi qərəzli və sifarişli qətnamə ilə Azərbaycanla öz arasında olan dərin əməkdaşlıq təcrübəsini bir kənara qoyub münasibətləri heçə endirmək istəyirmi?
Əsla mümkün deyil. Çünki ulu öndər Heydər Əliyev hələ 2001-ci ilin yanvarında Avropa Şurasının mənzil qərargahı qarşısında Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimində böyük qətiyyət və cəsarətlə söyləmişdi: "Azərbaycan Avropaya nə qədər lazımdırsa, Avropa da Azərbaycana bir o qədər lazımdır". Böyük dövlət xadimi məhz həmin tədbirdə demişdi ki, Azərbaycan Avropa mədəniyyətinin inkişafına öz töhfələrini verməyə hazırdır. Yəni siyasət dahisi xatırladırdı ki, biz Avropa qurumlarına indi qəbul olunsaq da, bizim tarix boyü öz dövlətimiz, dövlətçiliyimiz, siyasətimiz, diplomatiyamız və iqtisadiyyatımız olub və indi də var.
2001-ci ilin yanvarından keçən dövrdə Azərbaycanın Avropa üçün nə qədər əhəmiyyət kəsb etdiyi ildən-ilə daha intensiv şəkildə gündəliyə gətirilib. Xüsusən, enerji sektoru və energetika sahəsi ilə bağlı keçirilən bütün qitə miqyaslı tədbirlərdə Azərbaycan Avropanın ən inanılmış və etibarlı tərəfdaşı elan edilib. Rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rol oynamaqla, qədim " İpək yolu"nun bərpasına verdiyi dəstəklə, Şanxay- London iqtisadi dəhlizini tamamlayacaq Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi üçün lazımi şəraiti yaratmaqla Avropanın daha işıqlı gələcəyi üçün xüsusi töhfələr verib. İndi isə erməni lobbisinin sifarişləri əsasında məhz Avropa qurumlarının Azərbaycana qarşı qərəzli, məkrli və şantajla böhtanla dolu bəyanat səsləndirməsi... qətiyyən anlaşılan deyil.
Qətnamə müəllifləri imzaladıqları sənədin adını düşünərkən açıq şəkildə məkr, təzyiq, böhtan və riyakarlıq elementlərinə üstünlük veriblər: "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair qətnamə." Əgər Azərbaycan Respublikasının son 10-12 ildə qeyd olunan bu sahələrin hər birində atdığı addımları Avropa qurumları, xüsusən, Venesiya Komissiyası ilə məsləhətləşibsə, onda söhbət hansı mənfi tendensiyadan gedə bilər? Bu gün 9 milyon əhalisi olan Azərbaycanda 4600-dən çox kütləvi informasiya vasitəsi fəaliyyət göstərirsə, regional telekanallar da daxil olmaqla 23 televiziya və 14 radio yayımlanırsa, burada söhbət hansı məhdudiyyətdən gedə bilər? Azərbaycanda insanların sərbəst toplaşmasına yaradılan şərait nəinki MDB məkanında, hətta Avropanın bir çox ölkələrindəkinə nisbətən qat-qat yaxşıdır. İcazə verilməmiş aksiyalara gəlincə isə ABŞ və Avropanın ən inkişaf etmiş ölkələri başda olmaqla dünyanın hər yerində belə tədbirlərin qarşısı alınır. Azərbaycanda bir qədər səbr və təmkinlə, Avropada isə zor tətbiq etməklə.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Avropa Parlamentinin Sədri Martin Şultsa göndərdiyi 25 may 2012-ci il tarixli məktubda göstərildiyi kimi, Avropada müəyyən qüvvələr Azərbaycanın sürətli inkişafına, əldə etdiyi nailiyyətlərə, həyata keçirdiyi müstəqil siyasətə qısqanclıqla yanaşır və həsəd aparırlar. Oqtay Əsədov yazır: "Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın həmin qüvvələrin təsiri altına düşməsi dərin təəssüf hissi doğurur. Lakin biz inanırıq ki, Azərbaycanı hədəfə alan bu cür aksiyalar bizi öz yolumuzdan döndərə bilməyəcək, demokratiyaya, insan hüquqlarına və azadlıqlarına, qanunun aliliyinə inamımızı sarsıtmayacaqdır."
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun fikrincə isə Avropa Parlamentinin adıçəkilən qətnaməsi təkcə qərəzli deyil, həm də sifarişlidir. Azərbaycana beynəlxalq aləmdə nüfuz gətirən çoxsaylı faktların fonunda-ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, dövlətimizin "Böyük iyirmilər"in sammitinə dəvət alması, Bakıda çoxsaylı siyasi məzmunlu və mədəni tədbirlər, xüsusən, "Avroviziya" mahnı müsabiqəsinin başa çatması fonunda bəzi qüvvələrin Azərbaycana qarşı bu şəkildə haqsızlıq etməsi anlaşılan məsələdir: "Qətnamə qeyri-ciddi və iftira xarakteri daşıyır. Bu sənəddə əks olunan məsələlərin tam əksəriyyəti təhrif edilmişdir. Qətnamənin çıxarılma vaxtı da sənədin müəyyən sifariş xarakterli olduğunu deməyə əsas verir". Yeri gəlmişkən, xatırladaq ki, qətnamə Avropa Parlamentinin təxminən 30 dəqiqə davam edən dinləmələri nəticəsində tələm-tələsik şəkildə qəbul edilib.
Görünür, sifarişçilər bu qətnamənin yoxlanılmış faktlar əsasında, normal prosedur müddətində qəbul edilməsini gözləyə bilməyiblər. Onlar Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsinin Azərbaycana gətirdiyi böyük üz ağlığı və nüfuzun Avropa ictimaiyyətinə çatması qədər bu ikrah doğuran qətnaməni görmək istəyiblər. Qoy görsünlər. Sonra başa düşəcəklər ki, kim daha çox səhv edib, sifarişçilər, yoxsa icraçılar?

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında