Fövqəladə Hallar Nazirliyinin Zaqataladakı qərargahı bütün məsələləri nəzarətə götürüb
Ölkənin şimal-qərb bölgəsində baş verən təbii fəlakət - təxminən iki həftə davam edən zəlzələlər silsiləsi Zaqatala, Qax və Balakən rayonlarının əhalisinə çox böyük həyəcan yaşatdı. Xüsusən, mayın 18-də baş verən 6 bal gücündə zəlzələ bölgə sakinlərini daha çox qorxutmuşdu. Ancaq həm əvvəlki zəlzələlərdən, həm də adıçəkilən silkələnmədən sonra insanlar Azərbaycan dövlətini mütləq öz yanlarında gördülər.
Mayın 19-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov yenidən Zaqatalaya gəldi, Gözbarax və Mamrıx kəndlərinin əhalisi ilə görüşlər keçirdi.
Qeyd edək ki, əvvəlki təkanlar nəticəsində qəzalı vəziyyətə düşmüş bir çox evlər də mayın 18-də uçmuşdur. Ona görə də nazir əhali ilə görüşlərində qeyd etdi ki, təbii fəlakət nəticəsində uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin və sosial obyektlərin sökülməsi işlərinə başlanılıb, tikinti işlərinin aparılması üçün görülən hazırlıq sürətləndirilib. O daha sonra bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən dövlət qurumları təbii fəlakətdən zərər çəkmiş evlərin və sosial obyektlərin tezliklə bərpa olunması üçün bütün qüvvələri səfərbər ediblər. Bu işlərin çox qısa zamanda başa çatdırılacağanı söyləyən nazir dedi ki, ziyan çəkmiş bütün evlərin sakinləri çadırlarda və digər yerlərdə yerləşdirilib. Bu isə əhalinin təhlükəsizliyi naminə həyata keçirilməli olan birinci vəzifə idi.
Zəlzələdən zərər çəkmiş kəndlərdə hər gün irəliyə doğru bir addım atılır. Rayon rəhbərliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri sakinlərlə görüşür, vəziyyəti nəzarətdə saxlayır və bərpa işlərinin sürətləndirilməsi üçün aparılan hazırlıq işlərinin intensivləşdirilməsi təmin olunur. Uçmuş evlərin yenidən tikilməsi üçün fərdi yaşayış binalarının layihələrinin hazırlanması, tikinti materiallarının və texnikanın rayona daşınması sürətlə davam etdirilir. Qısa müddət ərzində nazirlik tərəfindən tikintidə istifadə olunan texnika, 140 ton sement, taxta və sair tikinti materialları gətirilib. Bu işdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi tədbirlər də təqdirəlayiqdir. Bu Cəmiyyət Zaqatalaya 20 min ədəd mişar daşı, 57 ton sement göndərib.
Dövlət Komissiyası tərəfindən 5 mindən çox evə baxış keçirilib, 1093 evin qəzalı vəziyyətdə olduğu, 864 evdə bərpa-gücləndirmə işlərinə, 1307 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyən edilib. 1810 evin yaşayış üçün qənaətbəxş olduğu bildirilib. Sosial obyektlərə baxış keçirən dövlət komissiyasının qərarı belə olub ki, həmin obyektlərin 36-sı qəzalı vəziyyətdədir, 18 obyektdə bərpa-gücləndirmə, 35 obyektdə isə təmir işlərinə ehtiyac vardır.
Qərargahda fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifovla görüşdük. Nazir müavini qeyd etdi ki, bölgədə yaradılmış qərargah yerli icra strukturları ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını təmin edir. Ancaq ilk növbədə ziyan çəkmiş əhalinin ehtiyaclarının ödənilməsi, ərzaq və digər yardımların göstərilməsi məsələsi öz həllini tapır. Mayın 9-da Zaqatalaya gələn dövlət başçımız İlham Əliyev bizə konkret şəkildə çoxlu tapşırıq vermişdi. Ancaq cənab Prezidentin ilk tövsiyəsi bu idi ki, zərər çəkmiş əhalinin ilkin ehtiyacları dərhal ödənilməlidir. Biz bu tapşırığı lazım olan şəkildə yerinə yetirmişik.
Zaqatala rayon polis şöbəsinin rəisi, polis polkovniki Arif Babayevlə söhbətimizdə öyrəndik ki, əhalinin təhlükəsizliyi baxımından öz evindən çadırlara və ya başqa yerlərə köçürülməsi sakinlərin əmlakının qorunması məsələsini bir nömrəli vəzifəyə çevirib. "Doğrudur, bu bölgənin əhalisinin oğurluq kimi əyri yollara meyli o qədər də güclü deyil. Üstəlik, belə ağır gündə heç kəs bir-birindən oğurluq etməz, - deyə Arif Babayev sözünə davam edir, - ancaq buna baxmayaraq, biz öz işimizi bütün ehtimallara qarşı ehtiyatlı tuturuq. Hamının əmlakının qorunmasına nəzarət edilir və Zaqatala polisi insanların inam yerinə çevrilib".
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zülfüqar Mahmudov qeyd etdi ki, həm mayın 7-8-də olan təkanlar, həm də 18-dəki zəlzələ bir çox adamların şok yaşamasına, stress keçirməsinə səbəb olub. Əməkdaşlarımız belə halların hamısının qarşısını alıb. Ancaq öz evində deyil, çadırlarda və başqa yerlərdə yaşayan insanların müxtəlif xəstəliklərə tutulması halları da qeydə alına bilər. Biz bunun qarşısının alınması üçün Səhiyyə Nazirliyinin verdiyi bütün tövsiyələri yüksək səviyyədə yerinə yetirməyə çalışırıq.
Mamrıx kənd sakini Vəsilə Hacıyeva ilə olan söhbətimiz də həyəcansız deyildi. Bu kənd müəlliminin də evi uçub: "Doğrusu, belə fəlakəti görməmişdik, - deyə Vəsilə xanım söyləyir, - o zaman bir qədər rahatlıq tapdıq ki, ölkə rəhbərliyi bizi tək qoymadı. Prezident İlham Əliyevin gəlib bizə baş çəkməsi, hamının dərdinə şərik olması bölgənin bütün insanlarında yüngüllük yaratdı. Prezidentin lazım olan nazirlik və idarələrə konkret tapşırıqlar verməsinin nəticəsidir ki, geridə qalan həftələrdə bir gün də olsun diqqətdən kənarda və ya tək qalmırıq. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə hər gün sakinlərin yanındadır. Ayın 18-də baş verən təkandan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov yenə də Zaqatalaya gəlmişdi. Nazirin əhali ilə görüşündə bildirildi ki, yeni tikiləcək evlərin layihəsi hazırlanır. Üstəlik, eşitdim ki, yeni evlər 9 ballıq zəlzələyə davamlı olacaq. Biz qabaqcadan dövlət başçımıza, Fövqəladə Hallar Nazirliyinə və rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk".
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə Mamrıx kəndində görüşdük. Yaradılmış Dövlət Komissiyasının üzvləri ilə birlikdə bu kənddə həyata keçiriləcək bərpa işlərinin təxmini mərhələlərini müəyyən edirdilər. Mübariz müəllim dedi ki, zərər çəkmiş evlərin və sosial obyektlərin bərpası üçün heç bir problem olmayacaq: "Çünki bu iş üçün dövlət kifayət qədər vəsait ayırıb, hələ yenə də lazım olan qədər ayrılacaq, Fövqəladə Hallar Nazirliyinin bu işdə təcrübəsi çoxdur, cənab nazirin iradəsi bu işlərin sürətləndirilməsini təmin edir, peşəkar şirkətlər dəvət olunub, Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyəti də Zaqatalada həyata keçirilən bərpa işlərinə öz töhfələrini verir. Yerli əhalinin bərpa işlərində səmimi-qəlbdən işitirakı isə hər bir zaqatalalının dövlətin dəstəyinə çevrilməsinin təzahürüdür. Bu, belə də olmalıdır, xalq öz qüdrətli dövlətinin və inandığı liderinin köməyi ilə düşdüyü ağır vəziyyətdən çıxımağı bacarır. İnanırıq ki, bütün qüvvələrin birləşməsi nəticəsində bu fəlakətin nəticələrini qısa vaxt ərzində aradan qaldıracağıq. Artıq tikinti işlərinə başlanılıb. Görürsünüzmü, çox çəkməz Zaqatala yenə də tikilən, qurulan, abadlaşdırılan, inkişaf edən bir diyara çevriləcək. Buna rayonumuzun istənilən sakini əmindir".
... Biz də əminik, Mübariz müəllim. O günlərin sevincini birlikdə bölüşəcəyik. İnşallah!
{nl}
İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.