Şriftin ölçüsü:
26.05.2012 01:33 | Oxunma sayı: 469
2013-cü il seçkiləri mühafizəkarlar üçün çətin keçəcək
{nl}
Ötən həftə Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində yerli parlamentə keçirilən seçkilərdən sonra xristian-demokratların dediyi ilk sözlər belə oldu: iflas, məğlubiyyət, fəlakət. Çünki iqtidarda olan Xristian Demokratlar İttifaqı (XDİ) 26,3 faiz səs toplamaqla 1949-cu ildən indiyədək ən aşağı göstərici nümayiş etdirdi. Müxalifətdə olan Sosial Demokratlar Partiyası (SDP) isə qələbəsinə sevinir. 39,1 faiz səs toplayan sosial-demokratlar hökumət formalaşdırmaq imkanı qazandılar.
Almaniyalı mütəxəssislər deyirlər ki, Almaniyanın ən sıx əhali yaşayan bölgəsində XDİ-nin məğlub olması Angela Merkel hökuməti üçün yaxşı əlamət deyil. Çünki 18 milyon insanın yaşadığı Şimali Reyn-Vestfaliya vilayətində seçkilərin nəticələri Almaniyada hökm sürən siyasi əhval-ruhiyyənin əsas indikatoru hesab edilir. Mütəxəssislərin fikrincə, indi bu region da Almaniyanın solçu cəbhəsinə qoşuldu. Halbuki ötən həftəyədək Şimali Reyn-Vestfaliya vilayətində ənənəvi olaraq XDİ-i dəstələnirdi. Buna görə də, alman politoloqlar bildirirlər ki, gələn ilin sentyabr ayında keçiriləcək parlament seçkiləri öncəsində xristian-demokratlar növbəti vacib regionu itirdilər. Bundan öncə, XDİ Hamburqda, Baden-Vürtemberqdə keçirilən seçkiləri uduzmuşdu. Maraqlıdır ki, sonuncu vilayətdə XDİ Almaniya Federativ Respublikasının tarixində ilk dəfə olaraq yerli hakimiyyətlə vidalaşdı.
İstər almaniyalı, istərsə beynəlxalq analitiklər vurğulayırlar ki, kansler Angela Merkel və hökuməti solçu düşərgənin qələbə yürüşündən ciddi nəticə çıxarmalıdır. Ona görə ki, solçuların hakimiyyətə gəlməsi nəinki Almaniyada, o cümlədən bütün Avropada iqtisadi sabitliyi təhlükə altına ala bilər. Buna görə də, təsadüfi deyil ki, A.Mergel Fransada keçirilən prezident seçkilərində sonadək solçu namizədin rəqibi Nikolya Sarkozini dəstəklədi. Hətta Almaniya kanslerinin sosialist Fransua Ollandla görüşdən imtina etdiyi də məlumdur. Ancaq N.Sarkozinin məğlubiyyətindən sonra A.Merkel yeni Fransa liderinin, yəni sosialist F.Ollandın əlini sıxmağa məcbur oldu. Mühafizəkarların belə davranış nümayiş etdirmələrinin səbəbi Avropa sosialistlərinin iqtisadi proqramlarında "kəmər sıxma" siyasətinin, daha dəqiq desək, pula qənaət edilməsinə qarşı çıxır və iqtisadiyyatın stimullaşdırılmasını nəzərdə tutan dövlət proqramlarının reallaşdırılmasını məqbul sayırlar. Mühafizəkarları da məhz bu fakt, daha doğrusu, kontinental Avropada qənaət siyasətinə qarşı çıxanların sayının getdikcə artması narahat edir.
Siyasi mütəxəssislər deyirlər ki, sıravi almanın solçular tərəfə meyl etməsinin səbəblərindən biri də budur ki, müzahizəkar qanadını təmsil edən siyasi partiya seçki proqramında vacib məsələlərlə bağlı mövqeyini dəqiq izah edə bilmədi. Bəzi mətbuat vasitələri almanların ölkənin siyasi bomondunun yorğulunğundan bezdiyini yazır. Məhz bu faktoru qabardan yerli politoloqlar ehtimal edirlər ki, yuxarıda adları sadalanan vacib regionlarda seçicilər mühafizəkarların mühüm məsələlərə dair sürətlə dəyişən mövqelərinə etiraz etdilər. Alman seçicisinin əhval-ruhiyyəsinin dəyişməsini təsdiqləyən faktlardan biri də budur ki, XDİ-nin məğlub olduğu regionlarda Almaniya qanunvericiliyində ağlasığmayan dəyişikliklər (məsələn, narkotiklərin leqallaşdırılmasından tutmuş uşaqlara seçici hüququnun verilməsinədək) təklif edən "Pirat" partiyasının tərəfdar toplamasıdır. Şimali Reyn-Vestfaliya vilayəti dördüncü region oldu ki, "piratlar" yerli parlamentə düşə bildilər.
Alman politoloqları vurğulayırlar ki, belə siyasi mövqeyə malik partiya təmsilçilərinin yerli qanunvericilik orqanına seçilmələri ölkənin ənənəvi partiyaları üçün ciddi siqnaldır. İlk növbədə XDİ-nin bu təhlükəli simptomdan nəticə çıxarması məsləhət görülür. Almanların tipik siyasətçilərə yox, "Pirat" kimi siyasi partiyaya səs verməyə hazır olmaları, əlbəttə ki, ölkə üçün, eləcə də Avropa üçün yaxşı gələcək vəd etmir. Ən əsası belə siyasi iradə nümayiş etdirən elektoratı fikrini dəyişməyə məcbur etmək XDİ kimi təcrübəli və köklü partiya üçün də çətindir. Buna görə də, siyasi müşahidəçilər düşünürlər ki, 2013-cü ildə Almaniyada keçiriləcək federal seçkilər XDİ üçün çətin olacaq və Avropanın ən güclü və varlı ölkəsinin siyasi elitasının tam dəyişdiyi ölkələrin cərgəsinə qoşulacağı istisna olunmur.
{nl}
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.