"Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gənclərin gözü ilə

Ötən ayın gənclər üçün ən yadda qalan hadisəsi aprelin 25-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən "Azərbaycan - 2020: gələcəyə baxış" - "Gəncliyin düşüncələri" adlı "dəyirmi masa" nın keçirilməsi oldu.
Məlum olduğu kimi, hələ 2011-ci il noyabrın 29-da Prezident İlham Əliyev tərəfindən "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalandı. Bu mötəbər sənəddə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf hədəflərinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunması əsas götürülür. Dövlət başçısının uzaqgörənliklə verdiyi bu sərəncam Azərbaycan Respublikasının 2020-ci ilədək dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olmasını təmin etməyi planlaşdırmaqla yanaşı, bu siyasəti məqsədyönlü şəkildə həyata keçirməyi əsas xətt hesab edir.
Bildiyimiz kimi, Azərbaycanda dövlət tərəfindən aparılan uğurlu iqtisadi siyasət ölkənin inkişafına təkan vermiş, rəqabət davamlılığını artırmış, makroiqtisadi göstəricilər nəzərəçarpacaq dərəcədə artmışdır. Nəinki Cənubi Qafqazda, hətta Yaxın və Orta Şərqdə qabaqcıl texnologiyaların cəmləşdiyi, ixrac sənayesinin durmadan artdığı, böyük inşaat bumunun bütün ölkə miqyasında vüsət aldığından respublikamızın imici xeyli yüksəlmişdir. Bütün bunlarla yanaşı, Azərbaycanı 2020-ci ildə daha qlobal iqtisadi göstəricilərə sahib bir ölkə kimi, dünyanın iqtisadi resursları nəhəng olan dövlətlərlə bir arada olmasını təmin edəcək bir inkişaf konsepsiyasının hazırlanması haqqında Prezidentin sərəncamı olduqca təqdirəlayiq və düşündürücüdür. Biz inkişafa yüksək inamla və sürətlə irəliləyirik. Bunu mövcud şərait də tam şəkildə isbatlayır.
Təkcə gənclər və idman sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının miqyasına nəzər saldıqda inkişafın dinamikası aydın olur. Bu gün müstəqil Azərbaycanın 2020-ci il Yay Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi üçün öz namizədliyini irəli sürməsi "inkişafın Azərbaycan modeli" iqtisadi-siyasi termininin utopiyaya deyil, həqiqətə əsaslandığını bir daha təsdiqləyir. Artıq ən böyük idman hadisəsi sayılan Olimpiadaya yüksək hazırlıq işləri ilə bağlı təşkilat komitəsi də yaradılmışdır. Bütün ölkəboyu dünya standartlarına cavab verən idman qurğuları tikilir. Hazırda metronun "Koroğlu" stansiyası yaxınlığında 65 minlik futbol stadionu tikilir. Ölkədə 31 idman kompleksi tikilmiş, 9-u isə tikilməkdədir. Bundan əlavə, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün Bayraq meydanı yaxınlığında 25 minlik "Kristal Zalı" istifadəyə verilmişdir. Yeni Velotrek kompleksinin tikintisi üçün sahə ayrılmış və işə start verilmişdir. Bakı Tennis Akademiyası kimi möhtəşəm idman mərkəzi ərsəyə gətirilmişdir. Respublikanın əksər bölgələrində gənclər mərkəzlərinin, gənclər evlərinin tikintisinə başlanmış, bəzi rayonlarımızda bu obyektlər artıq istifadəyə verilmişdir. Bundan əlavə, Bakı Gimnastika Kompleksinin tikintisinin sürətlə aparılması, Bakı Hovuz Kompleksinin və Respublika İdman-Tibb Mərkəzinin tikintisinin nəzərdə tutulması, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulması, gənclərin yaşamaq imkanlarını genişləndirmək üçün onlara böyük həcmli ipoteka kreditlərinin ayrılması planları bu günün reallığıdır.
Bütün bunlar göstərir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı bu mötəbər sənəddən, şübhəsiz ki, bütün Azərbaycan cəmiyyəti, xalqımız yararlanacaq. Lakin cəmiyyətin aparıcı qüvvəsi sayılan ölkə gəncliyi və gələcəyimiz hesab edilən uşaqlarımız, yeniyetmələrimiz inkişaf konsepsiyasının nəticələrindən ən çox faydalanan zümrə olacaqdır. Və bu inkişaf strategiyasının məntiqi nəticəsi olaraq gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılmasını və onların inkişaf etmiş ölkələrin gəncləri ilə hər sahədə sağlam rəqabət aparmaları üçün bütün imkanların yaradılması əsas götürülür.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyələndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Bu baxımdan sözügedən tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov ilk növbədə ölkə rəhbərinin müvafiq sərəncamını bir daha tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, üç istiqaməti əhatə edəcək bu konsepsiya Azərbaycanın nəzərdə tutulan illər ərzində daha yüksək inkişafa malik dövlətə çevrilməsinə, sosial-iqtisadi həyatın daha dinamik inkişafına səbəb olacaq: "Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının, turizmin və kənd təsərrüfatının yeni modellər üzrə inkişaf etdirilməsi, insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına böyük töhfələr verəcək". Birliyin sədri daha sonra qeyd etdi ki, bu gün ölkə gündəmində daha çox müzakirə edilən bu konsepsiyanın hazırlanması təkcə dövlət qurumlarında deyil, ictimaiyyət arasında, vətəndaş cəmiyyəti institutlarında, ayrı-ayrı siyasi partiya və təşkilatların toplantılarında geniş müzakirə olunmaqdadır. Tədbirin məqsədi də məhz həmin konsepsiyanın hazırlanmasında gənclərin düşüncələrinin və təkliflərinin nədən ibarət olduğunu öyrənmək və onun ölkəmizin gələcək davamlı inkişafını təmin edən mükəmməl formada hazırlamaqdan ibarətdir. Çıxışının sonunda S.Orucov müvafiq təkliflərin daha sonra layihə şəklinə salınacağını vurğuladı.
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Fuad Muradov "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışdılar.
Gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştirakını ölkəmizin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan natiqlər qeyd etdilər ki, Azərbaycan gəncliyinin potensialının üzə çıxarılmasına, ölkə daxilində və beynəlxalq aləmdə onun fəaliyyətinə geniş yer verilməlidir. Azərbaycan 2020-ci il üçün inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşısına məqsəd qoymuşdur. Bu istiqamətdə gənclərin üzərinə böyük yük düşür. Tədbirin sonunda gənclər öz rəy və təkliflərini bildirmişlər. Bu təklifləri oxucuların nəzərinə çatdırırıq:
- İnformasiya Texnologiyaları məhsullarının istehsalı və satışının təşkil olunması ilə bağlı mərkəzin yaradılması;
- ölkəmizdə distant təhsilin tətbiqi və inkişafı ilə bağlı işlərin sürətləndirilməsi;
- elektron kitabxana sisteminin daha da təkmilləşdirilməsi və bazasının genişləndirilməsi;
- gənclərə və gənc ailələrə ipoteka kreditlərinin verilməsinin şərtlərinin asanlaşdırılması;
- ölkəmizdə gənclərin məşğulluğunun təminatı üçün sosial iş yerlərinin açılması;
- elm və təhsilə daha yüksək maliyyə vəsaiti ayırmaqla ölkəyə beyin axınının təmin olunması;
- ölkəmizin əlverişli təbiətindən yararlanmaqla ekoturizmin daha yüksək səviyyədə inkişaf etdirilməsi;
- ölkədə "uşaq interneti" layihəsinin icrasına başlanılması;
- elm sahəsində əldə edilmiş nailiyyətləri qiymətləndirmək məqsədi ilə beynəlxalq mükafatın təsis edilməsi;
- regionlarda fəaliyyət göstərən gənc sahibkarların maarifləndirilməsi tədbirlərinin həyata keçirilməsi;
- ixtisaslı kadrların regionlara yönləndirilməsi üçün işin aparılması;
- dövlət idarələrindən özəl sektora beyin axınının qarşısını almaq məqsədi ilə tədbirlərin görülməsi;
- ölkəyə yeni və birbaşa aviareyslərin açılması ilə ölkəyə turist axınının gücləndirilməsi;
- İKT sahəsində beynəlxalq təcrübənin praktik tətbiqinin gücləndirilməsi.
Göründüyü kimi, gənclərin verdiyi təkliflər planı düşündürücü və innovasiyalara hesablanmış şəkildədir. Məsələn, informasiya texnologiyaları məhsullarının istehsalı ölkədə geniş texnoloji nailiyyətlərə yol açaraq Azərbaycanın elmi-texniki mərkəzlərdən birinə çevirməyi əsas amil olaraq götürür. Distant təhsilin tətbiqi və inkişafının sürətləndirilməsi ilə bağlı təklifin təhsilə gətirəcəyi uğurlar da şübhəsizdir. Elektron kitabxana sisteminin təkmilləşdirilməsi cəmiyyətdə mütaliəyə həvəsi gücləndirəcək və intellektual inkişafı təmin edəcəkdir. Gənc ailələrə ipoteka krediti şərtlərinin asanlaşdırılması ilə bağlı təklif gənclərin yaşayış səviyyəsini yüksəltməyə, onların rahat yaşamaq hüququnu qorumağa xidmət edir. Gənclərin məşğulluğunun təmin edilməsi, sosial iş yerlərinin açılması cəmiyyətin hərəkətverici qüvvəsinin maddi rifahını yüksəltməyə hesablanır. Daha sonra, "uşaq interneti" layihəsinin icrası barədə verilən təklif xüsusi əhəmiyyətə malikdir. Xüsusilə, dövlət sektorundan özəl sektora beyin axınının qarşısını almaq üçün təklifin verilməsi düşündürücü məsələdir. Ekoturizmin inkişafı, bundan savayı turizmin inkişafı məqsədilə yeni birbaşa aviareyslərin açılması, ixtisaslı kadrların bölgələrimizə yönləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində də beynəlxalq təcrübənin tam şəkildə praktik tətbiqi işinin gücləndirilməsi və s. təkliflər İnkişaf Konsepsiyasının hazırlanmasına layiqli töhfə kimi qiymətləndirilməlidir.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin yüksək dövlət məmurlarının iştirakı ilə təşkil etdiyi bu tədbirin mahiyyəti onu göstərdi ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin müvafiq sərəncamının hazırlanmasında və icra mexanizmində iştirak etməkdə və bu məsuliyyətli vəzifəni uğurla həyata keçirməkdə israrlıdır. Ölkəmizin təşəbbüskar gənclərinin konsepsiyanın hazırlanmasında təkliflərlə çıxış etməsi bu böyük dövlət layihəsinin etibarlı gələcəyin təmin olunmasına hesablandığını bir daha təsdiqləyir.

{nl}

Anar TURAN


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında