Vesti.az saytı Bəhram Batıyevin "Hamperdink üzərində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi sözlər yazılmış idman köynəyini geyməkdən imtina etmişdir" sərlövhəli məqaləsini vermişdir. AzərTAc məqaləni təqdim edir.
"Bakıda "Eurovision" mahnı müsabiqəsinin başlanması ilə eyni vaxtda bu müsabiqəyə ev sahibliyi edən ölkəyə qarşı qarayaxma kampaniyasına rəvac verilmişdir. Əslində rəsmi Bakı Azərbaycanda bu mədəni tədbirin keçirilməsi məsələsini siyasiləşdirməməyə çağırdığına baxmayaraq, müəyyən qüvvələr ölkəmizə münasibətdə çirkin piardan çəkinmirlər. Burada ilk sıralarda Britaniyanın məşhur BBC teleradio şirkəti gedir. Lakin materialın məğzinə keçməzdən əvvəl xüsusi vurğulamaq istərdik ki, biz jurnalistlər hər kəsin öz fikrini ifadə etmək hüququna hörmət bəsləyirik və özümüz də buna hər hansı qadağa cəhdlərinə qarşı çıxış edirik. Lakin BBC-də çalışan britaniyalı həmkarlarımızın bu hərəkətləri, zənnimizcə, həmin teleradio şirkətinin redaksiya prinsiplərinin çərçivəsindən kənara çıxır. Axı beynəlxalq hüquq-müdafiə təşkilatlarından qaynaqlanan tənqidlə jurnalistlər tərəfindən səslənən tənqid tamam fərqli məsələlərdir. Onların belə fəaliyyəti başqa dövlətin vətəndaşlarının hüquqlarını müdafiə etməkdən daha çox, onun daxili işlərinə qarışmağa oxşayır.
İlk növbədə xatırlatmaq istərdik ki, "Eurovision" mahnı müsabiqəsi mövcud olduğu bütün müddətdə siyasətlə bağlı qalmaqallarla müşayiət edilir. "Eurovision"un bossları bu müsabiqəni siyasətdən təcrid etməyə nə qədər çalışsalar da, onun ətrafında dedi-qodu və qalmaqallar yaratmaq istəyənlər həmişə tapılır. Bu il həmin dedi-qodu və siyasi qalmaqalların təşəbbüsçüsü "Eurovision" mahnı müsabiqəsinin əsasını qoymuş ölkələrdən birinin - Böyük Britaniyanın KİV-ləri olmuşdur.
Məsələn, Avropa Yayımları Birliyinin rəhbəri İnqrid Delter BBC-1 teleşirkətinin "Panorama" verilişində çıxış edərək "Eurovision" müsabiqəsinin təşkilatçısı olan Bakı şəhəri ilə bu il Yay Olimpiya Oyunlarını qəbul edən London arasında müqayisə aparmışdır. Bakıda musiqi müsabiqəsinə hazırlıq dövründə Bayıl yamacında bir sıra evlərin sökülməsi, bunun sakinlər arasında narazılığa səbəb olması barədə sualın cavabında İ.Delter demişdir ki, irimiqyaslı idman və ya əyləncə tədbirləri keçirilən ölkələrdə bəzi sakinlər, əlbəttə, narazı qalır, lakin bu məqamı insan hüquqlarının pozulması kimi təqdim etmək o qədər də ədalətli olmazdı. Bakıda evlərin sökülməsi infrastruktur dəyişiklikləri ilə bağlıdır. İ.Delter vurğulamışdır ki, Londonda 2012-ci il Oyunları üçün olimpiya kompleksləri tikilərkən bəzi sahələrdən insanları köçürmək lazım gəlmiş və bu adamlar da narazılığını bildirmiş, etiraz aksiyaları təşkil etmişlər.
Verilişdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova da istinad edilmişdir. Şöbə müdiri bildirmişdir ki, Bakıda evlərin sökülməsi müsabiqə ilə bağlı deyildir. BBC-nin saytında Ə.Həsənovun bu sözləri sitat gətirilir: "Sizi inandırıram ki, hətta evləri sökülənlərin arasında və jurnalistlər arasında bundan razı və narazı olanların nisbəti 99:1 kimidir. Lakin siz mənə elə bir ölkə göstərin ki, orada insanların 100 faizi hər şeydən razı olsun".
Verilişdə, həmçinin qeyd edilmişdir ki, Azərbaycan hökumətinin bəyanatına görə, Bayıl yamacında abadlıq işləri "Eurovision" ilə əlaqədar deyildir və üç il bundan əvvəl qəbul edilmiş şəhərsalma layihəsinə müvafiq olaraq həyata keçirilir.
Mahnı müsabiqəsində Böyük Britaniyanı təmsil edən Engelbert Hamperdinkə də təzyiq göstərmək cəhdləri olmuşdur. O, "Panorama" verilişinin aparıcısı Pol Kenyonun Azərbaycanda insan hüquqları barədə suallarına cavab verərkən özünü "tələyə salınmış" kimi hiss etmişdir. Müğənni bütün nəzakət normalarına riayət edə bilmişdir, lakin onun komandası hiddətləndiyini gizlətməmişdir. Hamperdinkin agenti Kris Hyulet aparıcı Kenyona ünvanlanmış elektron məktubda yazmışdır: "İstəyirəm biləsiniz ki, "Panorama"nın Hamperdinki tələyə salmaq və onun fikirləşməsinə vaxt vermədən reaksiyasını öyrənmək cəhdləri hamımızı çox heyrətləndirmiş və hiddətləndirmişdir". Məktubda daha sonra deyilir: "Biz BBC-nin "Eurovision" barədə söhbət getməli olduğu proqramına dəvət edilmişdik. Buna görə də BBC-nin digər redaksiyasının belə hərəkəti ən azı düşünülməmiş addımdır".
Hyuletin hiddətlənməsinin səbəbini başa düşmək çətin deyil, çünki hətta BBC-nin nizamnaməsində siyasi və ya ictimai xadimi, hər hansı vətəndaşı müəyyən məsələyə dair müsahibəyə dəvət etmək və ona tamam başqa xarakterli suallar ünvanlamaq qeyri-etik və yolverilməz hesab edilir. Populyar "Mirror" qəzeti yazmışdır ki, hətta korporasiyanın özündə də bəzi adamlar bu verilişə ciddi etiraz bildirmişlər. Görünür, etiraz edənlər "Panorama" verilişində əvvəlki qalmaqallı halları yaxşı xatırlayan əməkdaşlardır.
Əlamətdar haldır ki, mətbuat sahəsində çox ciddi qanunları ilə fərqlənən Böyük Britaniyada BBC ona qarşı qaldırılmış məhkəmə iddialarının demək olar ki, hamısını uduzmuşdur. Bu da məlumdur ki, BBC "xala" həmin iddialar üzrə cərimə və kompensasiyaların təqribən 90 faizini məhz "Panorama"nın aparıcılarının "dəcəllik" etmələrinə görə ödəmişdir. Bəzi ekspertlərin fikrincə, bir neçə il bundan əvvəl həmin verilişin efir vaxtının bir saatdan azaldılaraq yarım saata endirilməsi məhz bununla bağlıdır.
Onu da qeyd edək ki, Britaniya mətbuatında Azərbaycanın tənqid edilməsi barədə bir sıra analitik materiallar dərc olunmuşdur. Məsələn, bəzi bloqqerlər soruşurlar: bu gün Azərbaycan hökumətini fəal tənqid edənlər "Eurovision" müsabiqəsi başqa ölkələrdə keçirilən vaxt insan hüquqları mövzusundan nə üçün yan keçirdilər? Bloqqerlərdən biri isə acı kinayə ilə yazır ki, bütün bunlar Britaniya müğənnilərinin "Eurovision" mahnı müsabiqəsində daim uğursuz çıxış etmələrinin nəticəsidir. O yazır: "Əgər biz bu dəfə də qalib gəlməsək, özümüzə onunla təsəlli verəcəyik ki, bütün Avropa bizə nifrət edir".
BBC reportyorları estrada veteranının şənbə günü Bakıda çıxışı ərəfəsində də ondan əl çəkmirlər. Rusiya KİV-lərinin verdiyi məlumata görə, 76 yaşlı Engelbertə üzərində "Please release them!" sözləri yazılmış idman köynəyi geyməsini təklif etmişlər. (Hamperdinkin çox məşhur olan "Please release me" hiti ilə analoji olan bu sözlər ingiliscədən "Xahiş edirik, onları buraxın!" kimi tərcümə edilir.
İngilis jurnalistlər müğənnini israrla təhrik edirlər ki, o, Bakıda Azərbaycan hökumətindən "siyasi məhbuslar"ın buraxılması barədə xahişlərlə bağlı şüarlar, çağırışlar yaysın. Engelbert bu təklifin cavabında susmuşdur. Yalnız BBC-nin reportyorları müğənnini çıxış vaxtı güdərək kameranı birbaşa onun öz üstünə yönəldəndə "baba" öz fikrini söyləmiş, daha doğrusu, sadəcə olaraq ... şərhlərdən imtina edərək çıxıb getmişdir.
Britaniya jurnalistləri onun bu hərəkətini öz ölkəsini və onun siyasətini dəstəkləməkdən imtina etməsi kimi qiymətləndirmişlər. Ertəsi gün Londonun əsas qəzetləri "Teleqraf" və "Mirror" Hamperdinkə qarşı düşmən ruhlu çıxışlar etmişlər. Britaniyalı jurnalistlər heyrətlənmişdilər: "O, ölkəmizi biabır edir!".
Deyilənə görə, Engelbert baba əməlli-başlı həyəcanlanmışdır. O, öz hərəkətini musiqinin heç bir aidiyyəti olmayan siyasətə qarışmaq istəməməsi ilə izah etmişdir. Lakin aşkar görünür ki, ingilis müğənnini öz vətənində anlamamışlar, çünki o Azərbaycan hökumətini tənqid etmək kimi "mühüm tapşırığı" "pozmuşdur".
BBC-nin jurnalistləri Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı fəal çıxış edirlər. Lakin siyasəti müsabiqəyə qarışdırmaq nəyə gərəkdir? Azərbaycanda insan hüquqları və KİV azadlığı sahəsində bir sıra problemlər olmasını inkar etmək bizim tərəfimizdən ağılsızlıq olardı. Lakin müsabiqənin buraya nə dəxli var? Axı britaniyalılar tərəfindən bu məsələlərin beynəlxalq təşkilatlarda qaldırılması (əgər Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət onları belə ciddi narahat edirsə, hərçənd şəxsən mən buna çox şübhə edirəm) qat-qat səmərəli olardı. İndi isə belə çıxır ki, Azərbaycan və onun problemləri Britaniya jurnalistlərinin diqqətini yalnız müsabiqə ilə əlaqədar cəlb etmişdir. Belə çıxır ki, müsabiqədən sonra bu məsələlər onların vecinə olmayacaqdır! Özünə hörmət edən jurnalistlərə yaraşmayan bu hərəkət bəlkə Azərbaycan hökumətinin BBC-nin ölkəmizdə yayım tezliyindən istifadə etmək üçün lisenziyasının müddətini uzatmamasına görə qisasdır?
Riyakarlıq etməyəcəyəm: mən, bir jurnalist və öz ölkəmin vətəndaşı kimi, insan hüquqları ilə əlaqədar vəziyyətin BBC jurnalistləri tərəfindən müntəzəm işıqlandırılmasına ikiəlli tərəfdar olardım, bu şərtlə ki, onlar bununla, eyni zamanda, bir milyon soydaşımızın - Ermənistandan olan qaçqınların və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən məcburi köçkünlərin hüquqlarının işıqlandırılması məsələsində də eynilə bu cür prinsipial mövqe tutsunlar. Lakin məgər bu, belədirmi? Məgər BBC-də Dağlıq Qarabağın işğalına görə Ermənistanı pisləyən, artıq 24 il müddətində bir milyon azərbaycanlının hüquqlarının pozulmasına görə təqsirin çox hissəsinin üzərinə düşdüyü baronessa Koksun mövqeyini pisləyən verilişlər hazırlanırmı? BBC-dən olan həmkarlarımız "Eurovision" müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti tənqid etməklə bərabər, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyon azərbaycanlının öz evlərindən qovulması problemi barədə susmaqla birtərəfli mövqe tuturlar, bu mövqeni başa düşmək və dəstəkləmək qeyri-mümkündür. Əminəm ki, əgər biz öz materialımızda Argentinanın Malvin adaları ətrafında vəziyyət barədə söhbət açaraq həmin adaları Böyük Britaniyanın Folklend adlandırması və özünün xarici ərazisi hesab etməsini xatırlatmasaq, bizim britaniyalı həmkarlarımız da eynilə bu cür düşünərdilər.
Son olaraq, Bakıda keçirilən "Eurovision" müsabiqəsi çərçivəsində Azərbaycana qarayaxma kampaniyası keçirənlərə müsabiqənin icraçı direktoru Yon Ola Sandın iki il bundan əvvəl dediyi sözləri xatırlatmaq istərdim: "Müsabiqə bizim siyasət haqqında danışmağa adət etdiyimiz mənada siyasi hadisə deyildir. Hər bir ölkənin "Eurovision"da Avropanın qalan hissəsinə özünü necə göstərəcəyi onun üçün çox vacibdir. İri idman yarışları sahəsində də vəziyyət belədir. Mən hesab edirəm ki, əgər ölkə özünü ən yaxşı tərəfdən göstərmək istəyirsə, bu, çox gözəldir".
Bu gün Azərbaycan "Eurovision" müsabiqəsini öz ərazisində keçirməklə özünü ən yaxşı tərəfdən göstərmək istəyir. Bəs nə üçün ona bu cür imkan verilməsin? Bundan əlavə, "Eurovision" müsabiqəsinin lazımi səviyyədə keçirilməsi təkcə hakimiyyət orqanlarının xidməti deyildir. Minlərlə insan çalışmışdır ki, bu bayram ona ev sahibliyi edən ölkənin əsassız olaraq tənqid edilməsi ilə deyil, müsabiqənin baxımlı olması ilə yadda qalsın. Ümumiyyətlə, Azərbaycan vətəndaşları belə səviyyəli müsabiqənin bizim ölkədə keçirilməsinə yalnız sevinirlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.