"Die Welt":
"Bakını nə Nyu-Yorkla, nə Tokio, nə Rio, nə London, nə də Parislə müqayisə etmək olar. Ola bilsin ki, Roma, daha doğrusu Roman Forumu, o da yalnız müəyyən saatlarda Bakıya oxşayır"
Dünya KİV-ləri Azərbaycan haqqında məqalələr dərcini davam etdirirlər.
AzərTAc alman KİV-lərində dərc olunmuş materialların icmalını təqdim edir.
"Die Welt" internet nəşrində "Bakı - odlar və işıq şəhəri" adlı məqalə çıxmışdır.
Məqalənin müəllifi Knut Teske Bakını Qərb paytaxtlarından hər hansı biri ilə müqayisəyəgəlməz dərəcədə müasir Avropa şəhəri kimi təsvir edir.
Məqalədə deyilir: "Bakını nə Nyu-Yorkla, nə Tokio, nə Rio, nə London, nə də Parislə müqayisə etmək olar. Ola bilsin ki, Roma, daha doğrusu Roman Forumu, o da yalnız müəyyən saatlarda Bakıya oxşayır".
Müəllif Bakıda gecə vaxtı binaların işıqlandırılmasına xüsusi diqqət yetirir və vurğulayır ki, turistləri heyran edən, şəhərin zənginliyini və parıltısını qabardan bu işıqlar öz gözəlliyi ilə insanı mat qoyur.
Nəşrdə Azərbaycan paytaxtında tikinti bumu, "Flame Todvers" - "Alovlu qüllələr" adlı möhtəşəm binalar kompleksindən də söhbət açılır: "İndi Bakı özünün ikinci çiçəklənmə dövrünü yaşayır".
Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılan "Alovlu qüllələr"in fotoşəkli ilə illüstrasiya edilmiş məqalənin müəllifi Bakının tarixi keçmişinə nəzər salır, XIX əsrin axırlarında başlanmış birinci neft bumu barədə söhbət açır.
Məqalədə deyilir: "Əsrlər boyu Şərqin regional mərkəzi olmuş Bakının Operası, teatrları, kitabxanaları da diqqəti cəlb edir. Dünyada istehsal edilən neft-qaz məhsullarının 0,7 faizi Azərbaycanın payına düşür. Bu, Sovet dövründə istismar edilərək əldən salınmış şəhəri gözəl bir metropoliyaya çevirmək üçün bəs etmişdir. "Eurovision" mahnı müsabiqəsi indiyə qədər çoxlarının tanımadığı Bakını reklam edəcəkdir və şəhər buna hazırdır. Azərbaycanın futbol üzrə milli yığma komandasının məşqçisi Berti Foqts öz dostlarına əvvəlcədən demişdi ki, mahnı müsabiqəsi turizm bumuna səbəb olacaqdır".
Bu məqalədə Azərbaycan dövlətinin qonşu İranı qıcıqlandıran dünyəvi modelindən də bəhs edilir. "Die Welt" yazır: "Tehran rejimi qonşu Azərbaycanda yaşayan islamçıları radikallaşdırmaq yolu ilə orada sabitliyi pozmağa çalışır". Məqalədə Dağlıq Qarabağ mövzusuna da toxunulur, xüsusi vurğulanır ki, həmin münaqişəni başlayan məhz Ermənistandır, bu fakt həmin ölkəyə heç də şərəf gətirmir.
Nəşrdə əfsanəvi alman telereportyoru Diter Krontsukerin Şərq blokuna daxil olan ölkə üçün azadlıqların yüksək səviyyəsi barədə sözləri sitat gətirilir. Məqalə digər alman jurnalisti Riçarda Kisslerdən bir sitatla tamamlanır. Kissler Avropanın təhlükəsiz paytaxtlarında əyləşib demokratiyadan dəm vuran və Azərbaycanın mürəkkəb geosiyasi reallıqlarını nəzərə almadan həmin demokratiyanı onun əyninə biçməyə çalışan avropalıların mövqeyini pisləyir.
"Die Welt"in 20 may tarixli çap versiyasında "Bakı son nöqtədir" adlı geniş icmal məqaləsi dərc edilmişdir. Tirajı 2 milyon nüsxə olan bu nəşrin əsas auditoriyası menecerlər və siyasətçilərdir. Məqalənin müəllifi Ştefan Vakvits Əsəd bəyin (Lev Nussimbaumun) yaradıcılığını peşəkar tədqiqatçısı, Höte İnstitutunun Tbilisidəki bölməsinin rəhbəridir. O, Bakının tarixini ən qədim dövrlərdən başlamış zəmanəmizə qədər hərtərəfli və elmi şəkildə təsvir edir. Məqalədə indi iqtisadi yüksəliş dövrü yaşayan şəhərin mədəni sərvətləri geniş əks etdirilir, paytaxtın memarlıq sahəsində yeni nailiyyətləri təsvir olunur.
Dini aspektə də diqqəti cəlb edən müəllif Azərbaycanda şiəliyin azad xarakter daşımasını vurğulayaraq onu İran şiəliyi ilə müqayisə edir, vurğulayır ki, Bakıda hicab örtmüş qadınlar demək olar ki, gözə dəymir. Müəllif "Eurovision" mahnı müsabiqəsinin boykot edilməsi ideyasını mənasız hesab edərək xatırladır ki, digər şiə paytaxtı Tehranda belə bir müsabiqəni keçirmək sadəcə mümkün olmazdı. İslam mədəniyyəti paytaxtlarından birində "Eurovision" mahnı müsabiqəsi keçirilməsi faktı Qərbin pop mədəniyyətini və onun ideyalarını bu ölkəyə çatdırmağa imkan yaradır. Bakı Avropanın son nöqtəsi, eyni zamanda Avropanın neft və qazla təchiz olunması üçün Rusiya tərəfindən nəzarət edilməyən yeganə dəhlizdir.
Vakvits yazır: "Bakıda toz və neft, səhra və sivilizasiya bir birinə qarışmışdır". Bakını bənzərsiz şəhərə çevirən mədəniyyətlərin unikal toplusu fikri bütün məqalənin ana xəttidir.
"Lüfthanza" jurnalının may buraxılışı Bakı şəhərinə həsr edilmişdir. İngilis və alman dillərində 10 səhifəlik məqalə bakının əlvan fotoşəkilləri ilə illüstrasiya edilmişdir. Jurnalda dərc edilmiş fotoşəkillər son illərdə Bakının memarlıq sahəsində nailiyyətlərini əks etdirir. Tirajı 400 min nüsxədən çox olan bu jurnalın əsas auditoriyası turistlər, biznesmenlər və siyasətçilərdir.
Məqalədə Azərbaycan dövlətinin dünyəvi xarakteri, alkoqollu içkilərə qadağa olmaması, küçələrdə çadralı qadınların görünməməsi xüsusi vurğulanır.
Populyar "Stern.de" internet nəşri Bakıda "Eurovision" mahnı müsabiqəsi ərəfəsində avropalı turistlərin ilk təəssüratları barədə məqalə dərc edilmişdir. Nəşr yazır: "Avropadan buraya gələn ilk qonaqlar Azərbaycan paytaxtında gördüklərindən sözün yaxşı mənasında heyrətlənmişlər: şəhər sakinlərinin qonaqpərvərliyi xüsusi diqqətə layiqdir". Nəşrin jurnalistləri vurğulayırlar: "Burada insan hüquqlarının pozulması barədə eşitdiklərimiz bizi lap əvvəldən çox neqativ ovqatda kökləmişdi, lakin bu şəhərə gələndə biz xoş bir heyrət hissi keçirdik".
Nəşrin jurnalistləri söhbət etdikləri əcnəbilərin əksəriyyəti bu qənaətə gəlmişdir: "Mən çox heyrətlənmişəm". Çoxları elə düşünürdü ki, onlar üçüncü dünyaya aid bir ölkəyə, yaxud, ən yaxşı halda tipik postsosialist şəhərinə gələcəklər. Lakin əcnəbi turistlər bunun əvəzinə palma ağacları ilə bəzədilmiş Bakı bulvarını və ən son dəbə uyğun müasir binaları görmüşlər. Şəhərin qonaqlarından biri öz təəssüratlarını bölüşərək demişdir: "Bura İspaniyada məzuniyyətdə olduğum günləri xatırladır, lakin burada daha çox təmtəraq hiss olunur".
"Stern.de" yazır: "Bakının gözəlliyi və parıltısı onun yalnız bir cəhətidir. Daha bir xüsusiyyət - sakinlərin qeyri-adi qonaqpərvərliyi və səmimiyyətidir. Buna "yuxarıdan" fərman verməklə nail olmaq mümkün deyildir. Onlar, hətta ingilis dilini yaxşı bilməsələr də, maraqla soruşurlar: "Where are you from?" (Siz haradansınız?). Görünür, sıravi azərbaycanlılar fəxr edirlər: onlar əcnəbilərə nəhayət, sübut edə bilirlər ki, onlar da Avropanın bir hissəsidirlər".
* * *
Almaniyanın ən böyük tirajlı mətbuat vasitələrindən biri olan "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc olunmuş "Xəzər dənizi sahilində şahmat oyunu" başlıqlı məqalədə Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayaraq təsviri verilir. Məqalədə deyilir ki, gələn on minlərlə qonaq, könüllü olaraq müraciət etmiş gənc azərbaycanlılar tərəfindən müşayiət olunurlar. "Volunteer" nişanı daşıyan gənclər qonaqları artıq hava limanında qarşılayırlar.
Daha sonra hava limanından şəhərə gedən yolda şəhərin diqqətəlayiq memarlıq elementləri kimi Heydər Əliyev prospekti və Heydər Əliyev Mərkəzinin adı çəkilir. Qeyd olunur ki, şəhərin mühüm hissələri - Dənizkənarı Milli Park, mərkəz və ona yaxın yerləşən binalar, körpülər, yollar və s. yüksək səviyyədə işıqlandırılır. Bildirilir ki, axşamlar xeyli sayda gənc şəhərin mərkəzinə toplaşır və onların müasir şəhərləri ilə qürur duyduqlarını görməmək olmur.
Məqalənin sonunda qeyd olunur ki, hava limanında qonaqlar şəhərdə turistlərin görə biləcəyi 57 yer və məşğuliyyətin qeyd olunduğu kitabça əldə edirlər. "57" ədədi simvolik olaraq 57-ci "Eurovision-2012" mahnı müsabiqəsinə görə seçilmişdir. Sadalanan 57 yer və məşğuliyyətin sırasında 50-ci xüsusi olaraq qeyd olunur: Xəzər dənizi sahilində İkinci Dünya müharibəsi veteranı ilə şahmat oynamaq.
"Der Spiegel" jurnalında dərc olunmuş "Ürəkləri açaq, beyinləri söndürək" adlı məqalədə mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayeva haqqında məlumat verilir və onun bu müsabiqəyə yanaşması oxucuların diqqətinə çatdırılır. Qeyd olunur ki, yüksək səviyyəli caz səsinə sahib olan Səbinə Babayeva üçün mahnı müsabiqəsi azərbaycanlılar üçün "ürəklərini bütün Avropaya açmaqdan ötrü" gözəl imkandır. Onun sözlərinə görə, mahnı yarışmasını ona görə yerində canlı olaraq izləməyə dəyər ki, qonaqlar Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu anlasınlar, Azərbaycan xalqının qonaqpərvərlik kimi xüsusiyyətləri ilə əyani tanış olsunlar və təbii ki, ifaları canlı olaraq izləsinlər. Daha sonra Səbinə Babayevanın indiyədək qazandığı musiqi uğurları və qalib gəldiyi müsabiqələr sadalanır, "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda neçə ildən bəri davam edən cəhdlərinin qısa xronologiyası verilir.
{nl}
Vüqar SEYİDOV, AzərTAc-ın xüsusi müxbiri
Berlin
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.