Təcrübə göstərir ki, elmi-nəzəri əsaslara söykənməyən inkişafın uzunmüddətli və səmərəli olması qeyri-mümkündür. Bu mənada, son illər Azərbaycanın özünəməxsus inkişaf xüsusiyyətlərinin, milli inkişaf modelinin öyrənilməsi istiqamətində təşəbbüslərin artması da tamamilə təbii görünür: respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurmuş, milli iqtisadiyyatın inkişafı üçün yeni qanunlar qəbul olunmuş, özəlləşdirmə prosesi, vergi, torpaq islahatı demək olar ki, başa çatmışdır. Son illər infrastrukturun modernləşdirilməsi prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, güclü yanacaq-energetika kompleksi formalaşmışdır.
Sahibkarlığın milli inkişafda xüsusi çəkisi artmış, sosial problemlərin əsas qismi həllini tapmış, respublikanın dünya iqtisadi-təsərrüfat sisteminə inteqrasiyası sürətlənmiş, Azərbaycan nəinki özü, region dövlətləri üçün də etibarlı enerji təhlükəsizliyi sistemi yaratmışdır. Xüsusən də ölkəmizin 2008-2010-cu illərdə qlobal böhrandan minimum itki ilə çıxaraq makroiqtisadi göstəricilərə nail olması beynəlxalq müstəvidə müzakirələrə rəvac vermişdir. Beynəlxalq maliyyə qurumlarında maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan ölkəmizin iqtisadi inkişaf modeli özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır. Ümumiyyətlə, 2003-cü ilin ikinci yarısından ölkəyə inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsinin, investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Bütün bunlar sosial-iqtisadi sahələrin inkişafını ifadə edən gostəricilərdə də özünü qabarıq büruzə verir. Dövlət Statistika Komitəsinin 2012-ci ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəricilərinə diqqət yetirsək, bunu aydın görə bilərik. Bu ilin ötən dörd ayı ərzində ölkəmizin sosial-iqtisadi sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin inkişafını, eyni zamanda, sosial məsələlərin uğurla reallaşdırılmasını göstərir. İlin əvvəlindən keçən dörd ay ərzində 16,6 milyard manatlıq əlavə dəyər istehsal edilmiş və 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artmışdır. Ümumi daxili məhsulun 68,5 faizi məhsul istehsalı, 25,3 faizi xidmət sahələrində yaradılmış, 6,2 faizi isə məhsula və idxala xalis vergilər təşkil etmişdir. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz artmışdır. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1820 manata və ya 2314,6 ABŞ dollarına çatmışdır. Ölkəmizdə son illər sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İqtisadiyyatda inkişaf meyillərini müşahidə edərkən, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını aydın görmək mümkündür. Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məhsullarının payına düşür. Bu gün Azərbaycan sənayenin sürətli inkişafına görə MDB dövlətləri içərisində nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə rəqabətə davam gətirir.
İstehsal proseslərində yeni texnologiyaların tətbiqində, keyfiyyətli və rəqabətqabiliyyətli yerli istehsalın formalaşmasında və ölkə iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasında xüsusi əhəmiyyət kəsb etməsi, həmçinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, regionların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsində yeni sənaye müəssisələrinin yaradılması ölkəmizdə reallaşdırılan iqtisadi siyasətin prioritetlərindən hesab olunur. Statistik göstəricilərə nəzər salaq. Statistika Komitəsinin məlumatına görə, fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 12,3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 2,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 78,2 faizi mədənçıxarma bölməsində, 16,2 faizi emal bölməsində, 5,1 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,2 faiz artmışdır. Dörd ay ərzində 14,8 milyon ton neft, 6 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur. Emal bölməsində məhsul istehsalı 15,5 faiz artmış, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 2,1 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 94,5 faiz, geyim istehsalı 40,8 faiz, poliqrafiya fəaliyyəti 3,8 faiz, rezin və plastmas məmulatları istehsalı 3,1 dəfə, tikinti materialları istehsalı 14,9 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 1 faiz, hazır metal məmulatları istehsalı 87,4 faiz, kompyuterlər və digər elektron avadanlıqları istehsalı 24,3 dəfə, elektrik avadanlıqları istehsalı 3,9 dəfə, maşın və avadanlıqlar istehsalı 57,9 faiz, sair nəqliyyat vasitələri istehsalı 16,2 faiz, mebel istehsalı 3,8 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 74,5 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 5,6 faiz artmış, keçən ilki səviyyədən 9,5 faiz çox elektrik enerjisi istehsal olunmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 5 faiz artmışdır. Dinamik inkişaf kənd təsərrüfatında da müşahidə edilmişdir. Aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 263,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 22,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 18,1 min hektar sahədə dən üçün qarğıdalı, 56,1 min hektar sahədə kartof, 51 min hektar sahədə tərəvəz, 23,7 min hektar sahədə pambıq çiyidi, 18,7 min hektar sahədə bostan bitkiləri, 3,3 min hektar sahədə şəkər çuğunduru, 6,2 min hektar sahədə dən üçün günəbaxan və 807 hektar sahədə tütün əkilmişdir.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,5 faiz artaraq 137,7 min tona, süd istehsalı 4 faiz artaraq 527,4 min tona, yumurta istehsalı 11,9 faiz artaraq 384,6 milyon ədədə çatmış, ötən ildəkindən 26,3 faiz çox və ya 1866 ton yun qırxılmışdır. Bitkiçilik məhsullarından 36,4 min ton və ya 14 faiz çox tərəvəz istehsal edilmişdir.
Kənd əməkçilərinin səyi nəticəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9,5 faiz, heyvandarlıq məhsulları istehsalı 4,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4,5 faiz artmışdır.
Sözügedən dövrdə ölkəmizdə tikinti-quruculuq işləri də geniş vüsət almışdır. Belə ki, respublikada inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən yanvar-aprel ayları ərzində əsas kapitala 3,3 milyard manat, yaxud 2011-ci ilin yanvar-aprel aylarında olduğundan 24 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 1,6 milyard manatı və ya 50,1 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 2,4 milyard manatı və ya 74,7 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 23,1 faiz yüksək olmuş, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 26,6 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 21,6 faiz artaraq 1,9 milyard manat təşkil etmişdir.
Cari ildə tikintisi davam etdirilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5884,4 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuş və ötən dörd ay ərzində həmin vəsaitin 1milyard 266 milyon manatından istifadə edilmişdir. Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Dörd ay ərzində ümumi sahəsi 435,9 min kvadratmetr yaşayış evləri, Bakıda "Marriott Absheron" oteli, Gəncədə Alüminium zavodu kompleksi, Sumqayıtda "Azgüntex" müəssisəsi və Texnologiya Parkında Ağır maşınqayırma və Dəqiq emal mərkəzi zavodları, Goranboy rayonunda Şahmat məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri, Qazax rayonunda Konserv zavodu və Şahmat mərkəzi, Tovuz rayonunda "Ayan Palase" oteli, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəba-Ojakəran və Kijəba-Qəcimardə avtomobil yolları, digər obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 64,7 milyon ton yük və 494,1 milyon nəfər sərnişin daşınaraq 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 3,2 faiz və 9,2 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 7,5 faiz, hava nəqliyyatı ilə 9,7 faiz, dəniz nəqliyyatı ilə 5,8 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 9,1 faiz, metropolitenlə 10 faiz artmışdır. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 423,6 milyon manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 13,2 faiz çox rabitə xidməti göstərmişlər. Əhalinin gəlirlərində də artım nəzərə çarpmışdır. Belə ki, 2012-ci ilin dörd ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 12,6 faiz artaraq 1068,6 manata çatmış və onun 65,3 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 23,4 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir. Xarici ticarət sahəsində də müsbət göstəricilər əldə edilmişdir. Bu ilin birinci rübündə Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, xarici ölkələrlə 7,9 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 7,1 milyard dolları və ya 90,2 faizi uzaq xarici dövlətlərin, 771 milyon dolları MDB üzvü ölkələrinin payına düşmüşdür. Bu dövrdə ölkəmizdən 5,8 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,8 faiz az mal göndərilmişdir. İxrac olunmuş məhsulların 5,6 milyard dollarlığı (95,9 faizi) uzaq xarici ölkələrə, 240,2 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 7 faiz artmış və 74,3 faiz azalmışdır. Rüb ərzində ölkəmizə 2,1 milyard dolar məbləğində, o cümlədən uzaq xarici dövlətlərdən 1,5 milyard dollar, MDB üzvü ölkələrindən 530,8 milyon dollar həcmində mal idxal olunmuşdur.
Keçən ilin birinci rübü ilə müqayisədə uzaq xarici ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 16,7 faiz artmışdır. Xarici ticarət əlaqələrinin 42,7 faizi Avropa Birliyi ölkələri, 9,8 faizi MDB üzvü dövlətləri, 47,5 faizi digər ölkələrlə aparılmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 11,5 milyard dollar (o cümlədən ixrac 9,5 milyard dollar) təşkil etmişdir. Yeri gəlmişkən, sözügedən dövrdə ölkədə inflyasiya ilə bağlı vəziyyətə də nəzər salaq. Aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayına nisbətən 0,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 9 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri mart ayının səviyyəsində qalmışdır. Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-mart aylarında dövlət büdcəsinə 3,5 milyard manat vəsait daxil olmuş, büdcədən 2,8 milyard manat xərclənmiş, nəticədə ümumi daxili məhsulun 5,2 faizi qədər və ya 644,6 milyon manat məbləğində profisit yaranmışdır. Büdcə xərclərinin 1133,6 milyon manatı (39,9 faizi) iqtisadiyyatın inkişafına, 560,1 milyon manatı (19,7 faizi) sosial müdafiə və sosial təminata, 338,8 milyon manatı (11,9 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir. Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz artaraq aprel ayının 1-nə 4.3 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 2,4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1,9 milyard manat olmuşdur. Ölkənin maliyyə-kredit təşkilatları aprel ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 22,7 faiz çox və ya 10,3 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin 71,1 faizi uzunmüddətli xarakter daşımış, 6,5 faizinin ödəmə vaxtı keçmişdir.
Göründüyü kimi, ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət bu ilin ötən aylarında da sürətli inkişafa təkan vermişdir. Bunun gələcəkdə də belə olacağı şübhəsizdir. Çünki respublikamızda qarşıya qoyulan məqsədlərə çatmaq üçün güclü maliyyə mənbəyi və siyasi iradə var. Dövlət başçımızın nitqində də bu məqam xüsusi vurğulamışdır: "Mən tam əminəm ki, gələcəkdə bizi ancaq gözəl günlər gözləyir. Azərbaycan daha da inkişaf edəcək, öz gücünü daha da artıracaqdır. İyirmi illik müstəqillik onu göstərdi ki, Azərbaycan xalqı müstəqil xalq kimi yaşaya və yaxşı yaşaya bilər. Azərbaycan dövləti bu gün bölgədə sabitləşdirici amil kimi özünü təqdim edir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Son illərin təcrübəsi bunu bir daha göstərir. İqtisadi, enerji, siyasi, diplomatik, regional əməkdaşlıq məsələlərində bölgədə Azərbaycan söz sahibidir. Biz bunu yaratmışıq, biz bunu qorumalıyıq. Ölkəmizi qorumalıyıq və qoruyacağıq".
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.